AZ

Bahar Muradova “Şəffaflıqda Gender” mövzusu üzrə yüksək səviyyəli paneldə çıxış edib » AzadMedia.az


“COP fəaliyyətlərinin əsas prinsipləri inklüzivlik və gender bərabərliyini vurğulayır. Azərbaycan inanır ki, əhalinin müxtəlif qruplarının – uşaqların, gənclərin, qadınların və həssas icmaların potensialını səfərbər etmək iqlim dəyişikliyinin yaratdığı problemlərin həllinə mühüm töhfə verəcəkdir”.


Bu sözləri 21 noyabr 2024-cü il tarixində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində keçirilən “Şəffaflıqda Gender” mövzusu üzrə yüksək səviyyəli tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.


BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Aradan Qaldırılması Komitəsinin üzvü, professor Rangita de Silva de Alwisin moderatorluğu ilə keçirilən tədbirin rəsmi açılış mərasimində ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayevin və BMT-nin İqlim Dəyişmələri Konfransı katibinin müavini Hamladjinin salamlama nitqləri dinlənilib.


Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, iqlim dəyişiklikləri və dünyamıza təsir edən təbii fəlakətlərin, habelə digər qlobal ekoloji problemlərin bəşəriyyətin gələcəyinə ciddi təhlükələr yaratdığını vurğulayıb. O, ölkələrin və beynəlxalq ictimaiyyətin bütün səviyyələrdə səylərini birləşdirməsini bu vəziyyətdən minimal itkilərlə çıxmağın əsas şərti olduğunu qeyd edib.


Azərbaycanda ətraf mühitin qorunmasına yönəlmiş zəruri qanunvericilik bazası hazırladığını və müxtəlif proqramlar vasitəsilə öhdəliklərin yerinə yetirilməsi üçün şərait yaradıldığını bildirən B.Muradova, ölkədə institusional mexanizmlər və əlverişli investisiya mühitinin də yarandığını əlavə edib.


Komitə sədri bildirib ki, 30 illik müharibə təcrübəsi ilə üzləşmiş Azərbaycan iqlim dəyişikliklərini və ekoloji çağırışları daha da kəskinləşdirən ərazi, iqtisadi və insan itkilərinə baxmayaraq, bu böhranın effektiv həlli üçün beynəlxalq təhlükəsizlik, sülh və sabitliyin birgə səylərdə olduğunu dərk edir. Cənubi Qafqazda sülh gündəmini təşviq etməklə Azərbaycan yaşıl iqtisadiyyat və bərpa olunan enerji sahələrində genişmiqyaslı yenidənqurma və bərpa işləri ilə inkişafa töhfə verir.


Sədr vurğulayıb ki, azaltma tədbirlərində gender inteqrasiyasını gücləndirmək, şəffaflıq, hesabatlılıq və bərabər iştirakı təmin etmək təkcə bərabərlik vasitəsi deyil, həm də qadın və qızların hüquqları üçün güclü vasitədir.


Azərbaycanda aparılmış Çoxölçülü Klaster Sorğusunu xüsusi qeyd edən B.Muradova əlavə edib ki, bu və digər məlumat toplama formatlarını, gender həssas göstəriciləri tətbiq edərək iqlim dəyişikliklərinə dair mövcud gender bərabərsizliyini üzə çıxara bilərik.


Komitə sədri deyib ki, beynəlxalq və milli öhdəliklərə uyğun olaraq, “Gender bərabərliyi üzrə Milli Fəaliyyət Planı”nın layihəsi hazırlanmışdır və Planın əsas prioritetlərindən biri də iqlim dəyişikliklərinin gender bərabərliyinə təsirini, qadınlar və uşaqlar üçün risklərini nəzərə alan adaptasiya tədbirləridir. Həmçinin əlavə edib ki, Dövlət Komitəsi hər il Milli Məclisə gender bərabərliyini təmin etmək üçün il ərzində həyata keçirilən əlaqələndirilmiş fəaliyyətlərin nəticələrini əks etdirən məlumat təqdim edir.


Bu proses özlüyündə genderlə bağlı məsələlərdə hesabatlılığı, şəffaflığı və səmərəliliyi artırmağa kömək edir.


Su və gender bərabərliyi mövzusunun müvafiq dövlət orqanlarının gündəmində olduğunu bildirən B.Muradova, Azərbaycanın iqlim hədəfləri arasında qadınların ekoloji məsələlərə çıxışını təmin etməklə bərabər, həm də onların bu prosesdə iştirakını artırmağın xüsusi yer tutduğunu qeyd edib. Bildirib ki, bu məsələdə də genderə həssas yanaşma tətbiq edilir.


Azərbaycanda sosial-iqtisadi inkişaf gündəliyinin qadınların iqtisadi imkanlara çıxışını yaxşılaşdırmağa yönəldiyini qeyd edən Komitə sədri kənd qadınları arasında kiçik və orta sahibkarlıq sahəsinin miqyasının genişləndiyini diqqətə çatdırıb. Xüsusilə də mənfi ekoloji təsirləri azaltmaq məqsədini daşıyan çoxölçülü tədbirlərdən ibarət “Yaşıl Kənd Təsərrüfatı”nı dəstəkləmək üçün 2020-2023-cü illəri əhatə edən Birgə Fəaliyyət Planının icra edildiyini bildirib.


B. Muradova vurğulayıb ki, COP29 çərçivəsində gender bərabərliyini hər iqlim siyasətinin əsas prinsipi etmək öhdəliyimizi təsdiq edirik. İstisnasız olaraq, bütün ölkələrin BTR (İkiillik Şəffaflıq Hesabatları) və NDC (Milli Müəyyən Edilmiş Töhfələr) hazırlanması və həyata keçirilməsi prosesində gender bərabərliyinə dair milli platformalar yaratmalıdır. O bildirib ki, bu, qadınlar və qızlar, ümumiyyətlə bütün digər həssas qruplara iqlim tədbirlərinə təsir göstərmək və layihələrin icrasına nəzarət etmək imkanı verəcəkdir. Həmçinin iqlim maliyyələşdirilməsində gender-həssas modellərin tətbiqi iqlim tədbirlərində gender bərabərliyini dəstəkləyəcəkdir.


B.Muradova BTR və NDC-lərdə gender bərabərliyinin təmin olunmasını davamlı və ədalətli iqlim gələcəyi üçün vacib şərt adlandırıb: “Bu təşəbbüsləri dəstəkləmək gender bərabərliyini iqlim dəyişiklikləri siyasətimizin ayrılmaz bir hissəsinə çevirməyə imkan verəcək və birlikdə daha güclü və daha inklüziv bir cəmiyyət qurulmasına töhfə verəcəyik. Hamınızı bu səylərə və məqsədlərə qoşulmağa çağırıram” - deyə çıxışını sonlandırıb.


Çıxışlardan sonra “BTR (İkiillik Şəffaflıq Hesabatı) və NDC-lərdə (Milli Müəyyən Edilmiş Töhfələr) gender inteqrasiyasının gücləndirilməsi” adlı panel öz işinə başlayıb.


Konfrans çərçivəsində gender komponentlərini özündə əks etdirən pantomima tamaşası nümayiş etdirilib.
Seçilən
5
23
azadmedia.az

10Mənbələr