“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Dünya Bankının təşkilatçılığı ilə “Dəmiryol əməliyyatlarının sürətləndirilməsi üçün etibarlı həllər” mövzusunda keçirilən tədbirdə iştirak edib.
Viral.az xəbər verir ki, tədbirdə əsas müzakirə istiqamətləri dəmiryol nəqliyyatının karbon emissiyasının azaldılması və şəhər mobilliyinə töhfəsi, dəmiryol infrastrukturunun daha da inkişaf etdirilməsinin vacibliyi olub.
Panel müzakirələrində çıxış edən ADY sədri Rövşən Rüstəmov bildirib ki, Azərbaycanda dəmiryol sahəsində iri infrastruktur layihələri əsasən dövlət vəsaiti hesabına həyata keçirilir. Belə layihələr “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də öz əksini tapıb. Bununla yanaşı, dəmiryol infrastrukturunun inkişafı məqsədilə beynəlxalq maliyyə institutlarından kreditlər cəlb edilir. Bunun üçün şirkətin maliyyə dayanıqlılığı, şəffaf fəaliyyəti, hesabatlığının olması və dövlət zəmanəti zəruridir.
Son Yazılar:
- ADY sədri panel müzakirələrində iştirak etdi
- ADY sədri dəmir yollarında etibarlı həllər mövzusunda panel müzakirələrində iştirak etdi
- Neftin qiyməti enərsə, mənfi təsirləri qarşılaya bilərik
Rövşən Rüstəmov qeyd edib ki, ADY Dünya Bankı və Asiya İnkişaf Bankı ilə səmərəli əməkdaşlıq edir. Son illərdə Azərbaycan Dəmir Yollarında aparılmış struktur islahatları, iri kapital qoyuluşlu layihələrin həyata keçirilməsi üçün icra və monitorinq mexanizmlərinin mövcudluğu, eləcə də beynəlxalq konsaltinq şirkətlərinin müsbət rəyi beynəlxalq maliyyə qurumlarının ADY ilə əməkdaşlığa maraq göstərməsinə zəmin yaradıb.
Tədbirdə çıxış edən Braziliya Nəqliyyat Nazirliyinin dayanıqlılıq üzrə katibi Kloves Benevides, Beynəlxalq Dəmir Yolları İttifaqının dayanıqlılıq üzrə direktoru Lusi Anderton və Dünya Bankının nəqliyyat sahəsi üzrə qlobal direktoru Nikolas Peltier bildiriblər ki, dəmiryol infrastrukturunun inkişafı üçün davamlı olaraq investisiya cəlb olunmalıdır, xüsusilə iqlim maliyyələşməsi kimi aktual məsələlərdə dəmiryol sahəsi kənarda qalmamalıdır. Qeyd edilib ki, dəmiryol sektorunun ətraf mühitə mənfi təsirlərin azaldılmasına töhfəsini genişləndirmək üçün daha çox innovativ həllər tətbiq olunmalıdır.
Sonda Dünya Bankı və Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyin (MIGA) hesabatları təqdim olunub. Hesabatlarda dəmir yollarına iqlim maliyyələşməsinin vacibliyi və tərəfdaş ölkələrdə bu kimi layihələrin müsbət nəticələri öz əksini tapıb.