AZ

Aliment fondu nədir, necə fəaliyyət göstərir, Azərbaycanda yaradıla bilərmi? – AÇIQLAMA

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 36651 nikah, 15964 boşanma qeydə alınıb, 1000 nəfərə 4,8 nikah, 2,1 boşanma düşüb. Təbii ki, boşanmalardan həm mənəvi, həm də maddi zərər çəkən əsas tərəf uşaqlar olur. Onlar mənəvi travmalar almaqla yanaşı, bəzi səbəblərdən maddi sıxıntılar çəkməyə məcbur olurlar. Belə ki, bəzən valideynlər müxtəlif bəhanələr gətirməklə alimentlərdən yayınırlar. Belə olan halda alimentin alınması mümkün olmur və övladını tək böyüdən valideyn üçün çətinlik yaranır. 

Xarici təcrübələrdə aliment fondunun olduğunu nəzərə alsaq, ölkəmizdə də bu tətbiq oluna bilərmi? Ümumiyyətlə, aliment fondunda proses necə baş verir?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Azərbaycan universiteti “Sosial işin təşkili” kafedrasının müdiri Nigar Şahhüseynbəyova bildirib ki, aliment fondunun yaradılması Azərbaycanda tək valideynlər üçün əhəmiyyətli bir dəstək mexanizmi ola bilər.

Onun sözlərinə görə, xarici təcrübələr göstərir ki, belə fondlar ödəyicinin aliment ödənişindən boyun qaçırdığı, xaricə getdiyi, əmək fəaliyyəti ilə məşğul olmadığı və ya vəfat etdiyi hallarda, aliment almaq hüququ olan şəxslərə maliyyə təminatı verir:

 

“Almaniya və İsveç kimi ölkələrdə aliment fondları bu cür hallarda valideynlərin yükünü azaldır və övladların maddi ehtiyaclarını təmin edir. Azərbaycanda bu praktikanın tətbiqi müvafiq hüquqi və maliyyə mexanizmlərinin yaradılmasını tələb edir. Dövlət bu istiqamətdə addımlar atarsa, aliment fondu, xüsusilə həssas qrupların sosial müdafiəsində mühüm rol oynaya bilər”.

 

N.Şahhüseynbəyova prosesin necə baş verdiyini izah edib:

 

“Aliment almaq hüququ olan valideyn müraciət edərək ödəyicinin borcu ödəmədiyini təsdiqləyən sənədləri təqdim edir. Fond borcun mövcudluğunu yoxlayır və təsdiqləyir. Fond ödəməni həyata keçirir və eyni zamanda ödəyicidən borcun tutulmasını təşkil edir. Ödənişlərdən sonra fond ödəyicidən məbləği tutmaq üçün hüquqi mexanizmlərdən istifadə edir.Fondun büdcəsi isə bir neçə mənbədən maliyyələşir. Buraya xüsusi vergilər və ödənişlər, dövlət büdcəsi və aliment borclularından tutulan məbləğlər daxildir. Tam xərcləri yalnız dövlətin qarşılaması mümkün olmadığından, kombinə olunmuş maliyyələşmə modeli tətbiq olunur. Skandinaviya kimi ölkələrdə məbləğin yığılmasında sosial sığorta fondları da iştirak edir”.

Seçilən
1
1
nocomment.az

2Mənbələr