AZ

“Azərbaycan İnvestisiya Şirkəti”nin  “yaşıl” razılaşmaları

İqtisadiyyat Nazirliyinin “Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) COP29 çərçivəsində ölkənin “yaşıl” iqtisadiyyatının gücləndirilməsini şərtləndirən, dayanıqlı inkişaf və innovasiyaların təşviqinə yönələn layihələrin həyata keçirilməsi məqsədilə xarici tərəfdaşlarla bir sıra mühüm razılaşmalar imzalayıb. 

AİŞ ilə Türkiyənin “Dias Bilişim ve Teknoloji Hizmetleri A.Ş.” şirkəti arasında imzalanan Anlaşma Memorandumu Azərbaycanda plastik və şüşə qabların toplanması və depozit idarəetmə sisteminin təşkilini nəzərdə tutur. Layihə təkrar emalı stimullaşdırmaq və dairəvi iqtisadiyyata töhfə vermək məqsədi daşıyır. Depozit idarəetmə sisteminin tətbiqi ilə respublikada təkrar emal potensialının əhəmiyyətli dərəcədə artırılması gözlənilir.

İkinci Anlaşma Memorandumu AİŞ-lə Böyük Britaniyanın “Carbonbit Technologies” şirkəti arasında karbon texnologiyalarının inkişafı və kommersiyalaşdırılması sahəsində birgə iş məqsədilə imzalanıb. Layihə ilə ölkədə karbon texnologiyalarının inkişafını sürətləndirmək nəzərdə tutulub. Müasir karbontutma həllərinə investisiya yatırmaqla Azərbaycanda karbon emissiyalarını azaltmaq və iqlim dəyişmələrinə qarşı mübarizəyə töhfələr vermək qarşıya əsas məqsəd olaraq qoyulub. 

Üçüncü Anlaşma Memorandumu Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və BP-nin törəmə şirkəti “Volts” ilə imzalanıb. Sənədlə respublikada ölkənin təmiz enerjiyə keçidini gücləndirmək məqsədi daşıyan  enerji batareyası istehsalı müəssisəsinin yaradılmasına dəstək verilməsi nəzərdə tutulub.      

Bütün bunlarla bərabər, COP29 çərçivəsində “Azərbaycan İnvestisiya Şirkəti”, “SOCAR Downstream” və “Technip Energies Italy S.P.A (TEN)” tərəfindən yaradılan  “Ecostar” MMC-nin nizamnaməsi imzalanıb.

“Ecostar” MMC “Alterra” piroliz texnologiyasına əsaslanan “Tullantıların monetizasiyası” layihəsinə dair ön mühəndislik layihələndirməsi həyata keçirəcək və plastik tullantı materiallarından yararlanmaqla piroliz yağı istehsal edəcək.

Seçilən
19
6
xalqqazeti.az

7Mənbələr