ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi COP29-da çıxışı zamanı bildirib ki, Ermənistan və Azərbaycan mütəxəssisləri transsərhəd çayların ehtiyatlarının idarə olunmasının kompleks sxeminin yaradılması üzərində birgə işləyirlər.
Diplomatın açıqlamasından dərhal sonra Ermənistan Xarici İşlər Nazirliyi (XİN) bunu təkzib edib.
Modern.az xəbər verir ki, Ermənistan XİN sərhədyanı su ehtiyatlarının idarə edilməsində Ermənistanla Azərbaycan arasında rəsmi əməkdaşlığın olmadığını bildirib.
“Ermənistanla Azərbaycan arasında bu sahədə heç bir rəsmi əlaqə yoxdur. Bu mövzu ilə bağlı təmaslar iki ölkənin ictimai təşkilatları arasında qarşılıqlı fəaliyyətlə məhdudlaşıb”, - XİN-in açıqlamasında qeyd edilib.
Ermənistan XİN-in təkzibini şərh edən siyasi ekspert Elxan Şahinoğlu bildirib ki, açıqlamada “təmaslar yalnız iki ölkənin qeyri-hökumət təşkilatları səviyyəsində olub” cümləsi əməkdaşlığa dair etiraf sayılmalıdır:
“Görünür ABŞ səfiri çıxışında məhz bu təmasları nəzərdə tutub. O deməyib ki, su ehtiyatlarının birgə idarə olunması mövzusunda iki ölkənin rəsmiləri danışıqlar aparır. Səfirin sözlərinə görə, Vaşinqton təmasları dəstəkləyir”.
Bəs niyə Ermənistan XİN tərəfdaşı olan ölkənin səfirinin sözlərini dərhal təkzib etmək istəyib?
E.Şahinoğlunun sözlərinə görə, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayarkən, bölgənin ekologiyasına böyük zərər vurub.
“İndinin özündə Ermənistan Araz çayını çirkləndirir və rəsmi Bakı bu məsələni beynəlxalq təşkilatlar qarşısında qaldırır. Ermənistandakı müəssisələr və mədənlər çirkli sularını və tullantılarını Araz çayına axıdırlar. Ona görə bu problem iki ölkə arasında müzakirə predmeti olmalıdır. Rəsmi İrəvan bilir ki, ətraf mühitin çirklənməsində məsuliyyəti var. Bu səbəbdən rəsmi danışıqlardan yayınmağa çalışır", - politoloq deyib.