AZ

VAR, yoxsa YOX?

FİFA-nın məlumatına və FİFA Hakimlər Komitəsinin sədri Pierluiji Kollinanın müsahibəsinə əsasən VAR sisteminə oxşar yeni sistemin mümkün tətbiqi son dövrlərdə anons edilmişdir.

Bu futbol camiəsində maraqla qarşılanmış və VAR sisteminin mümkün əvəzedicisinin yaranması kimi təqdim edilmişdir.

Bu sistem FVS (“Football Video Support”) – “Futbola Video Dəstək” sistemi adlanır. Bəs bu yeni sistemin məqsədi nədir?

Yeni sistem VAR-ın gələcəyinə necə təsir edəcək? Yeni sistemin tətbiqi futbola nə verəcək?

Bu suallara cavab tapmaq üçün “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin VAR sisteminin məqsədləri, gələcək perspektivi, yeni yaranan FVS sisteminin inkişafı və bu sistemlərin müqayisəsi barədə araşdırmasını sizlərə təqdim edirik.

2009-cu ildə Fransa ilə İrlandiya arasında keçirilən Dünya Kuboku seçmə oyununda Tieri Anrinin aşkar əl ilə etdiyi qayda pozuntusundan sonra Villiam Qallasın İrlandiya qapısına vurduğu qələbə qolunu hamımız yaxşı xatırlayırıq.

Fransa bu yolla 2010 Dünya Kubokunun final mərhələsinə vəsiqə əldə edən zaman hamı başa düşmüşdü ki, belə aşkar hakim səhvlərinə görə yeni texnologiyaların tətbiqi qaçılmaz olacaq.

Bu vaxta qədər FİFA və futbol oyun qaydalarının tənzimlənməsi ilə məşğul olan İFAB futbolda texnologiyaların tətbiqinə qarşı tam gücləri ilə mübarizə aparır və bunu əngəlləməyə çalışırdılar.

Amma video texnologiyaların mütəmadi inkişafı və digər idman növlərində video təkrarlardan istifadə təcrübəsi futbolda texnologiyaların istifadəsini qaçılmaz etdi.

Hamının gördüyü amma hakimlərin bir anın içində görə bilmədiyi oyun epizodları VAR sisteminə ehtiyacı vurğulayırdı.

Həmçinin, futbol icması, xüsusilə klublar və azarkeşlər bu yeniliklərin tətbiqini tələb edirdilər. Bununla belə, VAR sisteminin bu gün gördüyümüz hala gəlməsi üçün uzun illər vaxt lazım oldu.

Bu, təsadüfü deyil. FİFA futbolda qaydalar səviyyəsində etmək istədiyi bütün dəyişiklikləri rəsmi prosedur ilə təsdiq etməlidir və burada əsas söz sahibi kimi müstəqil təşkilat olan İFAB çıxış edir.

İFAB öncə mümkün dəyişiklikləri rəsmi təklif səviyyəsində qəbul edir. Sonra İFAB tədqiqat proqramları çərçivəsində FİFA ilə birlikdə mümkün dəyişiklikləri real yarışlarda (adətən aşağı yaş qrupları üzrə yığmalar səviyyəsində olan yarışlar) test edir.

Bu testlər İFAB-ın texniki alt komitəsinin nəzarəti və bilavasitə rəhbərliyi altında baş verir. Təsadüfü deyil ki, bu alt komitədə faktiki olaraq, dünya futbol hakimliyinin idarəçiləri toplaşıb.

Bunlar arasında FİFA Hakimlər Komitəsinin sədri Pierluiji Kollina, FİFA hakimlər departamentinin rəhbəri Massimo Buzakko, İFAB-ın texniki direktoru Devid Ellerey və İFAB-ı formalaşdıran əsas 4 Birləşmiş Krallıq ölkələrinin hakimlər üzrə rəhbər şəxsləri (İngiltərədən H.Veb, Şotlandiyadan V.Kollum, İrlandiyadan M.Rayli və Uelsdən F.Tomas) yer alır.

Həmçinin texniki testlər mərhələsi zamanı mümkün dəyişikliklərin bilavasitə futbola və futbol hakimliyinə necə təsir edəcəyi İFAB-ın iki məşvərət panelində müzakirə edilir və tövsiyələr İFAB-a təqdim edilir.

Bu panellərdən biri futbol məsləhət paneli adlanır və Arsen Venger, Luiş Fiqu və digər tanınmış futbol adamlarından ibarətdir.

