Dövlət Statistika Komitəsi (DSK) bu ilin yanvar-sentyabr aylarında boşanma halları ilə bağlı statistikanı açıqlayıb. Məlumata görə, rayon, şəhər qeydiyyat şöbələri tərəfindən 36651 nikah və 15964 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,1-dən 4,8-ə düşüb. Hesabat dövründə boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.
Bir ildə bu qədər ailənin boşanmasına səbəb nədir?
"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova Qaynarinfo-ya açıqlamasında cəmiyyətdə baş verən hadisələrin ailələrə böyük təsiri olduğunu bildirib:
"İstəlinən ailə cəmiyyətin bir üzvüdür. Cəmiyyətdə nə baş verirsə, o ailədə özünü realizə edir. Bu gün cəmiyyətdə nə baş verir? Aqresiya, inamsızlıq, etibarsızlıq, dəyərlər sisteminin pozulması... Bu da özünü ailəyə transfer edir. Biz cəmiyyətdə bütün davranışlarımızdan, məsələn, etibar, sevgi, güvən və s. bunlar sosial şəbəkədə görünməsinə baxmayaraq öz çevrəmizdə yaxınlarımıza, qohumlarımıza bu dəstəyi verə bilmirik. İnsanlar təklənir. Bu təklikdə həm də məsuliyyəti götürmək istəmirlər. Əvvəl heç kim övladından aliment əsirgəməzdi. Qəzəb, kin, inamsızlıq, ailə münasibətlərində kök salmağa başlayıb".
Mehriban Zeynalova hesab edir ki, psixoloji gərginliklər hədsiz çoxdur:
"Bu gərginliyin fonunda insanlar özünü, münasibətlərini tənzimləyə, tərəflər bir-biri ilə dil tapa bilmir. Tərəflər asan yaşamaq istəyir. Bu asanlığı da kənarda axtarmağa çalışırlar. Birgə problemi həll etmək istəmirlər. Əvvəllər ağsaqqallar institutu, eyni zamanda bir nüfuz var idi. Nüfuzun təsiri böyük idi. Kimlərsə ehtiyat edirdi ki, hansısa yalnış davranış edər. İndi bunlar yoxdur, heç valideynlərin də nüfuzu yoxdur. Əksər vaxt deyirlər ki, uşaqların hüquqları var. Valideynə nüfuzu, valideynə hörmət və digər məsələlər isə hallanmır. İnsanlar öz nüfuzunu yumruq yolu ilə deyil, davranışları ilə qorumalıdır. Bunu edə bilmirlər. Sanki özlərini itiriblər. Ailənin qayğıları, ünsiyyət çətinliyi onları yorur".
Mehriban Zeynalova bütün bunların boşanmalara təsir göstərdiyini vurğulayıb:
"Düşünülməmiş evliliklər də var. Əvvəllər deyərdilər ki, evlilik bir ovuc torpaqdır. Əvvəlki evlilkdə münasibətlər toplusundan araşdırma var idi. Kim kimdir, hansı xüsusiyyətlərə malikdir və s. İndi bunu etmək olmur, çünki insan haqqlarına ziddir. Münasibətlər, dəyərlər toplusunun dağılması və yeni qaydaların formalaşması mütləq şəkildə ailələrə təsir göstərir".
Sədrin fikirincə, bu gün ailələr fərqli ailə modeləri ilə rastlaşır:
"Burada dayanıqlıq, etibar yoxdur. Burada sabah üçün düşünmək yoxdur, bu günü düşünüb və qərar verirlər. Dözümsüzlük, bir-birinə hörmət hissi və s. bunlar ailə münasibətlərinə öz təsirini itirib. Əgər sən ailə üzvlərinə hörmət edə bilmirsənsə orada yaşamaq mənasızdır. Bu kişi də ola bilər, qadın da. Bəzən qadınlar kişilərə hörmət etmir, eləcə də kişilər qadınlara. Ailədə qadının rolu sfıra endirilir. Ailə münasibətlərini güc mənbəyinə çeviriblər. Ailə münasibətləri birgə gücdür. Bu güc olmayanda belə hallar baş verir".
E-saglam.az