AZ

Bu gün Ədliyyə işçilərinin peşə bayramıdır

Bu gün Ədliyyə işçilərinin peşə bayramı günüdür. Bu bayram ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunub.

1918-ci ilin may ayının 28-də isə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə yeni hüquq sisteminin formalaşdırılması istiqamətində işlər aparılıb, dövlət qurumları qanunvericilik aktlarının qəbulu və ictimai həyatın yeni normalara uyğun tənzimlənməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilib.

Cümhuriyyətin yaranması ilə eyni gündə (28.05.1918) Ədliyyə Nazirliyi də təsis edilib, Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsinin qəbul edilməsinin ardınca, 1918-ci ilin noyabr ayının 22-də isə Ədliyyə Nazirliyinin funksiyalarını, fəaliyyət istiqamətlərini və səlahiyyətlərini müəyyən edən Əsasnaməsi təsdiq olunmuşdur.

Hökümətin 1919-cu il 11 avqust tarixli qərarı ilə Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş və bu sahədə iş təkmilləşdirilib.

Bu dövrdə F.Xoyski, X.Xasməmmədov, A.Safikürdski, T.Makinski Azərbaycan Xalq Cumhurriyyətinin Ədliyyə Nazirləri, eyni zamanda baş prokurorları olublar.

Bakı kommunası dövründə və ondan sonrakı dövrlərdə Xalq Ədliyyə Komissarları olan Əliyehdər Qarayev, S.Çivanov, B.Vəlibəyli, Böyükağa Talıblı, Hüsü Hacıyev, Ayna Sultanova, Y.Məmmədov həm də Azərbaycan SSR-nin baş prokurorları vəzifəsini icra ediblər.

7 dekabr 1959-cu il tarixdə isə Ədliyyə Komissarlığı ləğv edilərək, məhkəmə orqanlarının fəaliyyətinə rəhbərlik və nəzarət, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə olunub, Nazirlər Soveti yanında Hüquq Komissiyası təşkil edilib və bununla da Ədliyyə Komissarlığının səlahiyyətləri həmin orqanlar arasında bölüşdürülüb.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 1992-ci il tarixli Fərmanı ilə Ədliyyə Nazirliyinə öz səlahiyyətləri həddində xarici dövlətlərin müvafiq orqanları ilə, habelə beynəlxalq təşkilatlarla hüquqi yardım haqqında müqavilələr və sazişlər bağlamaq hüququ verilib.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı 9 oktyabr 1999-cu il tarixli Fərmanı ilə Daxili İşlər Nazirliyinin istintaq təcridxanalarının Ədliyyə Nazirliyinin tərkibinə verilməsi təmin edilmiş, 11 noyabr 2000-ci il tarixli Sərəncamla 22 noyabr - Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiqləndiyi gün, Respublikamızda ədliyyə işçilərinin peşə bayramı kimi qeyd olunmağa başlanıb.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə, 16 avqust 2001-ci ildə Azərbaycanın Ədliyyə tarixi ilə bağlı muzeyin yaradılması qərarı verilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilib, ona hüquq mühafizə orqanı statusu verilib.

İlham Əliyevin 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə təsdiq olunub "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı" ölkəmizdə ədliyyə sisteminin daha da təkmilləşməsində, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edən orqanların fəaliyyətindəki səmərəliliyin artırılmasında vacib rol oynayıb.

Seçilən
7
demokrat.az

1Mənbələr