Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Xanməmmədli və Ramazanlı kəndlərinin sakinləri ilə səyyar görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunda RİH-nin məsul şəxsləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.
Qaçaqkənd kəndində şəhidlərin xatirəsinə inşa olunan şəhid xatirə kompleksi ziyarət olunub və önünə gül dəstələri düzülüb.
İlk öncə ulu öndər Heydər Əliyevin, ərazi bütövlüyümüzün müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
İcra başçısı Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar yeni inşa olunan Qaçaqkənd-Xolqarabucaq-Xolqaraqaşlı-Xəzər kənd avtomobil yolunda yol nişanlarının və kəndlərin adlarının quraşdırılması, Qaçaqkənd kənd orta məktəbinin təmiri, özünəməşğulluq proqramı və digər məsələlər ilə əlaqədar müraciətlərini səsləndiriblər.
Vətəndaşların səsləndirdikləri müraciətlər ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə olunub və həllinin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Qeyd edək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.