AZ

Mediaya sosial güzəştlər sistemli xarakter daşıyır

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin analitiki

Jurnalistika ilə məşğul olanlara 75 faizlik vergi güzəşti təklifinin müzakirəyə çıxarılması bundan xəbər verir

Azərbaycanda jurnalistika üzrə sosial proqramların tətbiq edilməsi ənənəsi 1990-cı illərdə ümummilli lider Heydər Əliyev tərəfindən yaradılıb. Həmin illərdə bazar iqtisadiyyatının şərtlərinə uyğunlaşması, müstəqilləşməyə çalışan media subyektlərinin keçid dövrünü uğurla adlaması üçün dövlət yardım əlini uzadıb. Kütləvi informasiya vasitələrinin müstəqilliyinin dəstəklənməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə qərarlar verilib. Bu kontekstdə mətbuat orqanlarının vergi yükünün azaldılması, qəzet redaksiyalarına kreditlərin ayrılması, qəzetlərin borclarının dövlət vəsaiti hesabına silinməsi, aparıcı KİV-lərə maliyyə yardımı göstərilməsi, o cümlədən, jurnalistlər üçün sosial güzəştlərin tətbiq edilməsi kimi addımlar atılıb.

2008-ci ildən etibarən bu yanaşma xüsusi proqram halını alıb. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə “Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası” qəbul edilib. Konsepsiya effekt verib, ölkədə fikir, söz və məlumat azadlığının inkişafı, KİV-lərin müstəqilliyinin dəstəkləməsi, redaksiyalara yardım mexanizminin təkmilləşdirilməsi, informasiya sektorunda yeni kommunikasiya texnologiyalarının tətbiqi stimullaşdırılıb. O cümlədən, media subyektlərinin institutlaşmasına, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaradılıb. Dövlətin informasiya sektoruna yönəlik dəstək siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə media müstəvisində fərd, cəmiyyət və dövlətin maraqlarının uyğunlaşdırılması təmin edilib. Media cəmiyyətin obyektiv məlumatlandırılması funksiyasını səmərəli şəkildə yerinə yetirə bilir.

Azərbaycanda media sektoruna yönəlik dəstək siyasətinin mühüm bir özəlliyi də budur ki, media subyektlərinin və jurnalistlərin müstəqilliyi qorunur, onların fəaliyyətinə hər hansı kənar müdaxilə istisna edilir. KİV-in inkişafına yönəlik dövlət dəstəyi qanunçuluq, məsuliyyət və şəffaflıq prinsiplərinə söykənir.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 12 yanvar 2021-ci il tarixli Fərmanından sonra bu sektorda yeniləşmə xüsusi vüsət alıb. İslahatlar dalğası media sektorunun bütün sahələri kimi, KİV-ə dəstək proqramlarını da əhatə edib. Fərmana uyğun olaraq, ölkədə media qanunvericiliyi yeniləşdirilib. 2022-ci ildə “Media haqqında” Qanun qəbul edilib, həmçinin Media Reyestri yaradılıb.

Yeni qanun media sektorunda anlayışları konkretləşdirir. Şəffaflığı artırır və sui-istifadə hallarının qarşısını alır. Media Reyestrinin tətbiq edilməsi isə həm media subyektlərinin, həm də jurnalistlərin sayını müəyyənləşdirməyə imkan verir. Bu aydınlaşma media subyektləri və jurnalistlər üçün sosial layihələrin həyata keçirilməsini asanlaşdırır, sosial proqramların hüquqi-iqtisadi əsaslandırılmasına şərait yaradır.

Təsadüfi deyil ki, yeni qanunun qəbul edilməsindən və Media Reyestrinin yaradılmasından sonra Jurnalistlər və media subyektləri üçün yeni güzəştlər, imtiyazlar müəyyənləşdirilib. Azərbaycan Prezidenti ipoteka qanunvericiliyinə edilən dəyişiklikləri təsdiqləyərək, jurnalistlərin güzəştli ipoteka kreditindən istifadə etmək hüququnu təsdiqləyib. Həmçinin, kütləvi informasiya məhsullarının, kitabların, dərsliklərin ərsəyə gəlməsi üçün istifadə edilən kağızın idxalı və satışı ƏDV-dən azad edilib. Çap və onlayn media subyektlərinin əldə etdikləri gəlirlər, o cümlədən, onlara verilən müvafiq maddi yardımlar gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən 3 il müddətinə azad olunublar.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin aparat rəhbəri Rəqsanə Kərimovanın dünən APA İnformasiya Agentliyinə verdiyi açıqlamasından məlum olur ki, jurnalistika ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirlərin 75 faizinin gəlir vergisindən azad edilməsini nəzərdə tutan qanun layihəsi müzakirəyə təqdim edilib. Onun sözlərinə görə, Vergi Məcəlləsinə təklif edilən bu dəyişiklik qəbul olunarsa, təqvim ili üzrə əldə etdiyi gəlirlərin həcmi xərclər nəzərə alınmadan 45 000 manatadək olan jurnalistlər bu fəaliyyətdən əldə edilən gəlirin vergisinin 75 faizindən azaddırlar”.

Vergi Məcəlləsi üzrə nəzərdə tutulan bu təklif onu göstərir ki, dövlətimiz media sektorunun inkişafını daimi olaraq diqqət mərkəzində saxlayır. Jurnalistlərin sosial rifahının daha da yaxşılaşdırılması üçün öz səylərini davam etdirir.

 

 

Seçilən
48
xalqqazeti.az

1Mənbələr