AZ

SENSASİYA! Bu ölkə sülh prosesinə qoşula bilər - Nazirin səfərinin PƏRDƏARXASI

Berlin növbəti dəfə təşəbbüsü ələ almaq üçün hərəkətə keçib; İrəvanda bağlı qapılar arxasındakı danışıqlardan sonra Berboku Bakıya gətirən səbəblər

COP29-dan sonra - dekabr ayında Azərbaycanla Ermənistan arasında sülh əldə olunmasına dair danışıqların növbəti mərhələsinin başlanacağı barədə açıqlamalar verilib.

Bir sıra ölkələr danışıqlarla bağlı müxtəlif təşəbbüslərlə çıxış ediblər. Ötən həftə Gürcüstan danışıqlar üçün növbəti dəfə vasitəçilik təklif etmişdi. Daha əvvəl Qazaxıstan da moderatorluq təklifini növbəti dəfə irəli sürmüşdü. Düzdür, Azərbaycan danışıqların vasitəçisiz, birbaşa keçirilməsinin tərəfdarıdır, çünki bu daha effektiv ola bilər. Ancaq xoş təşəbbüslər olarsa, onlar da geri çevrilmir.

Annalena

Bu arada, Almaniyanın xarici işlər naziri Annalena Berbok noyabrın 19-da Ermənistana işgüzar səfər edib.

“Yeni Müsavat” erməni mediasına istinadən bildirir ki, Almaniyanın xarici işlər naziri Annalena Barbokun noyabrın 19-da İrəvana səfəri çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüş keçirilib. Bu barədə Respublika Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunur ki, Ararat Mirzoyan və Annalena Berbok iki ölkə arasında tərəfdaşlığın daha da inkişaf etdirilməsi imkanlarını, bu istiqamətdə demokratik dəyərlərə əsaslanan daimi addımları, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsində qarşılıqlı maraqları müzakirə ediblər. Mövcud reallıqlarda müvafiq sahələrdə daha sıx əməkdaşlığın vacibliyi vurğulanıb. Ermənistan və Almaniyanın xarici işlər nazirləri Ermənistan-Aİ tərəfdaşlığı gündəliyinin geniş spektrini ətraflı müzakirə edərək, son dövr ərzində əldə edilmiş nailiyyətlərə, cari proqramlara, eləcə də əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə toxunublar. Nazir Mirzoyan vurğulayıb ki, Ermənistan-Aİ tərəfdaşlığının yeni gündəliyi kifayət qədər iddialıdır və həm əməkdaşlıq təcrübəsinə, həm də gələcək inkişaf konsepsiyasına əsaslanır. Tərəflər çoxtərəfli platformalarda əməkdaşlığı da müzakirə ediblər.

Ararat Mirzoyan və Annalena Berbok regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. Cənubi Qafqazda sabitliyin təmin edilməsi kontekstində tərəflər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər. Nazir Mirzoyan bu prosesdə son hadisələri, o cümlədən sülh müqaviləsi layihəsinin yekunlaşdırılması istiqamətində görülən işləri təqdim edərək, müqavilənin imzalanmasının vacibliyini vurğulayıb.

Ermənistan XİN rəhbəri Ermənistanın sülh gündəliyinin mühüm tərkib hissəsi kimi regional kommunikasiyaların bloklanması məsələsinə konstruktiv yanaşmasını, eləcə də daha geniş coğrafiya ilə iqtisadi qarşılıqlı əlaqənin stimullaşdırılmasını vurğulayıb.

Qeyd edək ki, Ermənistan XİN-in görüş öncəsi açıqlamasında Mirzoyanın alman həmkarı ilə təkbətək görüşəcəyi, ardınca isə geniş tərkibdə danışıqların olacağı açıqlanmışdı. Maraqlıdır ki, XİN bu barədə yalnız səfərin başlanmasından bir neçə saat əvvəl mediaya xəbər verib. Maraqlısı isə səfər zamanı mətbuata açıqlamaların olmayacağı barədə qeyddir. A.Berbokun erməni nazirlə təkbətək görüşdə nələri müzakirə etdiyi təbii ki, tam açıqlanmır.  

Yayılan məlumatlarda o da bildirilib ki, A.Berbokun Ermənistandan sonra (mümkündür ki, 20 noyabrda) Azərbaycana da səfəri gözlənilir.

Olaf

Qeyd edək ki, noyabrın 10-da kansler Olaf Şolts Azərbaycan Prezidentinə zəng etmişdi. O, Almaniyada yaranmış siyasi vəziyyətə görə Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransının liderlər sammitində iştirak edə bilməyəcəyini təəssüflə bildirmişdi. Kansler Olaf Şolts COP29 iqlim konfransının uğurla keçməsinin əhəmiyyətinə toxunaraq Almaniyanın yeni maliyyə hədəfinin əldə edilməsi üçün lazımi dəstək göstərəcəyini deyib. Kansler Şolts Almaniyanın Azərbaycanla Ermənistan arasında sülhün və mehriban qonşuluq münasibətlərinin qurulmasını dəstəklədiyini qeyd edib və bu xüsusda ölkəsinin tərəfləri cəsarətli addımlar atmağa çağırdığını bildirmişdi.

Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi və onun əsasını təşkil edən prinsiplərin təşəbbüskarının Azərbaycan olduğunu deyərək, Ermənistanın konstitusional əsasda ölkəmizə qarşı ərazi iddialarının hələ də qalmaqda olduğunu bildirib. Dövlətimizin başçısı Ermənistanın sənədin mətni üzrə təkliflərini xeyli gecikdirməsinin prosesə mənfi təsir etdiyini xatırladıb, amma buna baxmayaraq, tərəflərin sənədin mətni üzrə yekun razılaşma əldə etməyə yaxın olduğunu və COP başa çatdıqdan sonra danışıqların davam etdiriləcəyini vurğulamışdı.

