AZ

Ağdam, Kəlbəcər və Laçının bir güllə atılmadan Azərbaycana verilməsi Vətən Müharibəsində parlaq qələbənin nəticəsi idi - TƏHLİL

Bu gün Azərbaycanda Ağdam, noyabrın 25-də isə Kəlbəcər şəhər günləri qeyd olunacaq. Bu əlamətdar günlərin təsis edilməsi 2020-ci ilin sentyabr-noyabr aylarını əhatə edən 44 günlük Vətən Müharibəsinin birbaşa nəticələrindən doğub.

Azərbaycan Ordusu tərəfindən Ermənistanın 2020-ci il sentyabrın 27-də təcavüzünə qarşı başlanan əks-hücum əməliyyatı 2020-ci il noyabrın 8-də böyük Zəfərlə başa çatdı. Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu qəbul edən Ermənistan məcburiyyət qarşısında qalaraq noyabrın 10-da kapitulyasiya aktına imza atdı.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadəlti Azərbaycan Ordusunun döyüş meydanında qazandığı qələbələr Ermənistan hakimiyyətini imzaladığı kapitulasiya aktının şərtlərində də əksini tapdı. Sənədin 2-ci bəndinə əsasən, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonunun işğal altında olan hissəsi, bəyanatın 6-cı bəndinə əsasən, 15 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonu Azərbaycana qaytarıldı.

Qeyd olunmalıdır ki, kapitulyasiya edən Ermənistan əvvəlcə Kəlbəcərin noyabrın 15-dək boşaldılacağı barədə öhdəlik götürsə də, sonradan rayon ərazisini tərk etmək üçün əlavə 10 gün möhlət istədi. Azərbaycan humanistlik göstərərk müddətin 10 gün uzadılmasına razılıq versə də, Ermənistan bir daha vandal simasını nümayiş etdirdi. Ərazidə qanunsuz məskunlaşmış ermənilər Kəlbəcəri tərk edərkən rayon ərazisində dağıntılar törətdi, binaları, evləri, tikililəri talan etdi, yandırdı, ağacları qırıb, ekoloji terrora əl atdı.

Analoji vandalizm aktları Ağdam və Laçın rayonlarında da törədildi. Bütün dünya növbəti dəfə erməni vandalizminin şahidi oldu.

Qarşı tərəfin etdiyi bütün çirkin əməllərə, törətdiyi dağıntı və vəhşiliklərə rəğmən, rayonlarımızın bir güllə atılmadan mərhələli şəkildə Azərbaycana təhvil verilməsi çox böyük tarixi uğur idi.

Bu tarixi uğurun əhəmiyyətini Prezident İlham Əliyev 2020-ci il 1 dekabr tarixində xalqa müraciətində ətraflı qeyd edib: “Xüsusilə qış mövsümünü, çətin relyefi nəzərə alsaq böyük itkilərimiz ola bilərdi. Həm Ağdam, həm Laçın, həm Kəlbəcər rayonlarının azad edilməsi işində böyük itkilərimiz ola bilərdi və böyük vaxt sərf olunacaqdı. Ona görə bizim qələbəmiz tarixi Qələbədir. Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik”.

Tarixi Zəfərdən sonra qarşıda duran əsas məsələ azad edilmiş ərazilərə məcburi köçkünlərin qaytarılmasını təmin etmək, 30 illik işğal dövründə məhv edilmiş infrastrukturu, həyati əhəmiyyətli obyektləri bərpa etmək, münasib yaşayış və iş şəraiti qurmaq, eyni zamanda azad edilmiş əraziləri iqtisadiyyatımıza reinteqrasiya etməkdən ibarət idi.

Prezident İlham Əliyevin 2022-ci il noyabrın 16-da imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam bünövrə rolunu oynadı.

2022-ci ilin 19 iyulunda Zəngilan rayonunun Ağalı kəndi ilə start götürən “Böyük Qayıdış” proqramının icrası uğurla davam edir.

