AZ

Stomatoloji klinikalara hansı vergi güzəşti tətbiq olunur?

2023-cü ildən etibarən lisenziya alıb stomatoloq xidmətləri göstərirəm. Obyektdə yeni nəsil nəzarət-kassa aparatı və həmin aparata inteqrasiya edilmiş POS-terminal quraşdırmışam. Eyni zamanda 01.01.2024-cü il tarixdən könüllü ƏDV qeydiyyatındayam. 2024-cü ilin yanvar ayında ümumi dövriyyəm 20.000 manat, o cümlədən nağdsız dövriyyəm 8.500 manat olub. Bilmək istərdim ki, Vergi Məcəlləsində bu fəaliyyət üzrə güzəşt nəzərdə tutulubmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, Vergi Məcəlləsinin 2024-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi 2024-cü il 1 yanvar tarixindən 3 il müddətinə onun ƏDV üzrə vergi tutulan ümumi dövriyyəsindən çıxılır. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır. Eyni zamanda özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən, bu Məcəllənin 174.5-ci maddəsinə uyğun olaraq, ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər gəlir vergisindən azaddır.

Qeyd olunanlara əsasən, 2024-cü il yanvarın 1-dən tərəfinizdən hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyənizin 50 faizi ƏDV üzrə vergi tutulan ümumi dövriyyənizdən çıxılmaqla ƏDV hesablanır:

8.500 x 50% = 4250 manat;

(20.000 – 4.250) x18% = 2.835 manat.

Azaldılan ƏDV məbləği üzrə əldə edilən gəlirlər gəlir vergisindən azaddır.

4.250 x 18% = 765 manat.

Əsas: Vergi Məcəlləsinin 102.1.41-ci və 174.5-ci maddələri

Seçilən
8
2
fed.az

3Mənbələr