AZ

Liderin quruculuq kursu

III MƏQALƏ

Dövlətçilik hər bir şəxsin qəlbində olmalıdır.
Heydər ƏLİYEV
Ümummilli lider

Azərbaycan nümunəsi

II məqalədə quruculuğun politoloji anlamının Azərbaycan Prezidenti İlham Əliyevin nümunəsində daha geniş məna kəsb etməyə başladığını vurğulamışıq. Həmin anlamın siyasi-nəzəri kriteriyalarının tədqiqi çox aktualdır. Çünki onlar, faktiki olaraq, postsovet məkanında yeni liderlik nümunəsinin liderin hansı mənalarda qurucu ola biləcəyinə nəzəri-konseptual işıq salır. Demək istəyirik ki, müasir tarixi mərhələdə liderin quruculuğu dərin və çoxfaktorlu məsələdir və onu əsaslı fəlsəfi, siyasi-nəzəri təfəkkürün araşdırma hədəfinə gətirmək vacibdir. Bununla Azərbaycan fəlsəfi və politoloji fikri üç mühüm istiqamətdə addım atmış olur.

Birincisi, müasir mərhələdə, bütövlükdə, fəlsəfi və politoloji tədqiqatlarda keşməkeşli XXI əsrdə pozitiv mənada quruculuğun məzmun, məna və strateji hədəflərinə nəzəri baxışların formalaşmasına təkan verər.

İkincisi, Azərbaycan nümunəsinin ciddi surətdə fəlsəfi və siyasi-nəzəri tədqiqi əsrlərdir arxa plana atılmış Azərbaycan və onun əsasında, bütövlükdə, türk analitik təfəkkürünün yenidən ön sıraya çıxmasına töhfə olar.

Üçüncüsü, dünya miqyasında Azərbaycanda qurucu liderlik nümunəsinin fəlsəfi və siyasi-nəzəri tədqiqinin təməli qoyular.

Bunları həyata keçirmək mümkün və zəruridir. Azərbaycanda kifayət qədər istedadlı, yaradıcı və vətənsevər gənc alimlər vardır. Təmənnamız onların bu kimi mövzulara artıq getdikcə daha çox yönləndirilmələri və ya özlərinin yönlənməsindən ibarətdir.

Çevik və strateji qərarqəbuletmə

Çevik strateji qərar qəbuletmə özlüyündə tarixin bütün dönəmlərində siyasi lider və dövlət başçıları üçün vacib keyfiyyət olmuşdur. Lakin XXI əsr milli, regional, regionlararası və qlobal miqyaslarda dövlətin və cəmiyyətin həyatının bütün sferalarına elə sürətli dəyişmə və mürəkkəbləşmə dinamikası gətirmişdir ki, strateji qərar qəbuletmə yeni məna çalarları almışdır. İndi faktiki olaraq fəlsəfi və siyasi-nəzəri təfəkkür üçün “strategiya”, “strateji məqsəd”, “strateji konsepsiya”, “strateji proqnozlaşdırma” və s. kimi anlayışlarla yanaşı, “strateji qərar qəbuletmə” anlamı da olduqca aktuallaşmışdır. Məsələnin yalnız siyasi-nəzəri və ya fəlsəfi aspektdə aktuallaşdığını düşünmək tam doğru deyildir. Çünki fundamental elm sahələrində uzun müddətdir ki, qərar qəbuletmənin təbiətşünaslıq, informasiya, kulturoloji, idarəetmə, etik, ekoloji və digər anlamları üzərində ciddi araşdırmalar aparılır. Qısaca olaraq, onlardan ikisi üzərində dayanaq.

Onlardan birincisi, böyük azərbaycanlı alim Lütfi zadə qeyri-səlis məntiq və qeyri-səlis çoxluq nəzəriyyəsi çərçivəsində qərar qəbuletmənin konseptual və metodoloji izahı riyazi modelləşdirilməsi (yəni faktiki olaraq fundamental bilik aspektində dərki) ilə bağlıdır. Lütfi zadə keçən əsrin 60-cı illərinin ikinci yarısında qərar qəbuletmənin qeyri-səlis məntiq əsasında riyazi modelini qurmuşdur (Lütfi Zadə–Mamdani-Bellman). Orada göstərilir ki, hətta ən optimal modeldə belə elə sahə vardır ki, qərar qəbuletmədə nəzərə almaq imkansız olur. Buna görə də hər bir situasiyada qərar qəbul etmək nisbi xarakter (bu anlamda qeyri-səlis) daşıyır. Onun qurduğu qrafikdən aydın olur ki, qərar qəbuletmə sahəsindən kənarda olan sfera mövcuddur. Bu sfera həmin anda qərar qəbul edənin diqqətində obyektiv olaraq kənarda qalan faktorları ifadə edir.

Eyni nəticəni sinergetikada keçən əsrin 70-ci illərində almışlar. H.Haken tədqiqatında qərar qəbuletmənin sinergetik modelini qurmuşdur və orada faktiki olaraq Lütfi zadənin gəldiyi qənaət təsdiqini tapmışdır.

