AZ

Azərbaycan COP29-a sədrlik edən ölkə olaraq qarşısına qoyduğu hədəflərə nail oldu



"COP29-un sədri və ev sahibi olaraq qarşıya qoyulan birinci hədəf Tərəflər Konfransının ən yüksk səviyyədə keçirilməsindən ibarət idi ki, buna da nail olunub".

Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə COP29 barədə dəyərləndirmə apararkən səsləndirib. Onun sözlərinə görə, COP-un 198 tərəfdaş ölkəsindən 197-nin nümayəndələrinin iştirakının təmin edilməsi, 80-dən artıq ölkənin liderlər səviyyəsində toplantıya qatılması, təşkilatı işlərin və təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə həyata keçirilməsi hər kəs tərəfindən təqdir olunur:

"Digər vacib məqamlardan biri COP29 çərçivəsində Paris sazişinin 6.4-cü maddəsi ilə bağlı razılaşmaya nail olunmasıdır. Məlumdur ki, Paris sazişinin imzalanmasından keçən 9 il ərzində ən çox müzakirə olunan məsələ sazişin 6-cı maddəsi olub və təəssüf ki, keçən illər ərzində bu maddə ilə bağlı tam razılşamanı əldə etmək mümkün olmayıb. Odur ki, Azərbaycan COP-29-a ev sahibliyi çərçivəsində Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq, tənzimlənən karbon bazarlarının formalaşdırılması və tənzimlənməsi ilə bağlı qərarın qəbul edilməsibi prioritet olaraq qarşısına qoymuşdu.

Bu qərarın qəbulu bir çox dövlətlər, xüsusilə də inkişaf etməkdə olan ölkələr üçün vacibdir. Çünki əgər karbon bazarları həqiqətən də tənzimlənən vahid bazara çevrilə bilsə, bu, inkişaf etməkdə olan ölkələrə iqlim maliyyələşməsi ilə bağlı əlavə maliyyə mənbəyinə çıxış imkanı verəcək. Onlar inkişaf etməkdə olan ölkələrin öz iqlim fəaliyyətlərini maliyyələşdirməsi üçün əlavə gəlir mənbəyi ola bilər.

Bu baxımdan Paris sazişinin 6.4 maddəsi üzrə razılaşmaya nail olunması sevindirici haldır və bu ümumilikdə prinsipial xarakter daşıyan 6-cı maddə üzrə razılaşmanın əldə olunacağına ümidləri artırır".

Yusif Bağırzadə deyib ki, beynəlxalq tərəfdaşların İqlim Davamlılığı üçün İnsan İnkişafına dair Bakı Təşəbbüsünü təsdiqləyən Birgə Bəyanatın qəbulu da uğur hesab oluna bilər:

"İnsan inkişafının dəstəklənməsi iqlim dəyişmələrinə qarşı mübarizə və adaptasiyaya kömək edə biləcək daha sağlam, güclü, təhsilli və bacarıqlı əhali qrupları və icmalar yaratmaq deməkdir. Sözügedən bəyanatın məqsədi bu təşkilatlar arasında əməkdaşlığı gücləndirmək və iqlim dəyişməsinin insan inkişafına təsirləri ilə mübarizə aparmaq üçün qlobal səyləri birləşdirməkdir. Müxtəlif sektorlardan maraqlı tərəfləri bir araya gətirən bu bəyanat iqlim maliyyələşməsinin artırılmasını və insan inkişafının iqlimə davamlılığın yaradılması üzrə strategiyalara daxil edilməsini dəstəkləyir.

Bütün bu sadalananlar, eləcə də qəbul edilməsi gözlənilən digər sənədlərin müzakirəsi onu deməyə əsas verir ki, Azərbaycan COP29-a sədrlik edən ölkə olaraq qarşısına qoyduğu hədəflərə nail oldu".

Süleyman
Seçilən
8
newscenter.az

1Mənbələr