AZ

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH

Lüksemburq Deputatlar Palatası növbəti dəfə qərəzli və absurd yanaşma sərgiləyib. Belə ki, bu dəfə adıçəkilən ölkənin qanunverici orqanının təmsilçiləri Qarabağda separatçı hərəkətlərə yol verən, Azərbaycan torpaqlarında terror aktlarına imza atan şəxslərin azad olunmasını tələb edən “qətnamə” qəbul ediblər. Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri olaraq bu yanaşmadan, sadəcə, təəssüf hissi keçirirəm. Təbii ki, bu sənədin heç bir hüquqi əsası yoxdur və bizim üçün adi kağız parçasından başqa bir şey deyil.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova söyləyib.

“Məsələ burasındadır ki, milli dili olmayan, öz qanunvericiliyində fransız dilini əsas dil kimi müəyyən etmiş lüksemburqlu təmsilçilər Cənubi Qafqaz regionuna da fransızsayağı yanaşırlar. “Qətnamə”də erməni lobbisinin, E.Makronun dəst-xəti kifayət qədər aydın sezilir. Belə ki, kağız parçasında Azərbaycan Xarici İşlər Nazirliyinin 2024-cü il 26 avqust tarixli qərarı ilə AŞPA-nın 76 deputatını “arzuolunmaz şəxs” elan etməsinə qarşı bənd də salınıb. Beynəlxalq münasibətlər sistemində heç bir nüfuzu olmayan bu ölkənin belə qərəzli yanaşmaları təbii ki, rəsmi Bakının mövqeyinə təsir edə bilməz”, – deyə deputat bildirib.

O bildirib ki, Lüksemburq parlamentinin qəbul etdiyi sənəd beynəlxalq birliyin Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycana münasibətini dəyişə bilməz.

Erməni lobbisinin təsiri altına düşən lüksemburqlu parlamentarilər reallıq hissini itirərək, BMT-nin ən nüfuzlu tədbirlərindən biri olan COP29-un keçirildiyi bir vaxtda bu cür qarayaxma kampaniyasına qoşulublar. Azərbaycanı heç bir əsas olmadan söz azadlığını pozmaqda ittiham edirlər, amma nədənsə, COP29-un fəaliyyətini azad şəkildə işıqlandıran 4000-ə qədər yerli və beynəlxalq media təmsilçisini görməzdən gəlirlər. Eyni zamanda, 197 ölkənin vətəndaş cəmiyyətinin nümayəndələrinin məhz COP29 çərçivəsində müxtəlif mövzularda aparılan müzakirələrdə maneəsiz iştirakı söz azadlığının ən bariz göstəricisidir. Bu reallıqlar fonunda Azərbaycanı insan haqlarının pozulmasında ittiham etmək, sadəcə, riyakarlıqdır.

Məsələ burasındadır ki, Lüksemburqun Deputatlar Palatasının sədri də bu ilin mayında Ermənistana səfər edərək, bu ölkənin parlamentində çıxışı zamanı Azərbaycanın ünvanına ittihamlar səsləndirmişdi. Azərbaycan parlamenti bu qərəzli və absurd fikirləri kəskin şəkildə qınayaraq qətiyyətlə etirazını bildirmişdi.

Görünən odur ki, Lüksemburq 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni reallıqları hələ dərk edə bilməyib. Müharibədən sonra bu ölkənin xarici işlər naziri də absurd bəyanatlarla çıxış etmişdi. O vaxt Prezident İlham Əliyevin bu ölkəyə “sadəcə, müqayisə üçün sizə deyə bilərəm ki, bizim azad etdiyimiz ərazilər dörd Lüksemburq ərazisinə bərabərdir. Ona görə də Lüksemburqun xarici işlər naziri yaxşı olardı öz qayğısına qalsın və bu eyhamlara son qoysun” məzmunlu çox tutarlı reaksiyasını həmin dövlətin deputatlarına da xatırlatmaq yerinə düşər.

Seçilən
1
1
yenigundem.az

2Mənbələr