AZ

Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurət idi



YAP-ın yaradılması Azərbaycanın siyasi arenada yeni gücün formalaşmasına səbəb oldu və partiya sonrakı illərdə ölkənin ən nüfuzlu siyasi qüvvəsinə çevrildi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə partiya, ölkədə siyasi sabitliyin bərqərar olmasına və Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin güclənməsinə əhəmiyyətli töhfələr verdi. Yeni Azərbaycan Partiyasının növbəti uğurları, Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsinə və xalqın rifahının yaxşılaşdırılmasına yönələn müasir siyasi sistemin formalaşmasında əsaslı rol oynamışdır.

Xalqın, dövlətin taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Təbii ki, sadəcə yeni siyasi partiyanın yaradılması ilə problemlər həll olunmayacaqdı. Bu partiyanın həqiqətən də ölkəni düşdüyü böhrandan çıxara bilməsi üçün onun rəhbərliyində güclü şəxsiyyət, xalqın güvəndiyi lider durmalı idi. Məhz buna görə də yeni siyasi partiyanın yaradılması təşəbbüsü ilə çıxış edən insanlar xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Ümummilli lider Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Həmin müraciətə Azərbaycan xalqının Dahi şəxsiyyəti belə cavab vermişdir: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.”

1992-ci il noyabrın 21-də Ulu Öndərimizin sədrliyi ilə Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans keçirildi. 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Beləliklə, 1992-ci ilin noyabr ayında gənc və hələ çox zəif Azərbaycan üçün real inkişaf perspektivləri yaranmış oldu.
Ölkə Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII qurultayında etdiyi çıxışında dediyi kimi, faktiki olaraq məhz 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi də məhz həmin tarixdən başladı.

Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixində keçirilmiş VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə olmuşdur. Qurultayda qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi.

Bəhruz Ramazanov,
YAP Qusar rayon təşkilatının məsləhətçisi.




Seçilən
0
1
aia.az

2Mənbələr