"Xüsusi əməliyyatlar nəticəsində döyüş mövqelərinin dövlət sərhəd xəttinə daha yaxın yerləşdirilməsinə, ərazidəki mühüm strateji yüksəkliklərin ələ keçirilməsinə, həmsərhəd ərazinin böyük bir hissəsinin nəzarətdə saxlanılmasına nail olunmaqla düşmənin yerli sakinlərə qarşı təxribat törətmək imkanlarının qarşısı alındı. Ölkəmiz quruda 5 ölkə – Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə və İranla həmsərhəddir. Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığı dövlət sərhədini 3 sərhəd diviziyasının, 10 hərbi hissənin qüvvə və vasitələri hesabına müdafiə və mühazifəsini təmin edir. Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının əsas vəzifələri beynəlxalq terrorçuluğa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa, zəhərli, radioaktiv, partlayıcı maddələrin, odlu silah və döyüş sursatının, digər kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə və dövlət sərhədinin mühafizəsidir"
Bu fikirləri Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini-Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov "XQ"-ə açıqlamasında dedi.
General-leytenant bildirdi ki, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığında xidmətin keyfiyyətinin artırılması üçün kadr hazırlığına xüsusi diqqət yetirilir, bu məqsədlə DSX Akademiyasında sərhədçi zabit kadrlarının hazırlanır, bununla yanaşı digər təyin olunmuş təlim-tədris mərkəzlərində kurslar təşkil olunur. Bunun nəticəsində Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının komandanlığı fəaliyyətə başladığı 2017-ci ildən hal-hazırki dövrədək dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili zamanı görülmüş təxirəsalınmaz əməliyyat tədbirləri və sərhəd naryadlarının ayıq-sayıqlığı nəticəsində 1636 nəfər sərhəd pozucusu, 1021 nəfər rejim pozucusu saxlanılaraq müvafiq dövlət orqanlarına təhvil verilib. Eyni zamanda qarşılıqlı əlaqədə olaraq qaçaqmal və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində aşkar edilərək götürülmüş narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə çərçivəsində ümumi çəkisi 6 ton 928 kq narkotik vasitə və 533 min 406 ədəd psixotrop həb aşkar edilərək qeyri-qanuni dövriyyədən çıxarılmış və saxlanılan narkotik vasitələrin ümumi təxmini dəyəri 162 milyon 610 min 694 manat təşkil edib.
Rizvan FİKRƏTOĞLU
XQ