AZ

Acun İlicalıya qarşı istintaq başladılıb

İstanbul Respublika Prokurorluğu, mediaçı və "Fənərbaxça" İdman Klubunun sədr müavini Acun Ilıcalı haqqında "qanunsuz mərc oyunları reklamı və tanıtımı" ittihamı ilə istintaq başladıb. Missiya.Az Türkiyə mediasına istinadən xəbər verir ki, dünən məşhur aparıcının rəhbərlik etdiyi telekanallarda UEFA Millətlər Liqasının oyunları zamanı qanunsuz mərc oyunlarının keçirildiyi internet saytları reklam edilib. Bu səbəbdən onun sahibi olduğu TV8 kanalı və “Exxen” platforması haqqında prokurorluq tərəfindən araşdırma başladılıb.

Bu sosial mediada da gündəm olub. Acun şəxsi sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, xaricdə oynanılan matçların reklam lövhələrinin satışı ev sahibi ölkənin federasiyasına məxsusdur.

3 il əvvəl TRT-də yayımlanan milli matçda da oxşar vəziyyətin yaşandığını xatırladan Ilıcalı belə açıqlamanı verib: "İsrarla başa düşməyən, anlamaq istəməyən və ya problem istəyənlər üçün bir daha deyək. Xaricdə oynanılan matçların reklam lövhələrinin satışı ev sahibi ölkənin federasiyasına aiddir. Necə ki, Türkiyədə oynanan milli matçların reklam lövhələri Türkiyə Futbol Federasiyasına aiddir, Monteneqro-Türkiyə matçının meydançadakı reklam lövhələrinin satışı Monteneqro Futbol Federasiyası tərəfindən həyata keçirilib. TV8-in bu hadisə ilə heç bir əlaqəsi yoxdur".

Məlumat üçün vurğulayaq ki, artıq bir müddətdir Türkiyədə qanunsuz mərc oyunları şəbəkəsi və bu sistemə qoşulmuş şəxslərə qarşı tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində bir sıra məşhurlar da saxlanılıb. Həmin şəxslərdən müğənni Serdar Ortaç və teleaparıcı Mehmet Ali Erbil daha sonra məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb.

Zərintac Mayisqızı Missiya.Az

Seçilən
35
2
missiya.az

5Mənbələr