AZ

DGK müsabiqə elan edir

Dövlət Gömrük Komitəsi gömrük orqanlarında xidmətə qəbul olmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları üçün növbəti müsabiqə elan edir.Bu barədə SİA-ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Müsabiqədə iştirak etmək üçün müvafiq ali təhsilə malik, vəzifənin tutulması şərtlərinə cavab verən və qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçmiş vətəndaşlar müraciət edə bilərlər.

Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768–IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”yə əsasən aşağıda qeyd olunan şəxslər gömrük orqanlarında xidmətə qəbul edilmirlər:

- Yaşı 30-u keçmiş vətəndaşlar;

- Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar;

- İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, tibbi rəyə əsasən fiziki və əqli pozuntularına görə gömrük orqanlarında işləməyə qadir olmayan, gömrük, digər hüquq-mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər.

Müsabiqəyə təqdim edilən vakant vəzifələrin siyahısı DİM-in saytında yerləşdirilib.

Vətəndaşlar qeyd olunan vakant vəzifələrdən yalnız biri üzrə müsabiqədə iştirak etmək üçün müraciət edə bilərlər.

Müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müsabiqənin test imtahanı mərhələsində iştirak etmək istəyən vətəndaşların qeydiyyatı noyabrın 21-dən dekabrın 10-dək aparılacaq. İmtahan dekabrın 21-də DİM tərəfindən keçiriləcək.

İmtahanda qanunvericilik üzrə 70, məntiqi təfəkkürün müəyyən edilməsi üzrə 15, dünyagörüşü üzrə 15 olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunacaq. Hər doğru cavablandırılmış test tapşırığı 1 balla qiymətləndirilir. Səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərmir. Test imtahanında 80 və daha artıq bal toplayan namizədlər müsabiqənin müsahibə mərhələsində iştirak hüququ əldə edirlər. Test imtahanında iştirak edən namizədlərin imtahan nəticələri və Komitədə vakant vəzifələr nəzərə alınmaqla müsabiqə komissiyasının qərarı əsasında müəyyən edilmiş keçid balı aşağı salına bilər.

İmtahan vermək istəyən vətəndaşların DİM-in saytında “Şəxsi kabinet”i olmalıdır. “Şəxsi kabinet”in yaradılması zamanı pul hesabı açılır. Namizədin imtahanda iştirak etməsi üçün ödənişin məbləği 118 AZN (ƏDV daxil olmaqla) təşkil edir. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat DİM-in saytında yerləşdirilib) istifadə etmək olar.

Qeydiyyat zamanı vətəndaş haqqında ümumi məlumatlar (soyad, ad, ata adı, təvəllüd) “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi və vətəndaşın ali təhsili haqqında məlumatları “Tələbə-məzun” dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır. Sistemdə müvafiq məlumatlar olmadıqda namizədin qeydiyyatı aparılmır. Bu halda namizəd ona aid məlumatların “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə məlumatları olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299 və ya Dövlət İmtahan Mərkəzinin regional bölmələrinə) müraciət etməlidirlər.

Müsabiqədə ən yüksək nəticə əldə namizəd qalib hesab edilir və həmin namizədin müvafiq vakant vəzifəyə təyinatı nəzərdə tutulur.

Test imtahanının nəticələri, namizədlərin müsahibə mərhələsində iştirakı üçün tələb olunan sənədlər, habelə müsahibələrin vaxtı və yeri barədə əlavə məlumat veriləcək.

Seçilən
37
2
sia.az

3Mənbələr