AZ

Haaqa Məhkəməsi Netanyahunun həbsini istəyir

BCM İsrail müdafiə nazirinin də həbsini tələb edib, Bayden isə qərarını pisləyib

Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) hakimləri İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalant, eləcə də HƏMAS-ın öldürülən hərbi komandiri Məhəmməd Deifin həbsinə order verib.

Bu barədə məhkəmənin press-relizində məlumat verilib.

Hakimlər bildiriblər ki, onların üçü də İsrail və HƏMAS arasında müharibə zamanı baş vermiş hərbi cinayətlər və insanlığa qarşı cinayətlərdən məsuliyyətlidirlər.

Məhkəməyə görə, Netanyahu və Qalant aclıqdan müharibə üsulu kimi istifadə etməkdən cavabdehdirlər.

Hakimlər hesab edir ki, Benyamin Netanyahu və Yoav Qalant "qəsdən və bilərəkdən” Qəzza zolağının mülki əhalisini yaşamaq üçün zəruri olan ərzaq, su, dərman və tibbi ləvazimatlar, həmçinin yanacaq və elektrik enerjisindən məhrum ediblər.

HƏMAS-ın hərbi komandiri Məhəmməd Deif 2024-ci ilin iyulunda İsrailin Qəzza zolağının cənubundakı əl-Məvasi düşərgəsinə endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.

2024-cü il avqustun 1-də İsrail Müdafiə Qüvvələri onun ölümünü təsdiqləyib.

Netanyahu və Qalantın həbsinə order verilməsini 2024-cü ilin mayında Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan tələb etmişdi.

Eyni zamanda o, HƏMAS-ın üç lideri – Yəhya Sinvar, Məhəmməd Deyf və İsmayıl Haniyənin həbsinə order verilməsini də istəmişdi.

Həmin  vaxtdan bəri onların hamısı öldürülüb, həm İsrail, həm də HƏMAS bu iddiaları rədd edib.

Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin prokurorunun tələbini "qalmaqallı” adlandırıb və bunun nə onu, nə də İsraili dayandırmayacağını deyib.

ABŞ Prezidenti Co Bayden həbs qərarı tələbini pisləyib.

İndi ICC-nin 124 üzv dövləti (İsrail və ya onun müttəfiqi ABŞ daxil deyil) orderlərin icra edilib-edilməməsinə qərar verəcək.
Seçilən
6
arqument.az

1Mənbələr