AZ

Soyuq havalarda üzünüzü bu üsullarla QORUYUN - Kosmetoloqdan MƏSLƏHƏT

Soyuq günlərində cildimiz həssaslaşır. Qış mövsümü dəri qatına mənfi təsir edir və dəri daha kövrək olur.

Bəs soyuq havalarda üz dərimizi necə qoruyaq?

Bu barədə kosmetoloq Gülər İbrahimova Redaktor.az-a açıqlamasında deyib ki, qış fəslində ilk növbədə daxildən balansımızı qoruyub saxlamaq lazımdır:

"Bunun üçün gün ərzində bol maye içməliyik. Hər 30 kiloya təxminən bir litr su düşür. Yəni pasientin çəkisi 60 kiloqramdırsa, o, gün ərzində iki litr adi su qəbul etməlidir. Bundan başqa, dərinin səthini qorumaq üçün tərkibi spirtli toniklər var. Bunların istifadəsini qış aylarında dayandırmaq lazımdır. Çünki soyuq havanın təsiri və həmin toniklər üst-üstə gələndə dərini qurudur. Bunun yerinə üzü ilıq su ilə yumaq məsləhətdir. Daha sonra dəri tipimizə uyğun nəmləndirici istifadə etmək mütləqdir. Həmçinin bəzi prosedurlar var, hansı ki, tərkibində hialuron turşusu olan biovitalizantlardır və dərinin altına inyeksiya etdikdən sonra dərini qurumağa qoymur, nəm balansını qoruyub saxlayır. Eyni zamanda xüsusi mizokokteyllər inyeksiya üsulu ilə dərinin altına yeridildikdə cildin nəmliyini qoruyub saxlamaq mümkün olur".

Kosmetoloq ev şəriatində cild üçün istifadə olunan maskalardan da danışıb:

"Zeytun yağlı, bal tərkibli maskalardan evdə istifadə etmək məqsədəuyğundur. Həmçinin buz masajı üz üçün çox faydalıdır. Buz masajını hansısa meyvənin püresi ilə də üzə tətbiq edə bilərsiniz. Bu, qış aylarında üzümüzün dərisinin toparlanmasına kömək edir. Ancaq ilk növbədə düzgün qidalanmaq vacibdir. Qış aylarında cəfəri bitkisi həm daxili orqanizmimizdə, həm də dərimizdə çox böyük rol oynayır. Cəfəri suyu ilə üzü silmək, maska düzəltmək cildin nəm balansını qoruyub saxlamağa kömək edir".

G.İbrahimova soyuq havalarda SPF kremlərin tətbiqi ilə bağlı tövsiyələr verib:

"Mən ilin dörd fəslində pasientlərə SPF tətbiq etməyi tövsiyə edirəm. Çünki  Azərbaycanda havanın soyuq olmasından asılı olmayaraq, ilin dörd fəslində də günəş və onun ultra bənövşəyi şuaları olur. Bu da dəriyə təsirsiz qalmır. Ona görə də yüngül tərkibli də olsa, qış aylarında bu kremdən üzə tətbiq edilməlidir. Məsələn, yay aylarında qoruyuculuq faktoru 50+, 90+ olan SPF-lər istifadə ediriksə, qış vaxtı 30+  olanından istifadə məqsədəuyğundur".

Sevinc İBRAHİMZADƏ

Seçilən
2
1
redaktor.az

2Mənbələr