Qəbələdə güləş məşqçiləri üçün seminar keçirilib.
Bu barədə "Cebheinfo.az"a Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə adı çəkilən şəhərdə, o cümlədən Qax, Şəki, Zaqatala, Oğuz və Balakən rayonlarında fəaliyyət göstərən güləş üzrə məşqçi-müəllimlər iştirak ediblər.
Seminarın nəzəri hissəsi Heydər Əliyev mərkəzində baş tutub. Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin şöbə müdiri Müşfiq Abbasov çıxış edərək belə seminarların məşqçilərin bilik və bacarıqlarının təkmilləşməsində böyük rol oynadığını qeyd edib.
AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyev federasiyanın həyata keçirdiyi layihələrdən və bəzi güləş qaydalarından danışıb. Qadın güləşi üzrə yeniyetmə və gənclərdən ibarət millinin məşqçisi Həsrət Məmmədyarov və yunan-Roma güləşi üzrə U-17 millinin məşqçisi Elbrus Məmmədov həmkarları ilə öz təcrübələrini bölüşüblər.
I-S kateqoriyalı referi Sədi Quliyev mübahisə doğuran epizodlarda qəbul edilmiş qərarları şərh edib. Nəzəri hissədə yerli məşqçilərlə fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib.
Seminarın praktiki hissəsi isə “Qəbələ” İdman Klubunun güləş zalında keçirilib. H.Məmmədyarov sərbəst, E.Məmmədov isə yunan-Roma güləşi üzrə fəndləri icra ediblər. Onlar güləşdə qadağan olunmuş fəndləri də nümayiş etdiriblər.
Qeyd edək ki, güləş məşqçilərinin Ümumrespublika seminarının növbəti mərhələsi sabah Qobustan şəhərində keçiriləcək.
"Cebheinfo.az"