AZ

"Yeni Azərbaycan Partiyasının yaradılmasından 32 il ötür" - SORĞU

Yeni Azərbaycan Partiyasının yaradılmasından 32 il ötür. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə Ulu Öndər Heydər Əliyevin ətrafında birləşdilər. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Ümummilli Lider Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir.

SİA partiyanın ildönümü münasibətilə şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Səbinə Məmmədova: "YAP-a üzv olmasam da, deyə bilərəm ki, bu partiyanın dövlətin tarixində böyük rolu var. İndi İlham Əliyev YAP-ın sədridir. 1991-ci ildə Heydər Əliyev ilk sədri olmuş, uzun müddət o rəhbərlik etmişdir. Sovet dövründən sonra ilk yaranan partiyalardan biri olub. Ölkənin quruculuğunda, idarəsində, indiki vəziyyətinə çatmasında Yeni Azərbaycan Partiyasının rolu əvəzsizdir. Azərbaycanın inkişaf etməsi, uğurlara imza atmadı Yeni Azərbaycan Partiyasının fəsliyyəti ilə bağlıdır. Partiya haqqında, onun gördüyü işlər haqqında məlumatım müsbət yöndədir".

Şəhər sakini Zəminə Mahmudova: "Yeni Azərbaycan Partiyasının üzvü deyiləm, amma əminəm ki, YAP sevilən partiyadır. İstərdim ki, hər birimiz bu partiyanın üzvü olaq. Partiyanın sədri İlham Əliyevdir. Prezidentimizi, əlbəttə ki, sevirik. Ən çox da Vətən müharibəsindən sonra qələbə ilə daha çox sevdik. Hər kəs onun arxasında birləşdi. Qələbəmiz, torpaqlarımızın azad olunması, suverenliyimizin təmin olunması hər bir azərbaycanlını ürəkdən sevindirdi. Bu partiya da inanıram ki, bundan sonra daha da böyük uğurlara imza atacaq".

Şəhər sakini Nəsimi Mədətzadə: "YAP partiyası möhtəşəm Sovetlər birliyi dağılandan sonra bütün Azərbaycanı ayaqda saxlayan ən önəmli partiyadır. Partiyanın ilk sədri Ümummilli lider Heydər Əliyev idi, indiki sədri də Prezident, ölkə başçısı İlham Əliyevdir. O illəri biz yaşamışıq. 90-cı illərin əvvəlləri idi, bütün baş verənləri danışmaq çətindir. Həmin çətin vəziyyətdə dörd tərəfdən Azərbaycana hücumlar olmuşdu. Elə həmin vaxtda YAP Azərbaycanı gərgin vəziyyətlərdən xilas etdi. Ona görə də, bu partiyanın önəmini, fəaliyyətini yüksək qiymətləndirirəm".

Şəhər sakini, hüquqşünas Mirsahib Məcidov: "Mən 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Yeni Azərbaycan Partiyası yaranana qədər respublikamızda olan ümumi vəziyyət tamamilə başqa idi. Amma Ulu Öndərimiz hakimiyyətə gəldikdən sonra partiyanı yaratdığı gündən insanlarda bir ümid hissi yarandı. Yeni Azərbaycan Partiyasına Heydər Əliyev kimi bir şəxsiyyət rəhbərlik etdiyinə görə insanlarda ümid yarandı ki, ölkəmizdə olan hərc-mərclik, özbaşınalığa son qoyulacaq, ərazi bütövlüyümüz bərpa olunacaq. İnsanlarda gələcəyə ümid yarandı. Bu günə qədər də həmin ümid özünü doğruldur. Böyük şəxsiyyətə olan inam yerindədir".

Şəhər sakini Ricayət Bəşirova: "YAP-ın rolu danılmazdır, böyükdür. Partiyanın üzvü olmasam da, deyə bilərəm ki, ictimai-fəal partiyadır. Ölkəmizdə vəziyyət yaxşıdır. Şükürlər olsun, partiyanın rolunu yüksək qiymətləndirirəm. Təhsil, mədəniyyət, səhiyyə inkişaf edib, hər sahədə yeniliklər var. Bunların hamısına görə, bütün inkişaf etmiş sahələrə görə Yeni Azərbaycan Partiyası məsuliyyət daşıyıb, öhdəsindən də gəlib".

Şəhər sakini İlqar Bağırov: "Mən müəllim işləyirəm. Yeni Azərbaycan Partiyası aparıcı partiya kimi dövlətimiz üçün çox böyük işlər görüb. Fikirləşirəm ki, bunu bütün xalq bilir. Gördüyümüz bütün yaxşı işlər hamısı YAP-ın fəaliyyəti ilə bağlıdır. Mən 2000-ci ildən etibarən partiyanın üzvüyəm. Partiyadan, onun fəaliyyətindən razıyam".

Müəllif: Söylü Ağazadə
Seçilən
18
sia.az

1Mənbələr