AZ

İstanbulda Qarabağ zəfəri ilə bağlı konsert proqramı keçirilib

Qarabağ Zəfərinin dördüncü ildönümü münasibətilə İstanbulun Sureya Operasında “Dədə Qorqud” kamera orkestrinin möhtəşəm konsert proqramı keçirilib.

Apa-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, proqram Azərbaycan əsilli vəkil Nərgiz Attarın rəhbərliyi ilə Mədəniyyətlərarası Əlaqə Dərnəyinin himayəsində, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin mənəvi dəstəyi ilə təşkil olunub.

Konsertdə tanınmış dirijor, Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Yalçın Adıgözəlovun dirijorluğu ilə dünya şöhrətli fleyta ustası, Türkiyənin Dövlət solisti və Türkiyə Prezidenti Administrasiyasının Mədəniyyət və Sənət Mükafatına ilk layiq görülən sənətçi, UNICEF tərəfindən “Türkiyə yaxşı niyyət elçisi” elan edilən Şəfiqə Kutluerin ifası dinlənilib.

Azərbaycan və Türkiyə bəstəkarlarının əsərlərinin yer aldığı konsert proqramında olduqca zəngin repertuar tamaşaçılara təqdim edilib.

Anşlaqla keçən konsert proqramı tamaşaçıların gur alqışları ilə qarşılanıb.

COP29 Zirvəsinin davam etdiyi və dünyanın diqqətinin Azərbaycanda olduğu bu günlərdə, Qarabağ Zəfərinin əhəmiyyətini mədəniyyətin dili ilə geniş kütlələrə çatdıran konsertin hər il mütəmadi olaraq müxtəlif ölkələrdə keçirilərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, dirijor, Xalq artisti Yalçın Adıgözəlov və dünya şöhrətli fleyta ustası Şəfiqə Kutluerin iştirakı ilə “Dədə Qorqud” kamera orkestrinin növbəti konserti Ankarada Türkiyə Prezidenti Administrasiyasının Simfoniya Orkestr Salonunda (CSO) keçiriləcək.

Seçilən
14
3
qaziler.az

4Mənbələr