Yeri gəlmişkən, 2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə Qarabağla bağlı panel müzakirələrini unutmamışıq. Eyni zamanda bu il, fevralın 17-sində Münxendə Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kansler Olaf Şoltsü, həmçinin Almaniya tərəfinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında əldə olunan razılaşmanı da xatırlatmaq yerinə düşər. Nazirlərə verilən tapşırıqlar əsasında prosesdə müəyyən dinamika əldə olundu.

Maraqlıdır, Almaniya sülh prosesinəmi qoşulur? Bunun danışıqların gedişinə hansı təsirləri ola bilər? Nəticə gözləməyə dəyərmi? Berbok Bakıya konkret hansı təkliflərlə gələ bilər?

Deputat

Sahib Alıyev

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında maraqlı məqamlara toxundu: “Qranada zirvəsindən sonra  Brüsseldə, Bayden adminstrasiyasının  açıq haypərəst davranışları nəticəsində ABŞ-da Azərbaycanla Ermənistan arasında danışıqlar aparmaq mümkünsüzləşdiyindən Qərb platformasında hər iki tərəfin görüşməkdən çəkinməyəcəyi yer olaraq Almaniya çıxış edir. Almaniyanın COP29-a qatılmaq üçün Bakıya gəlişi gözlənilən xarici işlər nazirinin bura səfər öncəsi İrəvana baş çəkməsi onu göstərir ki, qarşıdakı aylarda  Berlin yenidən danışıqlar platforması təqdim etmək niyyətindədir. Xatırladım ki, noyabrın 9-da Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Almaniya kansleri Olaf Şolts arasındakı telefon danışığı zamanı COP29 başa çatdıqdan sonra Ermənistanla danışıqların davam etdiriləcəyi və sülh sənədinin mətni üzrə tərəflərin razılaşmaya yaxın olduqları bildirilmişdi. Görünür, Almaniyanın xarici işlər naziri sülhün tez bir zamanda əldə edilməsi üçün Şoltsun təbirincə desək, tərəfləri cəsarətli addım atmağa həvəsləndirmək niyyətindədir. Ancaq məsələ burasındadır ki, Azərbaycan sülh üçün cəsarətli nə addım lazımdırsa, hamısını atıb”.  S.Alıyev bildirdi ki, Almaniya bu regionda doğrudan da tezliklə sülh əldə edilməsini istəyirsə, heç Ermənistanı da nəyəsə həvəsləndirməyə ehtiyac yoxdur: “Sadəcə, bunun üçün onunla eyni qurumda olan bəzi dövlətlərə, ilk növbədə də Fransaya deyilməlidir ki, ona maneçilik törətməsinlər!”

Sahib

Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov ehtimal edir ki, danışıqlar bərpa oluna bilər: “Amma fikrimcə, bu, sülh müqaviləsinin bağlanmasına gətirməyəcək. Açığı, bunun üçün zəmin də yoxdur. Ermənistan öz işindədir. Beynəlxalq müstəvidə bizə qarşı müharibəni daha da genişləndirir. Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın 3 etirazından ikisinin qəbul olunması da onları daha da həvəsləndirib. Digər tərəfdən, Fransanın mövqeyi Ermənistandan daha sərtdir”. S.Məmmədov əlavə etdi ki, yeni seçilən ABŞ prezidentinin yeni komandasında ermənipərəstliyi ilə seçilən şəxslərin olması da Ermənistan rəhbərliyini və erməni lobbisini xeyli sevindirib: “Ermənistanın COP29 tədbirinə heç bir nümayəndə göndərməməsi də ondan xəbər verir ki, Paşinyan hakimiyyətinin dedikləri ilə əməlləri bir-birinə diametral əksdir.  O ki qaldı Almaniyanın hakimiyyətdə olan işıqfor koalisiyasına, o, son aylarını yaşamadadır. Almaniya yeni seçkilər ərəfəsindədir və seçkilərdən sonra sosial-demokratların Bundestaqda çoxluq qazanmaq şansı 0-a yaxındır. Ona görə də Almaniyanın Azərbaycan- Ermənistan sülh proseslərinə ciddi töhfə verəcəyinə inanmıram”. Ekspertə görə, Berbokun bu tipli səfərləri vida səfərlərinə daha çox oxşayır: “Hətta onun partiyası seçkilərdə əvvəlki mövqeyini saxlasa və Berbok  vəzifəsinə yenidən təyinat  alsa da, bu, artıq başqa hakimiyyət olacaq. Almaniyanın növbəti hakimiyyətinin siyasəti istənilən halda bir qədər fərqli olacaq. Bu, təkcə Almaniyada hakimiyyətin dəyişməsi ilə deyil, həm də ABŞ seçkilərindən sonra dünya düzənində baş verəcək dəyişikliklərlə bağlı olacaq”. S.Məmmədovun fikrincə, Ermənistan yaxın gələcəkdə konstitusiyasında dəyişiklik etməyəcək: “Bu da o deməkdir ki, Ermənistanın Azərbaycana ərazi iddaları qalacaq. Başqa dövlətin ərazisinə iddiası olan dövlətlə əhatəli sülh müqaviləsinin imzalanması real görünmür. Amma danışıqlar bərpa olunsa, aralıq nəticələr əldə edilə bilər. Bu, həm delimitasiya və demarkasiya, həm də Zəngəzur dəhlizi ilə bağlı ola bilər”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Seçilən
22
musavat.com

1Mənbələr