Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin (Sağlamlıq Mərkəzi) bir qrup əməkdaşı tərəfindən Hurriyyet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Adlarının müəyyən səbəblərdən açıqlanmasını istəməyən şikayətçilər bildirir ki, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində çalışan əksər tibb bacılarına qarşı haqsızlıq edirlər:
“Biz, tibb bacıları və digər əməkdaşlar, yazaraq sizdən xahiş edirik ki, problemimizi işıqlandırasınız.
Bildiririk ki, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində çalışan Səfurə və Səyiffə adlı əməkdaşlar bizə qarşı haqsızlıq edir. Rəhbərliyin üzərinə şikayətə gedə bilmirik, çünki onlar Səfurə və Səyiffənin sözünü bizim sözümüzdən üstün sayırlar. Məhz bu səbəbdən də, bu iki qadın qalan işçilərin başına oyun açır. Onlar özlərini elə aparırlar ki, sanki baş həkim və yaxud da xəstəxananın sahibidirlər.
Səfurə və Səyiffənin bu “gücü” hardan, necə əldə etdiklərini də bilirik. İnsaf naminə qeyd edək ki, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin rəhbərliyi çox sakit, işlərini qanunla aparan şəxslərdir. Bir pis məqam budur ki, onlar Səfurə və Səyiffənin sözünü düzgün sayıb, bizə inanmırlar. Yəni rəhbər heyət bizə anlayışla yanaşır, amma bu iki qadın çörəyimizə bais olur.
Məlumat üçün bildirək ki, Səfurə ürək əməliyyatxanasında tibb bacısıdır, Səyiffə isə ümumi əməliyyatxanada baş tibb bacısıdır. Onlar cərrahlardan “əməliyyatda iştirak edən tibb bacılarına veriləcək”, - deyə pul alırlar, amma bizə heç nə vermirlər. İradımızı bildirəndə isə deyirlər ki, səsinizi çıxarmayın, maaş alırsınız, bəsinizdir.
Bundan əlavə, istədikləri vaxt evdə olan işçiləri işə çağırırlar, onlara qarışan yoxdur. Etiraz etdikdə isə hədə-qorxu gəlməyə başlayırlar. Bilirlər ki, hər birimizin evə aparacağımız çörəyə ehtiyacımız var. Hətta bu qadınlar başqa tibb bacısının başına oyun açaraq işdən çıxartdırıb. Biz də həmin işçinin vəziyyətinə düşmək istəmirik. Bu səbəbdən də səsimizi çıxara bilmirik.
Hər birimiz bu məktubu sizə göndərənə kimi stress keçirmişik. Çünki adlarımız açıqlansa, onlar bizi də işdən çıxartdırarlar.
Onu da deyək ki, işçilərimizin bəziləri qorxularından bizə qoşulmadı. Əslində, xəstəxanada hər kəs onlara etirazını bildirir. Amma kimsə bu müraciətə imza atmaq istəmir. Bu qadınlar da müəyyən şəxslərə arxalanıb, başımıza oyun açırlar.
Bu iki tibb bacısına sual verən yoxdur ki, sən bu maaşla necə dəbdəbəli həyat yaşayırsan?!
Sizin sayt vasitəsilə səlahiyyətli qurumlardan xahiş edirik, bizi düşdüşüyümüz bu vəziyyətdən xilas edin. İmkan versinlər öz işimizi layiqincə görək”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.