AZ

32 ilin tarixi əsasında daha böyük tarixlər yaranacaq

Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması uğrunda gedən mübarizə cəmiyyətdə son dərəcədə ciddi siyasi fəallıq yaratmışdı. Dövlət müstəqilliyinin bərpa olunması haqqında Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycanı müstəqil dövlət kimi bir sıra dövlət tanıdı. İdarəçilikdə səriştəsizlik, ambisiyalar ciddi qarşıdurma yaratmışdı. Beə bir vaxtda cəmiyyəti doğru yola, Azərbaycanın işıqlı sabahlarına yönləndirməyə qadir olan bir siyasi partiya mübarizəyə qoşulmalı, bu mübarizəyə rəhbərlik etməli idi.

Belə bir vaxtda tarixə “91”-lərin müraciəti kimi tarixləşən bir müraciət qəbul olundu. Bu müraciəti 91 nəfər imzalasa da imza xalqın imzası idi, niyyət xalqın niyyəti idi. Bu müraciət böyük tarixi şəxsiyyətə - ömrünü Azərbaycanın sabahlarınıa sipər edən siyasi xadimə, Heydər Əliyevə ünvanlanmışdı. Müraciətdə onun yeni yaradılan siyasi partiyaya rəhbərlik etməsi xahiş olunurdu. “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər” - Ulu Öndər Heydər Əliyevin 91 nəfər ziyalının müraciətinə 1992-ci il oktyabrın 16-da belə cavab vermişdi.

1992-ci il noyabrın 21-də Naxçıvanda Azərbaycanın bütün regionlarını təmsil edən 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə təsis konfransı keçirildi, Yeni Azərbaycan Partiyası yaradıldı. Azərbaycanı düşünənlər ömrünü Azərbaycan üçün yaşayan böyük tarixi şəxsiyyət Heydər Əliyevin ətrafında birləşdi. Bu birlik siyasi birlik idi, bu birlik Yeni Azərbaycan Partiyası idi...

Təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsi və Proqramı qəbul edildi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri, Yeni Azərbaycan Partiyasının Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi.

Ulu Öndər Heydər Əliyevin yaratdığı bu qüdrətli partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi olub. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası indiyə kimi çox böyük, şərəfli yol keçib.

YAP Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyətə başladı. YAP müxalifət partiyası kimi yaransa da, onun hakimiyyətə münasibətdə tutduğu mövqe konstruktiv xarakter daşıyıb.

YAP Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiya kimi tanındı, böyük nüfuz qazandı.

Yeni Azərbaycan Partiyasına cənab İlham Əliyev böyük məsuliyyətlə, böyük sədaqətlə başçılıq edir. Hazırda YAP-ın 730 354 üzvü var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev YAP-ın VII qurultayında çıxışında dedi: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində¬ olacaq”.

YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, tərkibi 40 nəfər olan İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edildi. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq partiyanın sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il martın 5-də Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edildi. Bu təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşdı.

Yeni Azərbaycan Partiyasının proqramında Heydər Əliyev yolu, müstəqillik, Azərbaycançılıq, qanunun aliliyi, dövlətçilik, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət, demokratik ənənələrin inkişafı kimi strateji istiqamət müəyyənləşdirilib ki, bunlar da bilavasitə bəşəri ideyalarlla tam səsləşir.

Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi, iqtisadi, mədəni imkişafı naminə siyasi mübarizə aparan siyasi partiyadır. Bu partiya cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı daha işıqlı sabahlara aparır…

Səbinə Xasayeva,

Milli Məclisin deputatı

Seçilən
2
3
ikisahil.az

4Mənbələr