AZ

DSMF-nin xərcləri artırılır - Yenilənib

Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il üzrə xərclərinin maliyyələşdirilməsi üçün maliyyə mənbəyi 7 milyard 676 milyon manat nəzərdə tutulur ki, bu da 2024-cü illə müqayisədə 727 milyon manat (və ya 10,5%) çoxdur.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib.

“Maliyyə mənbəyinin 7 milyard 617 milyon manatlıq hissəsini Fondun gəlirləri, 59 milyon manatlıq hissəsini isə Fondun əvvəlki illərdə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsait təşkil edir. Növbəti ildə Fondun xərcləri 7 milyard 676 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilə nisbətən 727 milyon manat (və ya 10,5%) çoxdur.

Fondun 2025-ci il üçün gəlirlərinin 78,1% və ya 5 milyard 997 milyon manatının MDSS daxilolmaları üzrə formalaşacağı proqnozlaşdırılır. Bu isə cari ilin müvafiq göstəricisindən 519 milyon manat və ya 9,5 % çoxdur”, - deyə komitə sədri bildirib.

***

M.Quliyev əlavə edib ki, İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 206,3 milyon manatı, yaxud 79,1%-i işsizlikdən sığorta haqları üzrə yığım hesabına formalaşacaq:

“Bu isə 2024-cü ilin təsdiq edilmiş müvafiq göstəricisindən 21,7 milyon manat və ya 11,7% çoxdur. Gəlirlərin 54,3 milyon manatı, yaxud  20,8%-i isə İşsizlikdən Sığorta Fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatı hesabına olacaqdır.  Sığorta haqları üzrə yığımın 75,9%-i (və ya 156,56 milyon manatı)  qeyri-büdcə sektorunun payına düşəcək.

Gələn ildə İşsizlikdən Sığorta Fondunun xərcləri 13 istiqaməti əhatə edəcək. Xərclərin 29,5%-i özünüməşğulluq tədbirlərinin, 13,4%-i peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin maliyyələşməsinə yönəldilməklə, ümumilikdə isə 55% vəsait aktiv məşğulluq tədbirləri istiqaməti üçün nəzərdə tutulub.

Cari ilin təsdiqlənmiş büdcə layihəsi ilə müqayisədə 2025-ci ildə işsizliyə görə sığorta ödənişləri xərclərinin 2 milyon manat, yaxud 13,3%, özünüməşğulluq tədbirlərinin maliyyələşdirilməsi xərclərinin 4 milyon manat, yaxud 5% artırılması nəzərdə tutulur. Peşə hazırlığının təşkili xərcləri, həmçinin sosial iş yerlərində işçilərin əməkhaqlarının bir hissəsinin maliyyələşdirilməsi xərcləri, habelə digər aktiv tədbirlər üçün xərclər cari il ilə eyni səviyyədə qalır”, - deyə komitə sədri bildirib.

Nuranə Daxilqızı

Seçilən
7
4
qafqazinfo.az

8Mənbələr