Bu iki ciddi və əsaslı elmi tədqiqat nümunəsi nəyi ifadə edir? Aydın olur ki, ümumiyyətlə, insan fəaliyyətində qərar qəbuletmənin həmişə bir qeyri-müəyyən, “qaranlıq”, elmi olaraq “tutula bilinməyən” tərəfi vardır. Eyni zamanda, burada müəyyən-qeyri-müəyyən dixotomiyası kontekstində standart nisbət müəyyən etmək mümkün deyildir. Çünki fəaliyyət sferaları fərqlidir və hər birinin özəl şərtləri, dinamikası mövcuddur. Siyasi fəaliyyət bu anlamda XXI əsrdə daha çox fərqlənməyə və mürəkkəb faktorların təsiri əhatəsinə düşməyə başlamışdır.

İndi müxtəlif fəlsəfi, politoloji, analitik, sosial-psixoloji, kulturoloji və sair araşdırmalarda siyasi liderin çox çətin və mürəkkəb şəraitdə qərar qəbul etməsi təhlil olunur. Lakin onların hər birinin bir qüsuru mövcuddur – universal kriteriyalar axtarmağa çalışırlar. Bunun əvəzində hər bir dövlət üçün real olan qərar qəbuletmə kriteriyalarının müəyyən edilməsi daha faydalı olardı. Bu barədə indi alimlər yazırlar.

Ancaq konkret dövlətdə liderin qərar qəbuletməsini əsaslı araşdırmaq üçün həmin liderin real fəaliyyəti olmalıdır, o öz nümunəsini yaratmalıdır. Məhz bu aspektdə İlham Əliyev nümunəsini tədqiq etməyə ehtiyac yaranmışdır.

Məsələ problemə daha geniş aspektdə yanaşanda bir az da mürəkkəbəlşir. Çünki strateji qərar qəbuletmənin çevik formasından bəhs edilirsə, meydana əlavə müxtəlif şərtlər çıxır. Bununla aydın olur ki, çevik strateji qərar qəbuletmə reallıqda ierarxik struktura və mürəkkəb funksional xüsusiyyətlərə malikdir. Şübhəsiz, məsələnin bu cür qoyuluşu strateji qərar qəbuletmədə baza rolunu oynayan prinsipin müəyyən edilməsi ilk addım olmalıdır. Ona da iki prizmada baxmaq lazımdır. Birincisi, hansı göstəricilər strateji qərarın çevik olduğunu göstərir? İkincisi, hansı meyarlarla müəyyən etmək olar ki, çevik qəbul edilmiş strateji qərar düzgündür? Bu iki sualın semantik anlamlarının siyasət müstəvisində kəsişdiyi “zona”dan cavab axtaraq.

Siyasi varislik-kreativlik: nəticəverici nisbət axtarışı

Bizcə, çevik və düzgün strateji qərar qəbuletmənin baza prinsipi siyasi varisliklə kreatviliyin (tətbiqi yenilik sayılan yaradıcı fikir, mövqe, qərar) dinamik vəhdətindən ibarətdir. Burada müstəqil dövlət üçün siyasi varisliyin təmələ yerləşdirilməsində məqsəd XXI əsrin meydana gətirdiyi və öncəki tarixi dövrlər üçün qeyri-standart sayılan şərtlərə mütləq surətdə dövlətçilik ənənəsi kontekstində baxılması zərurətini vurğulamaqdan ibarətdir.

Əgər kimlərsə, bu cür seçimi qeyri-demokratik, konservativ və ya hansısa köhnəlmiş “izm”lə əlaqələndirməyə çalışırsa, haqlı deyil. Çünki XXI əsr getdikcə daha geniş, intensiv və şiddətli formada sübut edir ki, indiki yüzildə yalnız dövlətçiliyində varisliyin yerini düzgün müəyyən edə bilən ölkələr milli müstəqil dövlət kimi ayaqda qala biləcəklər. Məlumdur ki, indi, bir sıra nəzəriyyələrdə, ümumiyyətlə, milli dövlətlərə ehtiyacın qalmadığı kimi təhlükəli ideyalar irəli sürürlər. Bunun fonunda milliliklə müstəqilliyin yeni məzmunları və münasibətləri formalaşır. “Milli” olmaqla “müstəqil” olmağın müasir anlamı, onların qarşılıqlı əlaqəsi və bütün bunların lider tərəfindən dərk edilməsi miqyası aktuallaşır.

Məsələnin bu cür qoyuluşu avtomatik olaraq siyasətdə liderin missiyası ilə fəaliyyət miqyası (bu anlayışlara akademik İsa Həbibbəyli mənasında baxırıq) arasında münasibətlərin və onun çevik strateji qərar qəbuletməyə təsirinin tədqiqini ön plana çıxarır. Çünki strateji qərar qəbuletməyə liderin öz missiyasını dərk etməsi ilə real fəaliyyət miqyasının sərhədləri ciddi təsir göstərməlidir. Hər bir lider bu sərhədlər daxilində ümumi mənzərəni görür və qiymətləndirir.

