AZ

Gənclərin NDC-lərin formalaşdırılması prosesinə cəlb olunması olduqca vacibdir – “Care about Climate”in nümayəndəsi

Bakı, TurkicWorld

Gənclərin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) formalaşdırılması prosesinə cəlb olunması olduqca vacibdir.

TurkicWorld xəbər verir ki, bu barədə "Care about Climate" təşkilatının nümayəndəsi Heyli Kembel COP29 çərçivəsində keçirilən "Uşaqların və gənclərin NDC 3.0 prosesinə fəal cəlb olunması: tərəqqi və nailiyyətlərin icmalı" mövzusunda panel müzakirəsində bildirib.

"Gənclərin NDC-lərin formalaşdırılması prosesinə cəlb olunması çox vacibdir, çünki gənclər əhəmiyyətli potensiala malikdir. Bizim analiz göstərdi ki, gender məsələlərinə və gənclərin iştirakına daha çox diqqət ayıran ölkələrdə Paris Sazişinin tələblərinə uyğun emissiyaların azaldılması məqsədləri daha tez-tez müəyyən edilir.

Beləliklə, inklüzivlik və daha ambisiyalı nəticələr arasında bir əlaqə olduğu aşkar edilmişdir. Bundan əlavə, Çin və ABŞ kimi bəzi ölkələrdə onların NDC-lərinin 1,5°C səviyyəsinə uyğun olmadığı müşahidə olunur. Həmin sənədlərdə gender məsələlərinə və nəsillərarası əməkdaşlığa əhəmiyyətli diqqət yetirilmir. Bu tendensiya davam edir", – deyə H.Kembel vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
5
1
turkic.world

2Mənbələr