Ermənistana öz öhdəliklərini yerinə yetirmək üçün beynəlxalq təzyiq göstərilməlidir
Ermənistan torpaqlarımızın işğalı dövründə xalqımıza qarşı çoxsaylı cinayətlər törədib. Azərbaycana qarşı hərbi təcavüz zamanı dinc insanlar kütləvi qətlə yetirilib, girov götürülüb, eləcə də yaşayış məntəqələri tamamilə dağıdılıb. Eyni zamanda, müharibə dövründə itkin düşmüş minlərlə azərbaycanlının taleyi bugünədək məlum deyil.
Xalqımıza qarşı cinayətlər cəzasız qalmır
Xatırladaq ki, Birinci Qarabağ müharibəsində 3890 vətəndaşımız Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. 44 günlük Vətən müharibəsində isə 6 vətəndaşımız itkin düşüb. Torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərdə kütləvi məzarlıqlar aşkar olunub. Həmin məzarlıqlarda basdırılmış insanlar Birinci Qarabağ müharibəsində itkin düşənlərdir. Onların bəzilərinin kimliyi müəyyənləşdirilərək ailələrinə təhvil verilib və dəfn olunublar. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bu istiqamətdə davamlı olaraq işlər aparılır.
İnsanlığa qarşı törədilən bu cinayətlər cəzasız qalmamalıdır və qalmır. 44 günlük Vətən müharibəsində xalqımıza qarşı cinayətlər törətmiş ermənilərin bir qismi öz cəzalarını aldılar. Eləcə də 2023-cü ilin sentyabr ayında Qarabağda keçirilmiş antiterror tədbirləri zamanı separatçılar diz çökdürüldü, onların başçıları həbs olunaraq Bakıya gətirildilər. Bu canilər törətdikləri cinayətlərə görə cavab verəcəklər. Lakin minlərlə azərbaycanlının taleyi haqqında hələ də məlumat yoxdur. Ermənistan tərəfi bu məlumatları verməlidir. Ermənistana öz öhdəliklərini yerinə yetirmək üçün beynəlxalq səviyyədə təzyiq göstərilməlidir. Çünki itkin düşmüş azərbaycanlıların taleyi haqqında məlumat vermək rəsmi İrəvanın üzərinə götürdüyü öhdəliklər sırasındadır. Bununla belə, itkin düşmüş həmvətənlərimizin taleyi ilə bağlı dövlətimiz bütün imkanlardan istifadə edir.
XİN: İtkin düşmüş şəxslərin taleyi Azərbaycanın gündəliyində mühüm yer tutur
Belə ki, noyabrın 15-də BMT Baş Assambleyasının 3-cü komitəsi tərəfindən A/C.3/79/L.35 nömrəli, “İtkin düşmüş şəxslər” adlı qətnamə konsensusla qəbul edilib. BMT-yə üzv olan 56 ölkə qətnaməyə həmmüəllif kimi qoşulub. Azərbaycan, 2002-ci ildən etibarən hər iki ildən bir təqdim olunan bu qətnamənin əsas həmmüəllifidir. Bununla bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, qətnamədə silahlı münaqişələr nəticəsində insanların itkin düşməsinin onların ailələrinə ağır əzablar verdiyi və münaqişələrə son qoyulması səylərinə mənfi təsir göstərdiyi qeyd olunur. Qətnamədə, həmçinin itkin düşmüş şəxslərlə bağlı beynəlxalq humanitar hüququn və beynəlxalq insan hüquqlarının pozulmasına görə cəzasızlığa son qoyulmasının vacibliyi vurğulanır. Qətnamə silahlı münaqişə iştirakçısı olan dövlətləri insanların itkin düşməsinin qarşısını almaq, onların şəraitini müvafiq şəkildə araşdırmaq və taleyini müəyyən etmək üçün bütün lazımi tədbirləri görməyə çağırır. Bu il qəbul olunan qətnamədə ilk dəfə olaraq minaların itkin düşmüş şəxslərin taleyini müəyyənləşdirmək səylərinə maneə törətməsindən də narahatlıqlar ifadə olunur və dövlətləri insanların qalıqlarını təhlükəsiz şəkildə axtarmaq istiqamətində əməkdaşlıq etməyə çağırır.
Ümumiyyətlə, itkin düşmüş şəxslərin taleyi Azərbaycanın gündəliyində mühüm yer tutur. XİN-in məlumatına görə, 2023-cü ildən etibarən ölkəmiz bu məsələ ilə bağlı məlumatlılığın artırılması üçün beynəlxalq konfranslar təşkil edir. 2024-cü il oktyabrın 2-3-də Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransın Bəyannaməsi rəsmi şəkildə BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının sənədləri kimi yayılıb.
Dünyada itkin düşənlərin sayı artır
Digər tərəfdən, son illər itkin düşmüş şəxslərin axtarışı və onların kimliyinin müəyyən olunmasının səmərəliliyini əhəmiyyətli dərəcədə artıran texnoloji vasitələrdən istifadə olunur. Bu sahədə irəliləyişlərə baxmayaraq, statistik məlumatlar dünyada itkin düşənlərin sayının kəskin şəkildə artdığını və sayın 212 mindən çox olduğunu göstərir. Bu faktların fonunda BMT Baş Assambleyasının “İtkin düşmüş şəxslər” adlı qətnaməsi beynəlxalq gündəlikdə öz aktuallığını saxlayır. Ona görə də, Azərbaycan itkin düşmüş şəxslərlə bağlı problemlərin həllini tapması istiqamətində beynəlxalq səylərin səfərbər edilməsini bundan sonra da davam etdirəcək. BMT müstəvisində qəbul edilmiş sənəd də məhz bu fəaliyyətin göstəricisidir.
Nardar BAYRAMLI