Bəlli olduğu kimi, ABŞ prezidenti Co Bayden Ukraynanın Rusiya ərazisinin dərinliklərinə hücumlar həyata keçirməsinə icazə verib.
Musavat.com xatırladır ki, bu qərar ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbəsindən dərhal sonra verilib.
O zamana qədər belə bir qərarın verilməməsi Ukrayna prezidenti tərəfindən kəskin tənqid olunurdu.
Trampın seçkilərdə qalib gəlməsi Vaşinqtonun Kiyevə dəstəyini azaltma planlarını gündəmə gətirib. Bu səbəbdən Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makron Co Baydeni vəzifədən ayrılmadan əvvəl Ukraynanın Rusiya ərazisinin dərinliklərinə "Storm Shadow" uzun mənzilli raketlərlə hücumlar həyata keçirməsinə icazə verməyə inandırmağa çalışıblar.
"The Telegraph" qəzetinin məlumatına görə, Britaniya və Fransa liderləri Donald Trampın Vaşinqtonun Kiyevə dəstəyini azaltma planlarını əngəlləmək üçün Baydeni bu qərarı verməyə təşviq ediblər. İngiltərə hökuməti Baydenin vəzifədən ayrılmadan əvvəl bu hücum qadağasını qaldıraraq, xarici siyasət mirasının bir hissəsi halına gətirməsini ümid edir. Qəzetə danışan bir mənbə Britaniya hökumətinin Baydenin vəzifə müddəti bitmədən qalan vaxtı ən yaxşı şəkildə dəyərləndirməyi planlaşdırdığını bildirib.
Daha əvvəl "The New York Times" qəzeti adını açıqlamayan yüksək səviyyəli ABŞ rəsmilərinə istinadən Co Baydenin Ukraynanın Rusiya ərazisinə uzun mənzilli taktiki raket sistemləri (ATACMS) ilə hücumlar həyata keçirməsinə icazə verdiyini yazmışdı. Qəzetin mənbələrinə görə, Rusiya ərazisinin dərinliklərinə ediləcək ilk hücumlar böyük ehtimalla ATACMS raketləri ilə həyata keçiriləcək.
Bu qərar ABŞ-ın Ukraynaya dəstəyinin davam edəcəyini və Rusiya ilə olan gərginliyin artacağını göstərir. Baydenin bu addımı Trampın prezidentlik dövründə Ukraynaya olan dəstəyin azalacağı ehtimalına qarşı bir tədbir kimi qiymətləndirilir.
Musavat.com