Olaylar xəbər verir ki, bu barədə İsrailin iqlim dəyişikliyi və dayanıqlı inkişaf üzrə xüsusi nümayəndəsi Gideon Behar, COP29 çərçivəsində Bakıda keçirilən sammitdə çıxış edərkən bildirib.
"Elmi məlumatlar heç vaxt bu qədər aydın olmayıb. İnsan fəaliyyəti iqlim böhranının hərəkətverici qüvvəsidir və bu, tədbirlərin görülməsi üçün ən vacib onillikdir", - deyə Behar qeyd edib və ölkələri iqlim planlarını və milli müəyyən edilmiş töhfələrini (NDC) təkmilləşdirməyə çağırıb.
İqlim danışıqlarının mürəkkəbliyini qəbul edən Behar, ümumi irəliləyişə diqqət yetirməyin vacibliyini vurğulayıb.
"Bu, planetimizi xilas etmək üçün zəruri dəyişiklikləri və irəliləyişi əldə etməyin yeganə yoludur. Hər bir ölkə emissiyaları azaltmalı, təmiz enerjiyə investisiya qoymalı və gələcəyin texnologiyalarını tətbiq etməlidir ", - deyə o bildirib.
G.Beharın sözlərinə görə, İsrail üçün iqlim dəyişikliyi ilə mübarizə seçim deyil, zərurətdir. O, ölkənin iqlim sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb, o cümlədən karbon qazı vergisinin tətbiqi və parlamentə təqdim olunan yeni iqlim qanunu.
"Biz Bakıya iqlim texnologiyaları sahəsində fəaliyyət göstərən 20 qabaqcıl şirkət gətirmişik. Bu şirkətlər İsrailin inkişaf edən iqlim innovasiyalarını təmsil edir", - deyə Behar bildirib.
Bu şirkətlərin təmiz enerji, dayanıqlı kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və su texnologiyaları kimi sahələrdə fəaliyyət göstərdiyini qeyd edən Behar, bu texnologiyaların həm İsrailə, həm də bütün dünyaya fayda gətirə biləcəyini vurğulayıb. O, beynəlxalq ictimaiyyəti gələcək nəsillər naminə iqlim dəyişikliyi ilə mübarizədə birliyə çağırıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.