İqlim dəyişikliyi qlobal hidroloji dövranın əsas parametrlərini dəyişərək dünyada su ilə bağlı problemləri daha da kəskinləşdirir.
Bunu COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29 çərçivəsində keçirilən “İqlim, təbiət və insanlar üçün suyun həyat xəttini qeyd edirik” adlı tədbirdə deyib.
“Su iqlim dəyişikliyinin mərkəzində dayanır və onun təsirləri əsasən su dövranındakı pozulmalar vasitəsilə hiss olunur. Azərbaycanda bu təsirlər Xəzər dənizinin səviyyəsinin azalması və biomüxtəlifliyin tənəzzülü kimi ciddi problemlərlə özünü göstərir. Bu, yalnız ölkəmizdə deyil, bütün dünyada daxili su hövzələrində müşahidə olunan təhlükəli bir tendensiyadır”, - deyə M.Babayev bildirib.
O, əlavə edib ki, su yalnız iqlim dəyişikliyinin qurbanı deyil, eyni zamanda onun həll yolunun ayrılmaz hissəsidir.
“Su, yoxsulluğun azaldılması, qida təhlükəsizliyi, gender bərabərliyi və biomüxtəlifliyin qorunması kimi Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda mühüm rol oynayır. Lakin tarixi olaraq, su qlobal iqlim müzakirələrinin diqqətindən kənarda qalmışdır. COP29 Prezidentliyi bu məsələyə diqqəti artırmaq üçün suyu iqlim fəaliyyətinin əsas prioritetlərindən biri kimi müəyyən edib”, - deyə o qeyd edib.
M. Babayev çıxışında COP29 çərçivəsində başlanan “Bakı Su Dialoqu” təşəbbüsünün əhəmiyyətini vurğulayıb.