Digər texniki məsləhət paneli isə 6 konfederasiyanın hakimlik üzrə rəhbərlərini birləşdirir və onların sırasında UEFA hakimlərinin rəhbəri Roberto Rozetti də yer alır.

Əslində bu şəxslər öz qitələrində aparılan testlərə rəhbərlik edir, nəticələri barədə İFAB-a mütəmadi məlumat və hesabat verən əsas adamlardı.

Beləliklə, yalnız texniki testləri, məsləhətləşmə və müzakirələri keçən mümkün oyun dəyişiklikləri İFAB Baş Assambleyasında təsdiq edilir. Texniki və texnoloji tətbiqləri nəzərdə tutan dəyişikliklər isə həmçinin FİFA Keyfiyyət Proqramının (“FİFA Quality Programme) təsdiqini almalıdır.

Qısası, niyə bu uzunmüddətli proseduru sadalayırıq?! Çünki, VAR sistemi belə mürəkkəb inkişafı yolu keçərək, 2016-cı ildə təsdiq edilib.

Həmin iclasda İFAB katibi Lukas Brud söyləmişdi ki, müasir stadionlarda 4G, wifi və video texnologiyalar olan dövrdə biz hər kəsin anında görə biləcəyi səhvlərdən hakimləri müdafiə etməliyik.

Amma VAR sisteminin bu uzun yolu hələ 2010-cu ildə Niderlandın Kral Futbol Assosiasiyasının "Hakimlik 2.0" layihəsi ilə başlayıb.

Sistemin əsas dəstəkçisi olan “uçan hollandlar” 2016-cı ildə PSV ilə FC Eindhoven arasında keçirilən yoldaşlıq oyunu ilə VAR-ı ilk dəfə sınaqdan keçiriblər.

Daha sonra 2017-ci ildə FIFA Konfederasiyalar Kuboku və nəhayət, 2018 FIFA Dünya Kubokunda VAR tam şəkildə tətbiq olunub.

Yuxardakı inkişaf yolu yeni FVS sistemi üçün eyni olacaq və onun rəsmi təsdiqi hələ bir neçə il vaxt aparacaq. Bununla belə söyləmək vacibdir ki, FVS artıq öz inkişafına başlayıb və ilkin testlər bitib.

Düzdür, İFAB 2023-cü ildə Baş Assambleyada yeni sistemin tətbiqinə icazə verəndə bu sistemin adı müəyyən edilməyib.

İFAB sadəcə olaraq, video təkrar texnologiyalarının hakimlərə əlavə dəstək imkanları üçün testlərə qərar verib. Belə görünür ki, bu testlər artıq FVS adını alıb və rəsmi yarışlarda sınaqdan keçirilir.

Bəs yeni FVS nədir və bu sistem niyə yaranır?

Qısa şəkildə başa düşmək üçün FVS sisteminin razılaşdırılmış iş prinsipi və oyunlarda addımlar ardıcıllığını təqdim edirik:

1. FVS sistemi VAR-da olduğu kimi yalnız aşağıdakı senarilərdə mümkün aydın və aşkar bir səhv və ya qaçırılmış ciddi hadisələr zamanı istifadə olunur: Qol/qol deyil; Penalti/verilməyən penalti; Birbaşa qırmızı vərəqələr (ikinci sarı vərəqə daxil deyil); Yanlış müəyyən etmə (hakim səhv oyunçunu xəbərdar etdikdə və ya meydandan kənarlaşdırdıqda).

2. Hakim qərar verdikdən (oyunu davam etdirmək jesti də qərar hesab olunur) sonra komanda epizoda təkrar baxmaq üçün müraciət etdikdə istifadə olunur.

3. Yalnız komandanın baş məşqçisi (və ya onun olmadığı halda, texniki zonada olan əsas komanda nümayəndəsi) təkrar baxmaq üçün müraciət edə bilər. Bu müraciət oyun epizodundan dərhal sonra, baş məşqçi tərəfindən baş barmağı yuxarı havaya qaldırmaq və tələb kartını dördüncü hakimə təqdim etməklə edilməlidir. Lakin hər bir oyunçu baş məşqçidən təkrar baxmaq tələbini etməyi xahiş edə bilər. Çünki oyunçular oyun epizoduna yaxın olduğundan hadisəni daha yaxşı görürlər.

