AZ

Heydər Əliyevin ədəbiyyat siyasəti




Azərbaycan xalqının görkəmli dövlət xadimi Heydər Əliyevin ədəbiyyata olan xidmətlərindən Nizami Gəncəvinin 840 illik, Məhəmməd Füzulinin 500 illik, “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illik yubileylərinin keçirilməsi əmrini verməsi ən vaciblərindəndir. Onun bu tədbirləri keçirməsi ədəbiyyat sahəsində aparılan məqsədyönlü elmi-ideoloji işin əsas hissələrindəndir. Bu yubileylərin keçirilməsi nəticəsində bu sənətkarların və abidələrin Azərbaycan xalqına məxsusluğu əsaslı sübutlarla sübut olunaraq, bütün dünyaya bəyan edilmişdir.

Heydər Əliyevin ədəbiyyat siyasətinin əsasını Azərbaycanın mənafelərinin qorunması, müdafiə edilməsi təşkil edir. Eyni zamanda onun ədəbiyyat siyasətində tarixilik prinsipinin özünəməxsusluğu ona görə əsasdır ki, onun vasitəsilə Azərbaycan xalqına özünün soykökünü, milli-tarixi keçmişini dərindən və əsaslı şəkildə dərk etdirmək, mənimsətmək, xalqımızda milli qürur hisslərini daha da yüksəltmək mümkündür. Heydər Əliyevin ədəbiyyatda tarixilik prinsipinə daha çox önəm verdiyini özünə rəhbər tutan Elçin, İsa Hüseynov, Əzizə Cəfərzadə, Hüseyn İbrahimov, Fərman Kərimzadə, Əlisa Nicat kimi Azərbaycan yazıçıları əsərlərində milli-tarixi özünüdərk proseslərinə daha çox yer vermişdirlər və onların əsərləri sayəsində ədəbiyyatda tarixi mövzularda yazılmış bədii əsərlərin sayı artmışdır.

Yazıçılarımızın əsərlərində tarixi mövzuları kütləviləşdirməsi və miqyasının genişləndirilməsi nəticəsində vətən və xalq üçün önəmi böyük olan tarixiliklə bədiiliyin vəhdət daşıdığı əsərlər meydana çıxdı. Azərbaycan ədəbiyyatına tarixi simaların obrazlarını yaradaraq, daxil etmək çox çətin və məsuliyyətli işdir. Tariximizin çox mühüm şəxsiyyətlərini ədəbi əsərlərdə ən yüksək səviyyədə canlandırılmasının öhdəsindən gəlmək üçün yüksək istedad və dərin bilik tələb olunurdu. Heydər Əliyev ədəbiyyat siyasəti üçün əsas şərtləndən biri də o idi ki, tarixiliklə bədiiliyin sintezi nəticəsində layiqli bədii əsərlər yazılsın və bu əsərlərdə müasirlik meyarı özünəməxsus rolunu və yerini milli-tarixi dərk proseslərinin fonunda qoruyub, saxlaya bilsin. Çünki müasirlik çağdaş həyatın və ədəbiyyatın mərkəzində duraraq, düşüncənin və təfəkkürün ədəbiyyatda ictimai inkişafını müəyyən edir. H.Əliyev ədəbiyyatda müasirlik məsələsinə önəm verərək bildirirdi ki, müasir həyat və çağdaş ədəbiyyat birlikdə paralel şəkildə irəliləməlidir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin ədəbiyyatşünaslıq elmlərinə ən yüksək dəyəri verməsinə görə ədəbiyyatşünaslıq zənginləşmiş və inkişaf etmişdir. O, Azərbaycanda ədəbiyyat siyasətinin banisi və böyük müdafiəçisi kimi tanınır. Heydər Əliyevin ədəbiyyat siyasətinin inkişaf səviyyəsinin əsas şərtlərinə əsasən, Azərbaycanda mətbu orqanlar olan “Ədəbiyyat qəzeti”nin, “Azərbaycan”, “Qobustan” və “Ulduz” jurnallarının nəşri dövlət tərəfindən maliyyələşdirildi və bununda sayəsində milli ədəbiyyatın inkişafında böyük irəliləyiş oldu. Onun ədəbiyyat siyasətinin mərkəzində Azərbaycançılıq ideologiyası dayanırdı. Heydər Əliyevin ilkin təməlini qoyduğu ədəbiyyat siyasəti günü-gündən əlavə müddəalarla daha da zənginləşdirərək müasir dövrün ədəbiyyat siyasəti halına gəlmişdir. Onun ədəbiyyat siyasətində artıq formalaşmış ənənələri davam etdirilməsi və əlavə müddəalarla zənginləşdirməsi böyük xidmətləri siyahısındadır.

