AZ

Bağçalarda uşaqlara makaron verilir, zərərlidirmi? - Pediatr aydınlıq gətirdi

Tanınmış pediatr Məshəti Nəcəfova bağçalarda uşaqlara makaron verilməsinin onların sağlamlıqlarına təhlükə yaratması barədə fikirlərə münasibət bildirib.

 

Pediatr Pravda.az-a açıqlamasında deyib ki, hər bir uşağın evdə valideynlərinin nəzarəti ilə düzgün qidalandırılmasına çalışılır.

 

"Valideynlər uşaqlarını bağçaya qoyduqda bəzi narahatlıqları olur. Bunlardan biri də onların necə qidalanacaqlarıdır. Bəzi valideynlər "bağçada uşaqlara makaron verirlər, bu, uşaqlar üçün zərərli ola bilər" deyə də narahat olurlar. Gəlin doğru anladaq və onların narahatığına son qoyaq. Uşaq bağçalarında makaron verilməsi tam olaraq zərərli olmasa da, bəzi nüansları nəzərə almaq lazımdır. Məsələn, makaronun növü. Tam taxıldan hazırlanan makaron daha faydalıdır.Çünki bu növ liflərlə zəngindir. Bu da uşaqların mədə-bağırsaq sisteminin normal fəaliyyəti üçün vacibdir. Həm də daha yaxşı mənimsənilir. Makaron karbohidrat mənbəyi olduğu üçün paralel olaraq uşaqların menyusuna zülal (ət, toyuq, balıq), meyvə-tərəvəz və sairə də daxil edilməlidir. Belə olduqda uşaqlar birtərəfli qidalanmırlar. Makaronla yanaşı təqdim olunan souslar tərəvəz əsaslı, az yağlı olmalıdır. Makaronun həddən artıq istehlakı artıq çəkiyə və qan şəkərinin balansının pozulmasına gətirib çıxara bilər. Buna görə də həftədə 1-2 dəfə məhdud porsiyalarda verilməlidir. Bəzi uşaqlar qlütenə dözümsüzlük problemləri yaşayırlar. Belə uşaqlara qətiyyən taxıl məhsulları, o cümlədən makaron vermək olmaz. Bir sözlə, makaron keyfiyyətli tərkiblidirsə və menyuda düzgün balanslaşdırılıbsa, zərərli deyil", - M.Nəcəfova bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 22 Noyabr 2024, 10:18   
Seçilən
8
1
pravda.az

2Mənbələr