Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının VI tur oyununda İsveç yığmasına 6:0 uduzmasından sonra baş məşqçi Fernandu Santuşun istefa verməsi ilə bağlı tələblərə münasibət bildirib.
F.Mustafa Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycan futbolunun indiki vəziyyəti barədə dəfələrlə danışılıb, lakin məsələ müzakirə olunmadığına görə yaxşıya doğru heç bir dəyişiklik hiss olunmur.
“Buna görə indi Santuş nə etsin? Oturmuşdu də Portuqaliyada. Onu kim gətirib? Niyə çağırmısınız? Hər şeyin strategiyası olmalıdır. Canni De Byazi Santuşdan daha yaxşı məşqçi idi. Bunu ona görə rahatlıqla deyirəm ki, Santuşun milliyə gətirilməsinin əleyhinə olmuşam. Santuş çox dəyərli, öz karyerasını təsdiq etmiş, Avropa çempionu olmuş böyük məşqçidir. O nə edə bilər? De Byaziyə bir az imkan yaratmaq lazım idi ki, tədricən komandanı inkişaf etdirsin. İsveçlə oyun gözlənilən nəticə idi. Hələ İsveç komandası az qol vurub. Penaltini da qaçırdılar, Allah razı olsun. Onu da vursaydılar, rekord qırardılar. Hardasa, bizim rekordda 10:0 falan var. Yenə yaxşı qurtarmışıq. Bu baxımdan millinin oyunundan başqa gözlənti olması da doğru deyil. Söhbət hesabdan yox, oyundan gedir. Komanda bir qol vura bilmir. Necə ola bilər? Estoniyaya qol vura bilmir. Bir qol vurulub, o da penaltidən. Başqa cür qol vurulmayıb. Doğrudanmı bu komandada hücum - heç nə yoxdur? Top qapıya təsadüfən, küləklə salınır? Heç olmasa, dua etsinlər, topu külək aparıb qapıya salsın. Dua da edə bilmirlər. Bəs indi biz necə edək? Yəni bu, Santuşla bağlı məsələ deyil, futbolun ümumi vəziyyətidir, idarəetməsi ilə bağlı problemdir. Bu, ciddi şəkildə masaya yatırılıb müzakirə olunmalıdır. Kifayət qədər çıxış yolları var. Futbol elə şeydir ki, ona həvəskar formada baxılmaz, ağılla, zəka ilə, gələcək strategiya ilə baxılar. Dünyada yüz təcrübə var, bu təcrübələrdən biri kimi baxılar. Uşaq futbolunun inkişafı ilə bağlı “ciddi işlər” görürlər, onun nəticəsi nədir? 10-15 il qabaq uşaq futbolunda olan problem indi böyüklərdə özünü göstərir. Futbolçu Aydan gəlib düşməyəcək ki...”, - deputat bildirib.
Aytəkin Qardaşova