AZ

İqlimlə bağlı məlumatları düzgün təqdim etməyən ölkələr də var- BMT layihə hazırlayıb...

Image

Akif Nəsirli: “İqlim dəyişmələrinə qarşı mübarizəni maliyyələşdirməkdən yayınanlar da ən böyük ölkələrdir ki, onların təqdim etdiyi informasiyalar şübhəli görsənir”

BMT-nin Baş katibi Antonio Quterreş G20 liderlərinin Rio-de-Janeyroda keçirilən sammitində çıxışı zamanı COP29-un uğurla keçirilməsinin vacibliyini vurğulayıb. 

Eyni zamanda iqlim dəyişiklikləri ilə bağlı bir sıra vacib məsələlərə toxunan baş katib  iqlim dezinformasiyası ilə mübarizə məqsədilə BMT, Braziliya və UNESCO-nun “İqlim dəyişikliyi üzrə məlumatın dəqiqliyi ilə bağlı qlobal təşəbbüs” adlı yeni layihəyə start verəcəyini elan edib.

BMT, Brazilya və UNESCO iqlim dəyişikliyinə dair məlumatların dəqiqliyi üzrə layihə həyata keçirəcək. Göründüyü kimi, burda hətta iqlim dəyişiklikləri ilə bağlı məlumatların dəqiqliyinə şübhələr var. Demək, bəzi dövlətlərin iqlim dəyişikliyi ilə bağlı dəqiq məlumat təqdim etməsinə şübhələr yaranıb. Şübhələnirlər ki, bəzi ölkələr iqlim dəyişikliyi ilə bağlı lazımı məlumatları təqdim etmir. Bu nə dərəcədə əsaslı şübhədir?

“Bu layihə çərçivəsində həyata keçirilən monitorinqlər nəticəsində iqlim dəyişikliklərinə qarşı mübarizəyə maliyyə vəsaiti ayırmaqdan imtina edən ölkələrin arqumentləri əllərindən alınacaq”

Liberal İqtisadçılar Mərkəsinin rəhbəri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, belə bir layihənin həyata keçirilməsi artıq qərara alınıb. Hədəflər bəllidir. Bunun səbəbi nədir? Bəlli olub ki, builki və ötənilki COP tədbirində iqlim dəyişmələrinə qarşı mübarizəni maliyyələşdirməkdən yayınan bir sıra ölkələr bəhanə gətirirlər ki, elə də ciddi iqlim dəyişiklikləri yoxdur. Onlar deyirlər ki,  sadəcə olaraq, hadisələr, iqlim dəyişikliklərinin fəsadları şişirdilir, əslində dünyada iqlim dəyişikliklərinin o qədər də ciddi fəsadları yoxdur. Bu ölkələr iqlim dəyişmələri ilə mübarizəni maliyyələşdirməkdən yayınmaq, boyun qaçırmaq üçün belə arqumentlər gətirlər ki, iqlim dəyişmələrinin fəsadları elə də dəhşətli deyil, nəyə görə biz bu qədər pul verək. İqlim dəyişmələrinə qarşı mübarizəni maliyyələşdirməkdən yayınanlar da ən böyük ölkələrdir ki, onların təqdim etdiyi informasiyalar şübhəli görsənir. Bunlar Amerikadır, Avropa ölkələridir, Çindir və sair. Bunlar Dubayda keçirilən COP28-də və Bakıda keçirilən COP29-da iqlim dəyişikliklərinə qarşı mübarizəni bax, bu arqumentlə sabotaj edirlər. Ona görə də, indi qərara alınıb ki, BMT, Brazilya və UNESCO “İqlim dəyişikliyi üzrə məlumatın dəqiqliyi ilə bağlı qlobal təşəbbüs” adlı layihə həyata keçirsin, monitorinqlər aparılsın və təsdiqlənmiş nəticələr əldə olunsun. Yəni COP digər ölkələrin verdiyi məlumatlara əsaslanmayacaq, özünün maliyyələşdirdiyi və həyata keçirdiyi layihənin məlumatlarına görə əsaslandırma aparacaq ki, iqlim dəyişikliyinə qarşı mübarizəyə nə qədər vəsait lazımdır. Bu layihə çərçivəsində həyata keçirilən monitorinqlər nəticəsində iqlim dəyişikliklərinə qarşı mübarizəyə maliyyə vəsaiti ayırmaqdan imtina edən ölkələrin arqumentləri əllərindən alınacaq”.

A.Nəsirli qeyd etdi ki, iqlim maliyyələşməsindən yayınan iri dövlətlərin təqdim etdiyi məlumatların şübhəli olduğu ortaya çıxır və bu səbəbdən də həmin layihə meydana gəlir. A.Nəsirli hesab edir ki, o dövlətlər ki iqlim dəyişmələrinin ciddi fəsadlarının olmadığını iddia edirlər və dürüst informasiya verməkdən  yayınırlar, bu layihə çərçivəsində onların gizlətdiyi informasiyalar üzə çıxacaq. “Hər halda adi vətəndaş da iqlim dəyişikliklərinin fəsadlarının ortada olduğunu hiss edir. Amma o ölkələr sadəcə olaraq maliyyə verməkdən yayınmaq, iqlim dəyişmələrinə qarşı mübarizəni maliyyələşdirməyi sabaotaj etmək üçün bu arqumentdən istifadə edirlər. Məhz bu arqumentin əsalandırılması üçün o layihə həyata keçirilir”.

Bu layihədə BMT və UNESCO-nun iştirakının təbii olduğunu deyən A.Nəsirli vurğuladı ki, Brazilyanın ora dövlət olaraq əlavə edilməsinin səbəbi COP30-un  Rio-de-Janeyroda keçiriləcəyi ilə bağlıdır.   

İradə SARIYEVA





Seçilən
12
baki-xeber.com

1Mənbələr