AZ

(MİLLİ) RƏZALƏT komanda

Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının 2024/2025-ci illər mövsümünü əsl fiasko ilə başa vurdu.

Son olaraq Solna şəhərində İsveç yığması ilə qarşılaşan Fernando Santosun kollektivi qalib gəlib, C Liqasında qalmaq şansı əldə etmək əvəzində rüsvayçı hesabla uduzdu – 0:6.

Bir sözlə, millimiz daha bir tsikli gözlənilən uğurdan uzaq nəticələrlə başa vurdu. Bu mövsüm milli komandanın göstəriciləri yalnız xallar üzrə deyil, həm də oyun keyfiyyəti, taktiki hazırlıq və psixoloji durum baxımından məyusluq doğurdu. Bu uğursuzluğun əsas səbəbləri arasında AFFA rəhbərliyinin illərdir davam edən struktur problemləri, baş məşqçi Fernando Santosun qərarları və futbolçuların milli ruhdan məhrumluğu ön plana çıxır.

Şübhəsiz ki, Azərbaycan futbolunun illərdir davam edən problemlərinin kökündə AFFA-nın yarıtmaz idarəçilik sistemi dayanır. Köhnə rəhbərliyin dövründə futbolun inkişafı üçün ayrılan böyük maliyyə vəsaitlərinin effektli şəkildə istifadə edilməməsi, uşaq futbolunun inkişafına lazımi diqqət yetirilməməsi və regional futbol mərkəzlərinin zəif təşkili ölkə futboluna ciddi zərbə vurdu.

Yeni rəhbərliyin isə problemi həll etmək əvəzinə daha çox kosmetik dəyişikliklər etməsi vəziyyəti yaxşılaşdırmaq əvəzinə daha da pisləşdirib. Rövşən Nəcəf və komandası tərəfindən müəyyən addımlar atılsa da, bunlar strateji yanaşmadan uzaq görünür. Dediklərinə görə, aylardır strateji inkişaf planı üzərində çalışırlar. O planın nə vaxt tam hazır olacağı, nə vaxt işə salınacağı, nə vaxt nəticə verməyə başlayacağı hər kəs üçün qaranlıq olaraq qalmaqdadır.

AFFA-nın indiki rəhbərliyinin atdığın ən böyük addımlardan biri yığmamızın “sükanı arxasına” tanınmış baş məşqçi Fernando Santosun gətirilməsidir. Təbii ki, onlar portuqaliyalı mütəxəssisi Azərbaycan millisinə böyük ümidlərlə gətirmişdilər. Amma sadə azarkeşlər arasında və mediada bu təyinatın özünü doğrultmayacağını dilə gətirənlər var idi. Zaman bu ehtimalların doğru olduğunu üzə çıxardı. Santosun dövründə qeydə alınmış nəticələr də göstərdi ki, onun tətbiq etdiyi oyun sistemi milli komandanın resursları ilə uyğunlaşmır.

Fernando Santosun qurduğu müdafiə strategiyası dinamik oyun tələb etsə də, azərbaycanlı futbolçuların fiziki hazırlıq və koordinasiya səviyyəsi buna uyğun gəlmir. Elə dünənki oyun bunun ən bariz nümunəsi sayıla bilər.


***

Fernando Santosun yerli futbol mühitini dərindən anlamaması və oyunçularla psixoloji əlaqə qurmaqda çətinlik çəkməsi də milli komandaya mənfi təsir göstərməkdədir. Gəldiyi gündən etibarən özünə azərbaycanlı köməkçi götürəcəyini vurğulayan portuqal mütəxəssis nədənsə bu qərarını yubadır. Bunun acısını isə milli komanda çəkir.

Azərbaycan milli komandasının oyunlarında futbolçuların bayraq və ölkə üçün yetərli dərəcədə “can yandırmadığı” da aydın görünür. Milli atributlara bağlılığın zəif olması, oyunçuların beynəlxalq səviyyəli matçlara səthi yanaşması, məsuliyyətsizliyi yekunda belə biabırçı məğlubiyyətləri qaçılmaz edir. Təbii ki, futbolda məğlub da olmaq olar. Amma millinin indiki heyətində liderlərdən sayılan Mahir Emrelinin də dediyi kimi, “baxır necə uduzurusan”.

Ötən gecə İsveçə uduzduğumuz oyunda bəzi statistik göstəricilərə nəzər saldıqda, necə rəzil durumda olduğumuz görünür:

Topa sahibolma – 65:35
Qapıya zərbələr – 34:4
Çərçivəyə zərbələr – 14:3
Künc zərbələri – 12:1
Ötürmələr – 576:311
Dəqiq ötürmələr – 495:227

Həm belə oyuna, həm də nəticələrə görə xəcalət çəkmək lazımdır. Belə fiasko yaşamış milli komandanın üzvləri nəinki yığmadan, hətta futboldan getməlidir. Əks halda öz üzərində daha çox çalışmalı, nələrisə dəyişmək üçün cəhd etməlidir. Ayaqları əsən, topla düzgün davrana, hücum qura bilməyən, kor-koranə vurnuxan futbolçular Azərbaycan Premyer Liqasında at oynatmaqla özlərini dünyanın ən yaxşısı hesab edirlər, oynadıqları klublardan daha artıq məvacib davası aparırlar. Onların layiq olduğu qiyməti isə İsveç yığması tam çılpaqlığı ilə göstərdi.

İndi bu futbolçulardan qurulmuş milli komanda D Liqasında oynayacaq. Yəqin ki, bizdən də betər gündə olan rəqiblərlə oyunlarda çətinliklə qalib gəlib, qürrələnməyə fürsət taparlar. Vay o günə ki, yığmamız D Liqasında da belə qrup “zirzəmi”ləridə sürünsün.

İllərdir böyük pulların dövr etdiyi Azərbaycan futbolu indi UEFA Millətlər Liqası kimi bir turnirin ən zəiflərinin oynadığı D Liqasına yuvarlanmamalıdır. Futbolçularımız da dərk etməlidirlər ki, D Liqasında oynamaq ayıbdır. Hətta ondan da ayıb olan bilirsiniz nədir? Bizim milli komanda heç D Liqasında da oynamağa layiq deyil! Çünki FİFA reytinqində illərdir ilk yüzlükdən kənarda qalmış bu komanda qapazaltı statusundan qurtula bilmir ki, bilmir.


***

Təbii ki, Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı uğursuzluğu təkcə bir mövsümlük problem deyil, sistemli bir böhranın nəticəsidir. AFFA-nın rəhbərliyi uzunmüddətli strateji plan qurmalı, uşaq futbolunun inkişafına diqqət yetirməli, yerli məşqçi resurslarını artırmalı və milli ruhun tərbiyə olunmasına önəm verməlidir.

Fernando Santosun gələcəkdə komandanı necə formalaşdıracağı sual altındadır. AFFA və Santos arasında koordinasiya artmazsa, məşqçilər heyətində ən azı bir azərbaycanlı mütəxəssis yer almazsa, futbolçular öz işlərinə, xüsusilə millidə olarkən daha ciddi yanaşmazsa, uğurlar yenə də əlçatmaz qalacaq. Bu səbəbdən, Azərbaycan futbolu yalnız peşəkar yanaşma və milli birlik ruhu ilə yenidən dirçələ bilər. Ümid edək ki, AFFA-nın indiki rəhbərliyinin aylardır üzərində çalışdığı yeni strategiya futbolumuzu illərdir üzləşdiyi rəzalətdən xilas edə biləcək.

PƏRVİZ AĞAYEV

Seçilən
18
12
arena.az

10Mənbələr