Ədəbiyyat siyasətində artıq formalaşmış ənənələri davam etdirərək, yazıçılara fəxri adların, fərdi təqaüdlərin verilməsi və yaradıcı gəncliyin istedadlı nümayəndələrinin stimullaşdırılması üçün konkret əməli işlərin görülməsi bu qəbildən olanlardır. Ədəbiyyat sahəsində xidmətləri olanlara müntəzəm olaraq, Azərbaycan Respublikası Dövlət mükafatlarının verilməsi Heydər Əliyevin ədəbiyyat siyasəti sahəsindəki xidmətlərinin əməli ifadəsidir. Azərbaycan dövlətinin ədəbiyyat siyasəti böyük ehtirama əsaslanır. Yüksək səviyyəli mükafatların və təqaüdlərinin yaradılması mövcud siyasətin ənənələridir. Ədəbiyyat sahəsinə aid olan və ya onunla bilavasitə əlaqəli olan Azərbaycan Yazıçılar Birliyi, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi, Azərbaycan Dövlət Milli Dram Teatrı, Opera Teatrı, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı və s. kimi yerlərdə aparılan böyük quruculuq prosesləri Heydər Əliyevin ədəbiyyat siyasətinin əsas tərkib hissəsidir. Azərbaycanda uğurla həyata keçirilən ədəbiyyat siyasəti nəticəsində yeni çağdaş ədəbi nəsil meydana çıxmış və Azərbaycançılıq məfkurəsi daha da zənginləşdirilmişdir. Azərbaycan ədəbiyyatının inkişafında Heydər Əliyevin ədəbiyyat siyasətinin böyük rolu və mükəmməl, hərtərəfli təsiri olduqca əhəmiyyətlidir. Ədəbiyatşünaslıq həmişə siyasiideoloji cəhətdən aktuallıq kəsb edən sahədir.

Heydər Əliyevin bu sahədəki fəaliyyətindən bəhs edən ədəbiyatşünaslar öz kitab və monoqrafiyalarında ulu öndərin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinə, onların yubileylərinin keçirilməsinə, ev muzeylərinin təşkilinə, əsərlərinin akademik nəşrlərinin hazırlanmasına, əsərlərinin dünya dillərinə tərcümə olunub yayılmasına, ədəbiyyat xadimlərinin və ədəbi nəşrlərin dövlət qayğısı ilə əhatə olunmasına göstərdiyi diqqət və qayğını qələmə almışlar. Heydər Əliyev hakimiyyəti dövründə ədəbiyyat siyasətini daim irəlilədərək, ədiblərə göstərdiyi saysız-hesabsız qayğılar ilə tarixə adını yazdırmışdır. Cəfər Cabbarlının, Cəlil Məmmədquluzadənin, Səməd Vurğunun, Hüseyn Cavidin, Rəsul Rza və Nigar Rəfibəylinin ev muzeylərinin yaradılması və abidələrinin ucaldılması onun adı ilə bağlıdır. Ədəbiyyatı xalqın mənəvi sərvəti və intellektual mülkiyyəti sayan Heydər Əliyev Azərbaycan ədəbiyyatını dərindən bilən və sevən insanlara xüsusi hörmət etmişdir. Heydər Əliyev çox yaxşı bilirdi ki, xalqın milli mənlik şüurunun formalaşmasında, mənəvi cəhətdən təkmilləşməsində, tarixi yaddaşın qorunub saxlanılmasında şairlərin və yazıçıların böyük rolu nəzərə alınmalıdır. Buna görə də, ümummilli lider həyatı və fəaliyyəti boyunca bu sahəyə diqqət və qayğı göstərdir.

