AZ

Aİ-95-lə əlaqəli baş verənlər Azərbaycanın iqlim siyasətinin tərkib hissəsidir...

Image

Məlum olduğu kimi, Azərbaycanda Aİ-95 markalı benzinin qiymətinin tənzimlənən qiymətlərə daxil edilməsi nəzərdə tutulur. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsində Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov bildirib ki, yaxınlarda Nazirlər Kabineti tərəfindən Aİ-95-i bu siyahıya salacağı gözlənilir.

Qiymətə gəlincə, nazir müavini bildirib ki, Azərbaycanda bir neçə aydır ki, Aİ-95 markalı benzinin istehsalına başlanıb, onun litri 1.60 manata satılır. Son illər qiymətini Tarif Şurasının tənzimlədiyi Aİ-92 markalı benzin, o cümlədən dizel ölkədə bahalaşdırılanda bu, dünya bazarlarında neftin qiymətinin yüksəlməsi ilə izah olunub, amma neftin qiymətləri düşəndə həmin növ benzin ucuzlaşmır. Aİ-95 benzininin də qiymətini hökumət tənzimləsə, qiymət necə olacaq? Hələlik, bu suala hökumət rəsmilərindən dəqiq cavab almaq mümkün deyil. Üstəlik, bu növ benzinin istehsal həcmləri ilə bağlı da heç bir rəsmi məlumat verilməyib. Amma hələ iyulda Heydər Əliyev adına Neft Emalı Zavodunun rəsmiləri bildirmişdi ki, hazırda Aİ-95 bazardakı tələbatı tam olaraq ödəyir. Ümumilikdə isə Azərbaycanda benzinin istehsalı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-oktyabr aylarında ölkədə 1 milyon 201 min ton benzin istehsal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0.7 faiz azdır. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Rövşən Muradov  mövzu ilə bağlı “Turan”a bildirib ki, Azərbaycanda, hələlik, Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir: “Yalnız Aİ-92 markalı benzin və dizel yanacağı tənzimlənən qiymətlərə aiddir. O ki qaldı Aİ-95-ə, o, əvvəllər xaricdə istehsal olunurdu, indi isə məlumatım belədir ki, onun istehsalı bizim ölkədə də aparılır. Ona görə də onun qiyməti enib və hazırda qiyməti 1 manat 60 qəpikdir. Amma onun qiyməti tənzimlənmir". Deputat qeyd edib ki, gələcəkdə Azərbaycan Aİ-95-in istehsalını daim aparacaqsa, qiyməti tənzimlənə bilər: "Çünki Aİ-92 ekoloji cəhətdən zəifdir, nəinki Aİ-95. İndi elektrik avtomobillər gəlir, biz çalışırıq ki, karbon qazının atmosferə buraxılması azalsın. Ona görə də nazir müavininin dediyində həqiqət var, yəqin ki, onlar bu sahədə siyasət həyata keçirirlər". Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli  bildirib ki, Aİ-95 markalı benzinin dövlət tərəfindən tənzimlənməsinə yenidən keçidi ciddi maraq doğurur: “Nəzərə alaq ki, Aİ-95 markalı benzinin qiyməti əvvəllər də dövlət tərəfindən tənzimlənirdi. Sonradan Nazirlər Kabinetinin qərarı ilə bu dövlətin nəzarətindən çıxarıldı. Faktiki olaraq, enerji şirkətləri bu növ benzini son aylara qədər xaricdən gətirirdilər. Qiymətləri də onlar müəyyən edirdilər. İndi bu məsələ yenidən dövlət tərəfindən tənzimlənməyə başlayacaq".

Məsələyə digər ekspertlərin yanaşması da maraqlıdır. Məsələn, iqtisadçı ekspert Xalid Kərimli hökumətin benzin növləri üzərində qərar qəbul edilmə prosesini Tarif Şurasının çərçivəsinə salması qərarların qəbulu zamanı SOCAR şirkətinin nəzərə ala bilməyəcəyi amillərin də nəzərə alınmasına gətirib çıxaracağını, bunun da məzmun maraqlarının uzlaşdırılması baxımından faydalı olduğunu bildirib: “Bütün bunların fonunda daha mühüm xəbər ondan ibarətdir ki, Aİ-95 markalı benzin ölkə daxilində istehsal olunur. Bu, o deməkdir ki, artıq daha ucuz maya dəyərində istehsal edilməsi imkanları mövcuddur. Əvvəllər Aİ-95 markalı benzini xaricdən idxal edirdik. Bu zaman isə əlavə logistik xərclər, istehsalçının istədiyi mənfəət marjasını qəbul etmək məcburiyyətində idik”. Ekspert qeyd edib ki, hazırda Aİ-95 markalı benzinin ölkə daxilində istehsal edilməsi də həm qiymətlərin kəskin tərəddüdünün, həm də benzinin həddən artıq qazancla satılmasının qarşısını alır. Beləliklə, logistik xərclər, istehsalçının istədiyi mənfəət marjası kimi məsələlər aradn qalxdığından Aİ-95 markalı benzinin qiyməti enə bilər. Bu da ondan istifadəyə marağı artıracaq. Qeyd edək ki, Aİ-95 markalı benzin Aİ-92 ilə müqayisədə atmosferi daha az çirklədirir. Bu səbəbdən demək olar ki, Aİ-95 markalı benzinlə baş verənlər Azərbaycan atmosfer çirklənməsinə qarşı mübarizəsində daha bir töhfə olacaq. Xatırladaq ki, SOCAR-ın emal kompleksində istehsal olunan məhsulları Avro-5 standartlarına çatdırmaq məqsədilə Heydər Əliyev adına neft emalı zavodunda  aparılan yenidənqurma və modernizasiya işlərinin ilkin mərhələsi üzrə işlər tamamlanıb. Layihənin dizel və benzin istehsalı qurğularının inşası üzrə işlər yekunlaşıb, bir sıra ümumzavod təsərrüfatı qurğuları, texnoloji qurğular istismara verilib. Görülmüş işlər nəticəsində neft emalı zavodunda   istehsal olunan Aİ-92 və Aİ-95 markalı avtomobil benzinləri artıq Avro-5 standartlarına çatdırılıb. Bu da ətraf mühitə daha az zərər verir.

Ramil QULİYEV





Seçilən
7
1
baki-xeber.com

2Mənbələr