AZ

Qərbi Azərbaycan İcması ölkəmizə qarşı qərəz və düşmənçiliyi pisləyib

Qərbi Azərbaycan İcması Avropa Şurasının Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasının Azərbaycan tərəfindən icrasına dair Məşvərət Komitəsinin qərəzli, siyasiləşdirilmiş və mandatından kənara çıxan Beşinci Rəyini qınayır. Bu barədə QAİ-nin bəyanatında bildirilib.

Qeyd olunub ki, Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə, mədəni irsin dağıdılması və qayıdış hüququnun pozulmasına səssiz qalmış Avropa Şurasının sözügedən qurumu öz rəyi ilə Azərbaycana qarşı şər və böhtandan ibarət mövqe sərgiləyir və azərbaycanlıları deportasiyaya məruz qoyaraq monoetnik ölkəyə çevrilmiş Ermənistana münasibətdə dəstəkləyici davranış nümayiş etdirir.

Xüsusilə, Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdış hüququnu görməzdən gələn Avropa Şurasının bu qurumunun, indi Qarabağdan köçmüş ermənilərin qayıdış hüququndan danışması etnik və dini ayrı-seçkiliyin ən bariz göstəricisidir.

Bütün bunlar isə ona dəlalət edir ki, başda Parlament Assambleyası olmaqla, Avropa Şurasının bir sıra qurumları bəzi dairələrin əlində Azərbaycana qarşı siyasi oyunlar üçün alətə çevrilib. Qərbi Azərbaycan İcması Avropa Şurasının Nazirlər Komitəsindən, sözügedən məşvərətçi qurumun Azərbaycana qarşı qəbuledilməz siyasi oyunlarına, etnik və dini ayrı-seçkiliyinə son qoymağı tələb edir.

***

“ABŞ Konqresinin irqçi düşüncəli, korrupsiyaya uğramış üzvü Frenk Pallone COP29-da iştirak üçün Azərbaycana səfəri zamanı ictimaiyyətin ona qarşı haqlı və dinc etirazını yanlış istiqamətdə təqdim etməyə və ölkəmizə böhtanlar atmağa çalışır”. Bu barədə Qərbi Azərbaycan İcmasının digər bəyanatında bildirilib.

Qeyd edilib ki, F.Pallone onilliklərdir erməni lobbisi ilə qeyri-şəffaf əlaqələr quraraq Azərbaycana və regionda sülhün bərqərar olunmasına qarşı sistematik fəaliyyət göstərir.

Bu səbəbdən Azərbaycan ictimaiyyətinin, xüsusən Ermənistanın etnik təmizləməsinə məruz qalmış şəxslərin irqçi F.Palloneyə qarşı etiraz etməsi onların ən fundamental hüququdur.

F.Pallonenin səfərdən sonra verdiyi bəyanatlar onun Azərbaycana nə iqlim dəyişikliyi konfransında iştirak, nə də dialoq məqsədilə gəldiyini açıq şəkildə göstərir. Onun məqsədi Azərbaycanda keçirilən və bütün dünya ölkələrinin toplaşdığı COP29-un uğurlarını qaralamaq, Azərbaycana zərbə vurmaq idi.

XQ

Seçilən
5
1
xalqqazeti.az

10Mənbələr