Ümummilli lider yaxşı bilirdi ki, ədəbiyyat millietnik, siyasi-ideoloji, mənəvi cəhətdən xalqın formalaşma yolunu müəyyən edə bilmə gücündədir. Ədəbiyyatına bağlı Azərbaycan xalqı özünü sözlə ifadə etmiş, öz bütövlüyünü, etnik mövcudluğunu doğma ədəbiyyat ilə qoruyub saxlaya bilmişdir. Şifahi xalq yaradıcılığına böyük önəm verən Heydər Əliyev Azərbaycan ədəbiyyatının incisi olan xalq yaradıcılığının tarixə çevrilmiş və yazıya alınmış ən böyük nümunəsi olan “Kitabi-Dədə Qorqud” dastanını milli varlğımızın mötəbər qaynağı hesab edirdi. “Kitabi-Dədə Qorqud” dastanı ən qədim abidə kimi xalqımızın milli mənlik şüurunu formalaşdıran elementlərlə zəngindir. Buna görə də, Heydər Əliyev Azərbaycan ədəbiyyatını “Kitabi-Dədə Qorqud” dastanınsız belə yüksək mədəni səviyyəyə çata bilməyəcəyi fikrində idi. Ulu öndər Heydər Əliyevin ədəbi məclislərdə, yubiley tədbirlərində, ədəbi simalarla görüşlərdə, Azərbaycan və türk yazıçılarının qurultaylarındakı çıxışlarında səsləndirdiyi fikirlər onun ədəbiyyat siyasətinin inkişafı istiqamətində apardığı planın bir hissəsi olmuşdur. Buna görə o, Azərbaycan ədəbiyyatının araşdırılması və sistemləşdirilməsi üçün bütün tədbirlərin görülməsini buyurmuşdur.

Ədəbiyyatın təbliği nəticəsində Azərbaycan ədəbiyyatşünaslığı daha da inkişaf etmişdir. Heydər Əliyevin ədəbiyyat siyasətinin mərhələlərinin tədqiqata cəlb edilməsi nəticəsində onun klassik Azərbaycan ədəbiyyatına və folkloruna dair fikir və mülahizələri, verdiyi fərman və sərəncamlar araşdırılaraq ədəbiyyatşünaslığın inkişafına təkan verməsi konkret faktlar əsasında sübut edilmişdir. Onun ədəbiyyata milli müstəvidən yanaşması və azərbaycançılıq ideologiyasının əsas tərkib hissələrindən biri kimi dəyərləndirməsi ilə ədəbiyyatşünaslıq obyektiv elmi qiymətini almışdır. Çağdaş ədəbiyyatşünaslığın tədqiq olunmasında tarixi müqayisəli və sistemli-təhlil metodlarından istifadə olunmuşdur. Milli ideologiya tədqiq və təhlil prinsipləri ilə onu araşdıran tədqiqatçılar üçün gərəkli mənbə rolunu oynaya bilmişdir. Heydər Əliyevin görüşləri əsasında ədəbiyyat tariximizin müxtəlif sahələrinin tədqiqi və təbliği daim yüksələn xətt üzrə inkişaf etmişdir.

