AZ

Doğru reklam kanalını necə seçməli?

Müasir dövrdə reklamlar müxtəlif platformalarda təqdim olunur ki, bu da reklam olunan nəsnənin öz hədəf auditoriyasına daha çox çatmasına kömək edir. 

Hər bir kommunikasiya kanalının öz auditoriyası var, ona görə də düzgün platformanın seçilməsi reklamın uğurlu olmasında vacib amildir. Televiziya, radio və sosial şəbəkələrdə reklamların necə paylanacağı məhsulun uğuruna təsir edir. Bəs reklam verənlər kanallar arasında seçim edən zaman nələrə diqqət etməlidir? 

Valyuta.az-a danışan "Viva" kommunikasiya agentliyinin təsisçisi, kommunikasiya eksperti Vüqar Baba deyir ki, hər media kanalı fərqli auditoriyalara xitab edir. Buna görə də, reklam məzmunu da fərqli olur və reklam olunan xidmət, məhsul da hər biri xitab etdiyi auditoriyaya uyğun kommunikasiya kanalı ilə çatdırılmalıdır: "Məsələn, televiziya daha kütləvi tələbat mallarının reklam olunduğu sahə hesab olunur. Burada bütün növ məhsul və xidmətlər reklam oluna bilər. Yayımlanan verlişin məzmununa və yayınlanma gününə, saatına görə reklamın məzmunu dəyişə bilər”. 

Vüqar Babanın sözlərinə görə, radioda reklam olunan məhsullar daha çox avtomobildən, ictimai nəqliyyatdan istifadə edən şəxslərin istehlak edə biləcəyi məhsul və ya xidmətlərə aid olur. Qəzetlərdə isə daha çox ciddi məlumatlar və ya rəsmi şəxslərə xitab edən reklamlar gedə bilər: “Çünki hazırkı vəziyyətdə qəzetlərin abunəliklərinin böyük hissəsi dövlət qurumları tərəfindən satın alınır. Buna görə də, qəzet daha çox rəsmi şəxslərin, böyük idarələrdə işləyən kəslərin oxuyacağı media kimi nəzərə alınmalıdır. Bu auditoriyaya xitab edən məhsullar orada reklam olunmalıdır”.

Ekspert qeyd edir ki, jurnallar isə tematik reklamlar üçün daha uyğundur: “Sağlamlıq, avtomobil, gözəllik, qida və s. mövzulara görə konkretlik təşkil etdiyi üçün buradakı reklamlar isə daha çox çeşidlənmiş auditoriyaya hədəflənir. Sosial media isə reklam verənlərə digər kanallara nisbətən daha konkret hədəf auditoriyasına çıxmağa kömək edir. Yəni, reklamı verəcəyi auditoriyanın yaşını, cinsini, maraq dairəsini, hobbilərini, yaşadığı şəhəri, qəsəbəni, istifadə etdiyi smartfonun, kompüterin markasını, təxmini aylıq gəlirini, sevdiyi musiqini, filmləri və s. detalları ayırd edərək onlara reklam vermək imkanı verdiyinə görə, bir çox reklam verən tərəfindən son vaxtlar ən çox üstünlük verilən reklam alətidir”.

Vüqar Baba premium brendlərdən danışan zaman qeyd etdi ki, onlar adətən kütləvi mediada reklam olunmur. Daha çox "Google" reklamlar, yüksək abunə dəyəri olan medialarda, bir də  jurnallarda reklam oluna bilər: "Hər hansı premium brend jurnaldan başqa digər kütləvi media qurumlarında reklam yerləşdirmir. Hətta onlar bunu özlərinə bir növ qadağan ediblər".


 

Seçilən
13
valyuta.az

1Mənbələr