Əgər lider öz missiyasını siyasi varisliyə dayanan şərtlər daxilində həyata keçirmək kontekstində görürsə, onun fəaliyyətində mütləq, bu, öz əksini tapır – dövlətçilik ənənəsinə sadiqlik ön plana çıxır. Buna əsasən də lider fəaliyyət miqyasını milli səviyyədən, regional, regionlararası və qlobal miqyaslara transformasiya edə bilir (həmin səviyyələrə realpolitika müstəvisində keçid edir). Bu prosesdə milli liderin missiyası ilə fəaliyyət miqyasının dinamikası əhəmiyyətli rol oynayır. Strateji qərarlar həmin dinamika əsasında qəbul edilir.

Belə çıxır ki, XXI əsrdə strateji qərarların qəbil edilməsində öz missiyası ilə fəaliyyət miqyasını (liderlik miqyası) hansı nisbətdə görməsi lider üçün istiqamətverici rol oynayır. Buradan “çevik strateji qərar qəbuletmə” ilə “düzgün qərar qəbuletmə”nin məzmununa baxmaq olar. Çeviklik hər bir situasiyada liderin zamanında strateji məqamları nəzər alaraq qərara gəlməsini ifadə edir. Yəni “çeviklik” maksimum qısa müddətdə tələsik qərara gəlmək deyildir. Çeviklik elə qərar qəbuletmədir ki, birincisi, mövcud situasiyaya adekvat reaksiyadır, ikincisi, alınan qərar strateji faydalı olur. Çevikliyin nəticəvericiliklə əlaqəli dərk edilməsi yekunda qərarın strateji cəhətdən düzgün olduğunu təşkil edən arqumentlərdəndir.

Bizim əsas tezisimiz vurğulanan bu anlamların politoloji sintez edilməsindən formalaşır. Yəni düzgün və çevik strateji qərar qəbuletmə siyasi varisliklə mövcud situasiyada kreativ (yaradıcı, əhəmiyyətli dəyişdirici) görünən məqamların sintezindən yaranır. Bir neçə faktda İlham Əliyevin çevik və düzgün strateji qərarlar qəbul etdiyinə baxa bilərik.

İlham Əliyev Avropa İttifaqı ilə münasibətləri Şərq Tərəfdaşlığı Proqramı çərçivəsindən zamanında çıxararaq müstəqil əməkdaşlıq müstəvisinə keçirə bildi. XXI əsrin ikinci on illiyi və üçüncü onilliyin ilk illəri sübut etdi ki, Azərbaycan Prezidenti düzgün strateji qərar vermişdir.

İlham Əliyev 2009-cu ildə Türk Dövlətlərinin Naxçıvan Sammitində strateji hədəf olan əməkdaşlıq modelini sənədlərə konkret ifadə etməklə Türk dünyasının gələcəyi ilə bağlı düzgün qərar verdi. Bu prosesin sonrakı mərhələsi Şuşa Bəyannaməsi və daha sonrakı mərhələsi Qarabağ Bəyannaməsi oldu. İndi aydın olur ki, TDT vurğulanan kontekstdə uğurlu stategiyaya malikdir. Artıq TDT-nin himni səsləndirilir!

Bunların fonunda İlham Əliyevin bir neçə il müddətində milli ideyanın ərazi bütövlüyünün təmini kimi reallaşması istiqamətində həyata keçirdiyi proqramlar ciddi faktlardır. Çünki bu strateji baxış və fəaliyyət Vətən müharibəsində Qələbəyə gətirdi. Milli ideyanın reallaşmasının əsas nəticəsi isə Azərbaycan üçün yeni tarixi mərhələnin başlaması oldu.

Bu məqam siyasi liderlikdə əhəmiyyəti danılmaz olan bir faktoru ifadə edir: strateji çevik və düzgün qərar yeni bir mərhələnin əsasını yaradırsa və növbəti strateji hədəfləri müəyyən edirsə, uğurlu liderliyin missiyası ilə miqyasının səmərəli vəhdətindən xəbər verir.

Deməli, düzgün strateji qərar qəbuletmə qabiliyyəti siyasi varisliklə kreativliyin optimal nisbəti olduğu halda quruculuğun XXI əsrə xas olan başqa bir parametrini – ölkə üçün strateji məna daşıyan tarixi dövrləşdirməni gündəmə gətirir. İlham Əliyev Azərbaycanın yeni tarixi mərhələsini müəyyən edən milli siyasi liderdir! Burada nyə “Azərbaycan Respublikası” ifadəsini deyil, “Azərbaycan” terminini işlətdiyimizin xüsusi fəlsəfi, ideoloji və politoloji mənası vardır.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Seçilən
11
xalqqazeti.az

1Mənbələr