AZ

Erlinq Haland: “Pep” mənə xoş gəlir, ümidvaram ki…”

“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiolanın klubla müqaviləsi barədə danışıb.

Arena.az “Daily Mail” nəşrinə istinadən məlumat verir ki, “qolçu vikinq” ispan mütəxəssisin, “şəhərlilər”lə 2025-ci ilin yayında başa çatacaq müqaviləsinin müddətini yeniləyəcəyinə ümidlidir:

“Mən ümidvaram ki, “Pep” Qvardiola “Mançester Siti” ilə müqaviləsinin müddətini uzadacaq. Buradakı ilk iki il yarımda o, mənim üçün çox vacib olub. Ümidvaram ki, o, daha uzun müddət qalacaq. “Pep” mənə xoş gəlir və ümidvaram ki, o da məni bəyənər!”, deyə Haland vurğulayıb.

Erlinq “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 16 oyuna çıxıb, 15 qol vurub. Erlinqin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 114 oyun, 105 qol, 14 məhsuldar ötürmə.

Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olmuşdu. Geridə qalmış mövsümdə isə “qolçu vikinq” ardıcıl ikinci dəfə İngiltərə çempionluğunu qazanıb. Haland yeni mövsümə də İngiltərə Super Kubokunu qazanmaqla başlayıb.

Erlinq Haland hazırda kapitanı olduğu, 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 39 oyuna 38 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 24 yaşlı norveçli hücumçunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir. Bu, Halandın dünyanın ən bahalı iki futbolçusundan biri olduğu deməkdir (digəri “Real”ın və Braziliya millisinin hücumçusu Vinisius Juniordur).

Seçilən
39
4
arena.az

10Mənbələr