ABŞ-dən olan bir neçə konqresmen və “hüquq müdafiəçi”si Azərbaycanda həbsdə saxlanılan erməni separatçı və terrorçuları “siyasi məhbus” adlandırırlar. Onlar erməni lobbisinin maliyyəsi və təlimatları ilə beynəlxalq hüquqa zidd olaraq ölkəmizi “etnik təmizləmə” və “müharibə cinayətləri”ndə ittiham etmək istiqamətində kampaniyaya başlayıblar.
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi ekspert Məhəmməd Əsədullazadə deyib ki, sözügedən proses həmin şəxslərin beynəlxalq terrorizmi dəstəklədiyini ortaya qoyur.
“Onlar vaxtilə İŞID və “Əl-Qaidə” terror təşkilatını yaradanların davamçılarıdır. Eyni sistem, eyni siyasət məhz Şərqə qarşı çirkin siyasətin bariz nümunəsidir. Bununla da, Azərbaycana qarşı yeni erməni terrorunu yaradılmasına rəvac verilir. Özlərini “hüquq müdafiəçisi” adlandıran bu şəxslər erməni terrorçularına “siyasi məhbus” donu geydirib, beynəlxalq hüququ heçə sayırlar, bu məsələləri gündəmə gətirməklə yalnız sülhü sabotaj edirlər. Bu kimi qərəzli kampaniyanın məqsədi Azərbaycanla Qərb arasında uçurum yaratmaqdan ibarətdir”.
M.Əsədullazadə qeyd etdi ki, artıq Ermənistan hakimiyyəti Qarabağdan könüllü gedən soydaşlarına rəsmən vətəndaşlıq verir:
“Azərbaycana qarşı bu qərəzli kampaniyanın arxasında duran ABŞ-nin bəzi konqresmenləri və Avropanın bəzi mərkəzləri rəsmi İrəvanın bu siyasətini görməzdən gəlirlər. Bu mövqe Qərbin ali insan hüquqları ilə bağlı açıqlamalarına qarşı ikrah hissi yaradır. Ruben Vardanyan və digər separatçılara “siyasi məhbus” deyənlər, Ukraynadakı separatçıları da “terrorçu” adlandırırlar. Mahiyyət və görülən iş eynidir. Separatçı və terrorçunun fərqi olmur. Görünür, Qərbin bir çox dairələri üçün yaxşı və pis separatçı-terrorçu var. Azərbaycan haqlı olaraq bu terrorçu zehniyyətə və onların müdafiə etdikləri terrorçulara ən ağır cəzanı verməlidir. Azərbaycanla Ermənistan arasında sülhü istəməyən bu qüvvələr münaqişədən milyonlarla pul qazanırlar. Beynəlxalq hüquq isə əllərində alət olaraq qalır”.
Günay