Bu gün şəhər gününü qeyd edən Ağdam şəhərinə də 2025-ci ilin payızında ilk köç planlaşdırılır. Hazırda rayonun Kəngərli, Xıdırlı, Sarıcalı kəndlərində bərpa-quruculuq işləri davam edir, digər kəndlərdə layihələndirmək işləri aparılır, Ağdam şəhərinin özündə isə 66 binanın tikintisi həyata keçirilir.

Kəlbəcər şəhərinə də yaxın zamanlarda birinci mərhələ üzrə 201 ailə köçürüləcək. Bunun üçün kompleksdə dördmərtəbəli 6 binanın tikintisi sürətlə aparılır.

2026-cı ilin sonunadək azad edilmiş ərazilərimizdə 140 min keçmiş məcburi köçkünün məskunlaşacağı proqnozlaşdırılır.

Ümumilikdə, böyük tikinti meydançasını xatırladan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl artım konsepsiyasının tərkib hissəsi kimi işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi hədəflənir. Ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində görülən bu işlər böyük maddi resurslar da tələb edir.

2020-2023-cü illərdə Azərbaycan dövləti Qarabağa və Şərqi Zəngəzura 7,1 milyard ABŞ dolları dəyərində investisiya ayırıb. Qarşıdakı 4 il ərzində isə dövlət investisiyasının həcminin daha 8,6 milyard dollar artırılması gözlənilir. Və bütün bu genişmiqyaslı tikinti və bərpa-quruculuq işlərini Azərbaycan dövləti təkbaşına, öz gücü hesabına həyata keçirir. Bu fəaliyyət, görülən işlərin həcmi ötən illər ərzində dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında hərbi-siyasi, sosial-iqtisadi sahədə yürüdülən müdrik siyasət olmadan, güclü iqtisadi təməllər qoyulmadan gerçəkləşdirilə bilməzdi.

Bu gün Azərbaycan dövləti yeni regional güc mərkəzinə çevrilmək yolundadır və azad edilmiş ərazilərimizin reinteqrasiyası prosesi bu prosesə əlavə dinamika verir. Tunellərin, aeroportların, aqroparkların tikintisinə, müxtəlif infrastruktur layihələrinə ayrılan vəsaitlər, onminlərlə işçi qüvvənin bu prosesə cəlb olunması məşğulluğa da müsbət təsir göstərməklə yanaşı, gələcəkdə həmin ərazilərdə əlavə dəyərin yaranmasına, Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatının yeni inkişaf drayverinə çevrilməsi anlamına gəlir. Paralel olaraq, ölkəmizin inklüziv və dayanıqlı inkişafı üçün yeni üfüqlər açır.

Sonda onu da qeyd etmək lazımdır ki, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin özünəməxsus bir çox simvolları var. Onlar arasında, Qarabağ atlarını, Xarıbülbülü, bütövlükdə hər parçası ilə bütövlükdə bir incəsənət ansamblı olan Şuşa şəhərini və s. qeyd etmək olar. Bu simvollar arasında Kəlbəcərin məşhur “İstisu” mineral suyu da özəl yerə sahibdir. Artıq Azərbaycan rəhbərliyinin rəsmi qəbul və görüşlərində “İstisu” masada öz yerini alır.

Bu bir mənada Azərbaycan dövlətinin Vətən müharibəsində qazandığı qələbəni tərənnüm edən rəmzlərdən biri, geniş mənada isə Azərbaycan hakimiyyətinin siyasi iradəsini, dövlətimizin hərbi qüdrətini, xalqımızın bədnam qonşularımızdan fərqli olaraq dağıtmağa deyil, bərpa etmək, yaratmaq istəyinin, bütövlükdə isə dövlət-xalq birliyinin sarsılmazlığının təcəssümüdür.

APA Analytics

Seçilən
13
1
apa.az

2Mənbələr