AZ

Sahibə Qafarovanın Sankt-Peterburq görüşləri

MDB Parlamentlərarası Assambleyasının Şura və 57-ci Plenar iclaslarında iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 21-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. Həmçinin parlamentarilərimizin beynəlxalq təşkilatlarda, o cümlədən, MDB PA çərçivəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

***

Milli Məclisin sədri Sahibə Qafarova həmin gün Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova ilə də görüşüb.

Görüşdə Azərbaycan və Belarus arasında münasibətlərin bütün sahələri əhatə etməklə, dostluq və qardaşlıq prinsiplərinə söykəndiyi qeyd olunub. Vurğulanıb ki, münasibətlərin inkişafında iki ölkənin dövlət başçıları arasında yüksəksəviyyəli münasibətlərin mühüm rolu var.

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın mühüm bir istiqamətini təşkil edən parlamentlərimiz arasında münasibətlərin də hazırkı səviyyəsindən razılıq ifadə olunub. Sahibə Qafarova Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində Belarus parlament nümayəndə heyətinin geniş tərkibdə müşahidələr apardığını bildirib və qarşı tərəfə minnətdarlığını ifadə edib.

Natalya Koçanova Azərbaycanın sədrliyi ilə Bakıda COP29 kimi qlobal tədbirin uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb.

Seçilən
23
xalqqazeti.az

1Mənbələr