AZ

Yalçın Rəfiyev: "COP29-da qəbul edilən qərarlar Paris Razılaşmasının ikinci onilliyinə istiqamət verəcək"

Bakıda qəbul edilən qərarlar Paris Razılaşmasının ikinci onilliyinə istiqamət verəcək.

Bunu COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev nazirlərin mətbuat konfransında deyib.

“Biz Avstraliyanın Valtham Zərərlər Fondu üçün 32,5 milyon ABŞ dolları məbləğində töhfəsini yüksək qiymətləndiririk. Eyni zamanda, ABŞ-ın Koreya Texnologiya Fonduna 325 milyon ABŞ dolları məbləğində dəstək vermək qərarı əhəmiyyətli addımdır. İşlərimizi sürətləndirərkən bu cür müsbət dinamikanın qorunması vacibdir. Dünən G20 zirvəsində Braziliya prezidenti Lula da Silva Bakıya qədər olan bütün mandatların yerinə yetirilməsinin əhəmiyyətini vurğuladı. Prezident Lula da Silvanın davamlı dəstəyinə və "Troyka" tərəfdaşlığına görə təşəkkür edirik. Onun ‘bugünkü işləri sabaha saxlamaq olmaz’ mesajı isə bizim üçün önəmlidir,” - deyə Y. Rəfiyev bildirib.

Baş danışıqçı, COP29 Prezidentliyin NCQG (Yeni Kollektiv Kəmiyyət Məqsədi) və digər mühüm mandatlarla bağlı gördüyü işlərə də toxunub:
“Prezidentlik, tərəflərin həm siyasi, həm də texniki baxımdan irəliləyiş əldə etməsi üçün çoxsaylı toplantılar təşkil edib. NCQG, Paris Sazişinin 6-cı Maddə və digər mandatlarla bağlı texniki görüşlər və qeyri-rəsmi nazirlər arasında müzakirələr keçirilib. Bu prosesdə müxtəlif fikirləri birləşdirərək tərəflərə ortaq nöqtələr tapmağa kömək etmək üçün çalışmışıq. Tərəflərin razılığa gəlmək istəyini görmək bizi ruhlandırır, lakin indi ən çətin mərhələ qarşıdadır”.

Y. Rəfiyev vurğulayıb ki, COP29 çərçivəsində müzakirə olunan əsas məsələlərdən biri Prezidentlik mətnlərinin hazırlanmasıdır: “Bu mətnlərə Yeni Kollektiv Kəmiyyət Məqsədi, Ədalətli Keçid İş Proqramı, Azaldıcı Tədbirlər İş Proqramı, Qlobal Uyğunlaşma Məqsədi və BƏƏ Dialoqu daxildir. Mətnlərin gecə yarısı yayımlanması planlaşdırılır və sabah əlavə bir mətn təqdim ediləcək. Bu sənədlər bütün tərəflərin narahatlıqlarını nəzərə alan bir paket şəklində hazırlanır. Lakin bu mətnlər hələlik son deyil və müzakirələr üçün açıqdır”.

Seçilən
9
1
aznews.az

2Mənbələr