4. Dördüncü hakim təkrar tələbini hakimə bildirəcək və əgər oyun epizoddan sonra dayanıbsa, (və yenidən başlamayıbsa), hakim VAR sistemində olduğu kimi monitora yaxınlaşaraq, təkrar görüntünü izləyəcək. Epizoddan sonra oyun dayanmadan davam edirsə, hakim top neytral zonada olduqda oyunu dayandıracaq və monitora gedərək təkrar görüntünü nəzərdən keçirəcək.

5. Təkrar baxış zamanı görüntü hakimə operatorun köməkliyi ilə təqdim ediləcək. Operator monitorda fərqli təkrar görüntüləri (məsələn, müxtəlif kamera bucaqları, bölünmüş ekran, fərqli təkrar sürətləri və s.) nümayiş etdirəcək.

6. Hakimin verdiyi ilkin qərar yalnız təkrar görüntülər açıq sübutlarla qərarın açıq və ya aşkar səhv olduğunu və ya qaçırılmış ciddi hadisə olduğunu nümayiş etdirərsə, dəyişdiriləcək. FVS sistemi az sayda kamera istifadə etdiyindən təkrar görüntülər tez-tez qane edici olmaya bilər və bu halda hakim ilkin qərarı dəyişdirməyə bilər.

7. Təkrar baxış tələbi dərhal edilməlidir ki: o Oyun Qaydalarının tələbinə uyğun olaraq oyun dayandıqdan sonra yenidən bərpa edildikdə qərar dəyişdirilə bilməsin;
o Komandanın baş məşqçisi təkrar baxış tələbi edib-etməməyi düşünərkən oyunun lüzumsuz gecikməsinin qarşısı alınsın.

8. Qol vurulduqdan sonra dördüncü hakim monitorda görüntüləri yoxlayacaq, açıq və ya aşkar qayda pozuntusu olduğu təqdirdə hakimə məlumat verəcək. Bu halda qərar yozuma açıq epizoddursa, hakim özü baxıb, yekun qərarı verəcək.

Əlavə olaraq, onu qeyd edək ki, hər komanda yalnız 2 dəfə (test mərhələsində belə razılaşdırılıb, gələcəkdə dəyişdirilə bilər) təkrar baxış tələbi irəli sürə bilər. Bu tələb nəticəsində komanda haqlı olarsa, baxış tələbi üçün cəhd itirilməyəcək.

Bəs VAR və FVS sistemləri arasında fərq nədən ibarətdir?

VAR və FVS-nin müqayisəli təhlili:

Bu suala cavab tapmaq üçün VAR və FVS sistemlərinin məqsədləri və mümkün fərqləri aşağıda təhlil edilmişdir.

Ümumilikdə, həm VAR, həm də FVS texnologiyaları futbol hakimliyində ədaləti və dəqiqliyi artırmaq məqsədi daşıyır. Onların konseptual məqsədləri və oyun zamanı tətbiq ardıcıllığı çox oxşardır. Lakin onların əhatə dairəsi, məsrəfləri və tətbiq prinsipləri fərqlənir.

VAR Sistemi
1. Məqsəd: VAR sistemi "aydın və aşkar" səhvləri müəyyən etmək üçün istifadə olunur.
2. Texnologiya və Proses:
o Stadionun müxtəlif yerlərində bir neçə kamera quraşdırılır. Minimum 6-8 kamera tövsiyə olunur.
o Video görüntülər mərkəzi video əməliyyat otağına real vaxt rejimində göndərilir.
o Hakimlər VAR müdaxiləsi olduğu halda meydanda quraşdırılmış monitorlar vasitəsilə epizodları təkrar izləyir.
o Yekun qərar bütün hallarda meydan hakiminə məxsus olur.
o Komandalar heç bir halda sistemin işləməsinə və hakim qərarlarına təsir edə bilməzlər.
o VAR hakimləri "aydın və aşkar" səhvlərin qarşısını almaq üçün oyunu daim izləyir.
3. Tətbiqi və çətinliklər:
o VAR sistemi əsasən böyük yarışlarda tətbiq olunur.
o VAR sisteminin tətbiqi yalnız İFAB-ın təsdiq etdiyi təlimat və VAR protokolunun tələbləri təmin edilməklə istifadə oluna bilər. Burada heç bir istisna mümkün deyil.
o Dəqiqliyi 99.3%-ə qədər artırır, lakin oyunda mümkün (VAR müdaxiləsi və VAR yoxlamaları) dayanmalar yaradır və komandalar qərarların qəbul edilmə prinsiplərini tam başa düşməmələri səbəbindən onlarda qeyri-müəyyənlik yarana bilir.
o Ən əsası, VAR yüksək xərclər tələb edir, texniki avadanlıqların xüsusi tələbləri və sertifikatları var. Adətən bu avadanlıqlar çox bahadır və bir neçə milyon ABŞ dolları həcmində xərcə səbəb olur. Bu səbəbdən VAR-ın kiçik liqalarda tətbiqi çətinləşir.

