AZ

“Bakı gözəl şəhərdir, lakin insanların baxışları məni narahat etdi“ - SORĞU

Dünya gündəmini zəbt edən iqlim dəyişikliyi və davamlı inkişaf məsələləri ətrafında Bakı müzakirələri davam edir. Ekoloji problemlərdən çıxış yolları axtarılmasının vacibliyini və COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətini paytaxtımızın qonaqları da etiraf edirlər. Onlar Bakının yaşıllığından və mətbəxindən də həvəslə danışırlar. SİA xarici qonaqların COP29-la bağlı fikirlərini öyrənib:

Avstraliya vətəndaşı Rosalind Dowd:

“İlk dəfədir COP konfransında iştirak edirəm. Bir neçə gündür ki, “blue zone”da oluram, təşkilatçılıq yüksək səviyyədədir. Mən bir qrup uşaqla birgə gəlmişəm, onlar iqlim dəyişmələri məsələsində öz töhfələrini vermək istəyir və səslərini bütün dünyaya çatdırmaq istəyirlər.
Avstraliyada ən böyük iqlim problemi istilərlə bağlıdır. Belə ki, meşə yanğınları olur, heyvanlar ölür.

Bakını isə çox bəyəndim. Çox şanslısız ki, belə bir şəhərdə yaşayırsız”.

Kolumbiya vətəndaşı Bodhi Patil:

“Artıq üçüncü dəfədir ki, COP konfransında iştirak edirəm. Bakıda baş tutan COP digərlərindən fərqlənir, buranın enerjisi daha gözəldir. COP29-dan gözləntim sıfır itkiyə nail olmağı təmin etməkdir.

Azərbaycanı isə çox bəyəndim. Bakı gözəl şəhərdir. Lakin insanların baxışları məni narahat etdi. İstərdim ki, fərqli insanlar görməyə, onları qəbul etməyə alışsınlar”.

İtaliya vətəndaşı Giulia Canini:

“İlk dəfədir COP29-da iştirak edirəm və təşkilatçılığı çox bəyəndim. Lakin “green zone”da tədbirlərin daha çox olmasını istərdim. Eyni zamanda bəzi müzakirələr hələ də davam edir və qərarlar dəqiq olaraq verilməyib. Bütövlükdə isə COP29-un təşkilatçılığı, buradakı abu-hava gözoxşayandır.
İtaliyadakı ən böyük iqlim problemi isə yağıntıların həddindən artıq çox düşməsidir. Bu da öz növbəsində yeni problemlərə yol açır.

Bakı çox təmizdir və gözəldir”.

Pakistan vətəndaşı Nazakat Ul Hasnain:

“COP-da ilk dəfədir iştirak edirəm, burada keçirilən müzakirələr çox maraqlıdır. Düşünürəm ki, COP29-da aparılan müzakirələr, qəbul edilən qərarlar sayəsində iqlim dəyişmələri ilə bağlı məsələlərdə ciddi irəliləyiş əldə etmək mümkündür.
Azərbaycanı və buranın insanlarını çox bəyəndim. İlk dəfə idi Bakıda olurdum, lakin artıq ailəmlə də gəlməyi düşünürəm”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
9
sia.az

1Mənbələr