"Turan Tovuz" Tovuz futbolunun əfsanələrindən olan Nizami Sadıqovun 60 illik yubileyini qeyd edib.
QOL.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Turan Tovuz” ardıcıl olaraq 1106 dəqiqə qapısını toxunulmaz saxlayan, 21 qolla ən məhsuldar azərbaycanlı qapıçı olan Nizami Sadıqovun yubileyi münasibəti ilə turnir təşkil edib. Turnirdə “Turan Tovuz”la yanaşı, “Kəpəz”, “Azəri” (Gəncə), “Gəncə”, “Qazax Gənclər” və “Şəmkir”in 2012-ci il təvəllüdlü futbolçulardan ibarət komandaları iştirak ediblər.
İki gün davam edən turnirdə qrup mərhələsini maksimum nəticə ilə adlayan “Turan Tovuz” və “Kəpəz” finalda qarşılaşıblar. 3-cü yer uğurunda oyunda isə “Gəncə” “Azəri”yə rəqib olub. Rəqibini 3:1 hesabı ilə məğlub edən “Azəri” bürünc medallara sahib olub. Final oyununda isə “Turan Tovuz” “Kəpəz”i 3:0 hesabı ilə məğlub edərək yarışın qalibi adını qazanıb. Final oyunundan sonra mükafatlandırma mərasimi keçirilib.
“Ədalətli oyun” mükafatını “Gəncə” komandasının baş məşqçisi İntiqam Səmədova “Turan Tovuz” Futbol Akademiyasının koordinatoru Ülfət Mədətov, turnirin “ən yaxşı hakimi” mükafatını Tural Əliyevə akademiyanın koordinator köməkçisi Elxan Abdıyev, turnirin “ən sərrast futbolçusu” mükafatını “Turan Tovuz”un üzvü Tunar Namazova “Turan Tovuz”un Uşaq Futbolunun İnkişafı üzrə direktoru Eltay Aslanov, turnirin “ən yaxşı qapıçısı” mükafatını “Turan Tovuz”un futbolçusu Vidadi Kərimliyə Nizami Sadıqov, tunirin “ən yaxşı oyunçusu” mükafatını isə “Kəpəz”in üzvü Hüseyn Əzizova “Turan Tovuz” PFK-nın İH sədrinin müavini Əli Balakişiyev təqdim edib.
“Azəri”, “Kəpəz” və “Turan Tovuz”un bütün futbolçuları müvafiq medallarla təltif olunduqdan sonra baş mükafat – kubok yubilyar Nizami Sadıqov tərəfindən “Turan Tovuz”un müvafiq yaş qrupu üzrə komandasının kapitanına təqdim edilib.
Sonda veteran futbolçunun yubileyi münasibəti ilə ziyafət təşkil olunub, ona “Turan Tovuz”un 60 nömrəli forması hədiyyə olunub.