AZ

Yadullayev: “Bu matçlar bizim üçün böyük dərs, təcrübə oldu”

Azərbaycanın U-17 millisinin baş məşqçisi İlham Yadullayev Avropa çempionatının seçmə mərhələsindəki oyunlarını dəyərləndirib.

Arena.az xəbər verir ki, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bir neçə gün öncə Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində mübarizə aparıb.

U-17 yığmamızın çalışdırıcısı qrupdakı rəqibləri Macarıstan, Yunanıstan və Rumıniyanı güclü komandalar adlandırıb. O, yetirmələrinin gec toparlandığını etiraf edib:

“Çətin qrupda mübarizə aparacağımızı bilirdik. Eyni səviyyədə olan üç komanda ilə qarşılaşdıq. Hər matçdan əvvəl rəqibə individual yanaşırdıq. Təəssüf ki, ilk iki görüşdə məğlub olduq. Ancaq oyun baxımından uşaqlar rəqiblərdən geri qalmırdılar. Yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edirdilər. Macarıstanla ilk matçda bir az problem yaşadıq. Bu da ilk oyun olmasından qaynaqlandı. Erkən qollar buraxdıq. Yunanıstan yığması ilə ikinci görüşün birinci hissəsi qolsuz yekunlaşdı. İkinci hissədə adi səhvlərdən qollar buraxdıq. Rumıniya seçməsi ilə son qarşılaşmaya futbolçularımız daha sərbəst çıxmışdılar. Əzmkar oyun göstərdik, hesabda geri düşsək də, heç-heçə edə bildik. Hətta qələbə qazana da bilərdik. Uşaqların turnirdəki ümumi çıxışından razı qaldıq. Bu matçlar bizim üçün böyük dərs, təcrübə oldu”, deyə Yadullayev AFFA-nın rəsmi saytına açıqlamasında bildirib.

Xatırladaq ki, U-17 millimiz ilk iki matçında Macarıstan (0:4) və Yunanıstana (0:3) məğlub olub. Son turda isə komandamız meydan sahibi Rumıniya yığması ilə heç-heçə (1:1) edib.

Seçilən
1
7
arena.az

10Mənbələr