FVS Sistemi
1. Məqsəd: FVS kiçik büdcəli liqalar və turnirlər üçün əlçatan, ucuz alternativdir.
o VAR protokolunun əsas prinsiplərinə əməl edir, lakin daha məhdud tələblər qoyulur.
2. Texnologiya və Əlçatanlıq:
o Daha az kamera istifadə olunur. Minimum 3 kamera tövsiyə edilir.
o Daha sadə və ucuz texnoloji imkanları sayəsində istənilən stadion üçün uyğundur.
3. Tətbiqi:
o Daha kiçik büdcəli liqalar və regional turnirlər üçün nəzərdə tutulur.
o VAR sisteminə nisbətən çox az infrastruktur tələb edir.
o Minimum 3 kameralı çəkiliş görüntülərini hakimin baxması üçün monitorda nümayiş etdirmək kifayətdir.
o Təkrara baxış tələbini komandalar edir.

VAR və FVS Arasındakı Əsas Fərqlər
Sistemin adı: VAR FVS
Mürəkkəblik Geniş kamera şəbəkəsi və mərkəzləşdirilmiş video əməliyyat otağı. Az sayda kamera, sadə infrastruktur.
Xərclər Yüksək. Aşağı.
Tətbiq Sahəsi Əsasən elit yarışlar üçün uyğundur. Əs kiçik liqalar üçün əlverişlidir.
Oyunun Ritmi Tez-tez fasilələrlə oyunun axarını poza bilər. Yalnız komanda tələbi ilə daha az dayanma olur.

Yekun nəticə:
Müqayisə aydın şəkildə göstərir ki, FVS sistemi VAR-ın sadələşdirilmiş versiyası olmaqla daha kütləvi şəkildə istifadə oluna bilər.

Buradan belə qənaətə gəlmək olar ki, FVS VAR sistemini əvəz etməyərək, video təkrar texnologiyalarını və imkanlarını daha az büdcəli və aşağı liqalara daşımağa kömək edəcək.

Bu sistemin əsas özəlliyi əlavə VAR hakimlərinə və VAR infrastrukturuna ehtiyac olmadan komandalara onların razı olmadığı epizodlarla bağlı təkrar baxış fürsətini təqdim etməkdir. Bu həmçinin komandaların hakimlikdən narazı qalmamasına kömək edəcəkdir.

Yekunda, əminliklə söyləmək olar ki, FİFA VAR sistemini əvəz etməyi düşünmür və onun daha geniş miqyasda tətbiqinə səy göstərir.

Çünki bu gün VAR artıq bütün konfederasiyalarda, 50 ölkə və 200-dən artıq yarışda uğurla istifadə olunur. Yekunda vurğulayaq ki, FVS test mərhələsindədir və futbol oyun qaydalarına daxil ediləcəyi vaxt məlum deyil.

Bir şey aydındır ki, İFAB bu sistemi təsdiq etdiyi təqdirdə FVS-nin video təkrar imkanlarının aşağı liqalarda, o cümlədən ölkəmizin kubok yarışının ilkin mərhələsi və I divizion yarışlarında tətbiqi mümkün olacaqdır.

Bu araşdırma “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyi (AFH) tərəfindən Azərbaycan futbol ictimaiətini futbol oyun qaydalarında olan yeniliklər barədə maarifləndirmək məqsədilə hazırlanmışdır.

AFH 2003-cü ildən fəaliyyət göstərir və AFFA-nın üzv təşkilatıdır. Təşkilatın məqsədi futbol hakimliyinin və futbol oyun qaydalarının bütün üsul və vasitələrlə təbliği və inkişafına kömək etməkdən ibarətdir.

Araşdırmada olan məlumatlar barədə daha ətraflı oxumaq üçün mənbələr:

https://en.wikipedia.org/wiki/Video_assistant_referee https://inside.fifa.com/technical/football-technology/news/what-is-football-video-support https://www.theifab.com/ https://www.espn.co.uk/football/story/_/id/42347583/fifa-hopes-expand-trials-var-style-coach-challenges

SPORTİNFO.AZ

Seçilən
1
3
sportinfo.az

4Mənbələr