Azərbaycan ədəbiyyatı tarixi Heydər Əliyevin ədəbiyyat siyasəti üçün gərəkli mənbə rolunu yerinə yetirilmişdir. Heydər Əliyevin ədəbiyyat siyasəti və onun mahiyyəti milli siyasətin tərkib hissəsi kimi ölkədə ədəbiyyata necə münasibət bəslənməsini və bu yürüdülən siyasətin tərkib hissəsi olan İsa Həbibbəyli, Nizami Cəfərov, Bəkir Nəbiyev və Yaşar Qarayev kimi akademiklərimizin fikirlərinə göstərilən münasibəti özündə ehtiva edir. Ədəbiyyatın millətin özünütəsdiqinin ifadə vasitəsi olduğunu bildirən ağıllı, məqsədyönlü, səmərəli şəkildə millətin özünüdərkinin və xalqda milli qürur və ləyaqət hissinin vacibliyini bilən ulu öndər ədəbiyyatı bədii sözün qüdrətilə yaşayan xalqın mənəvi potensialının meydana çıxarılması və Azərbaycan xalqının dünyada tanıdılmasına və imicinin yüksəldilməsinə rəvac verən vasitə kimi qəbul edirdi. Əlverişli şərait nəticəsində ədəbiyyatçılar Azərbaycan xalqının intellektini, böyük ədəbi-bədii potensialını özlərinin milli-mənəvi, elmi, ədəbi və mədəni mühiti təcəssüm etdirən əsərlərində bütün dünyaya çatdıra bilirdilər.

Ümumiyyətlə, Heydər Əliyevin ədəbiyyat siyasətinin konsepsiyasında milli və bəşəri dəyərlərə sadiq qalmaq və tariximizi düzgün əks etdirmək dayanır. Görkəmli dövlət xadiminin bu sahədəki fəaliyyətini dəyərləndirəndə Azərbaycan ədəbiyyatının inkişafı, təbliği və tədqiqi ilə bağlı mühüm göstərişlərinin, fərmanlarının və qərarlarının olduğunun şahidi oluruq. Ədəbiyyatın inkişafı və təbliği ilə bağlı konseptual fikirləri Azərbaycan ədəbiyyatının potensiallarının üzə çıxarılmasına xidmət etmişdir. Milli zəminə söykənən Azərbaycan ədəbiyyatında vətənpərvərlik duyğuları ilə zəngin olan klassik ədəbi irs və folklor nümunələri ədiblərimizin Azərbaycançılıq idealına sədaqət nümunəsidir.


Ədəbiyyat siyahısı:
1. Heydər Əliyev və Azərbaycanda ədəbi proses // Heydər Əliyev zirvəsi (Naxçıvan Dövlət Universitetinun Elmi Əsərlərinin xüsusi buraxılışı). Naxçıvan: Qeyrət, 2008, səh. 89-90.
2. Heydər Əliyev və Azərbaycan folkloru // Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. Naxçıvan: Qeyrət, 2009, № 2, s.106-109.
3. Heydər Əliyev və klassik Azərbaycan ədəbi irsi // Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. Naxçıvan: Qeyrət, 2009, № 1, s.6-10.
4. Heydər Əliyev və “Dədə Qorqud kitabı” // MEA Folklor İnstitutu. “Dədə Qorqud” (elmi -ədəbi toplu), I (46), Bakı: Nurlan, 2013, s. 32-36.
5. Heydər Əliyev və Nizami Gəncəvinin ədəbi irsi // Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. Naxçıvan: Qeyrət, 2013, № 2, s. 32- 35.
6. Sovet dövrü Azərbaycan ədəbi fikirinin istiqamətləndirilməsində Heydər Əliyevin rolu / Regional inkişaf və böyük mədəniyyət: mənşə, harmoniya və tipologiya məsələləri. Beynəlxalq konfransın materialları. Naxçıvan Dövlət Universiteti, Qeyrət, 2009, s. 42-43.


Həcər Atakişiyeva






Seçilən
10
2
newscenter.az

3Mənbələr