Noyabrın 22-də Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 106 illiyi tamam olur. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə hər il noyabrın 22-si ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Müasir Azərbaycan ədliyyəsinin təsis edilməsi Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə eyni günə - 1918-ci il mayın 28-nə təsadüf edir. Bu, Cümhuriyyətin ədliyyə fəaliyyətinə verdiyi xüsusi əhəmiyyətinin göstəricisi idi. SİA xəbər verir ki, ötən 106 ildə böyük inkişaf yolu keçən Azərbaycan ədliyyəsi mühüm nailiyyətlər qazanıb. Azərbaycan ədliyyəsinin fəaliyyətinin təkmilləşdirilməsi Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünə təsadüf edir. Belə ki, 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyinin təsis olunması bu mühüm sahənin gələcək inkişafı üçün əlverişli zəmin yaratdı. Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən köklü hüquqi islahatlar nəticəsində ədliyyə orqanlarının fəaliyyəti müasir dövrün tələblərinə uyğunlaşdırıldı, ölkəmizdə yeni üçpilləli məhkəmə sistemi bərqərar oldu.Hazırda ədliyyə və məhkəmə-hüquq islahatları Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlətimizin başçısının 2006-cı il 18 aprel tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiqlənərək ona hüquq-mühafizə orqanı statusu verilib. Habelə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 2006-cı il 26 may tarixli Qanunu qəbul olunub. Həmçinin Prezident İlham Əliyev tərəfindən "Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli Fərman imzalanıb.Azərbaycan ədliyyəsinin davamlı inkişafına dair Dövlət proqramları, Prezidentin 2017-ci il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Sərəncam, 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman ədliyyə və məhkəmə fəaliyyətində mühüm “yol xəritəsi” olmaqla, bu sahənin müasir çağırışlara uyğun inkişafını təmin edib. Habelə vətəndaşların ədliyyə orqanlarına və məhkəmələrə əlçatanlığının asanlaşdırılmasına, onlara keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə, rəqəmsal innovasiyaların tətbiqinə geniş imkan yaradıb.Ədliyyə Nazirliyi tərəfindən aparılan mütərəqqi islahatlar davamlı xarakter alıb. Bu gün əhaliyə onlarla elektron ədliyyə xidmətləri göstərilir, rəqəmsal innovasiyalar, mobil tətbiqlər təqdim olunur. Azad olunmuş ərazilərdə səyyar ədliyyə xidmətləri təşkil edilir.Ədliyyə Nazirliyi qanunların təkmilləşdirilməsində fəal iştirak edir, eləcə də əhalinin, sahibkarlıq sahəsində yoxlamaların və qüvvədən düşmüş sənədlərin reyestrlərini aparır. Vətəndaşlıq vəziyyəti aktlarının, qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatını həyata keçirir, penitensiar sistemə rəhbərlik edir, ədalət mühakiməsi əleyhinə və bir sıra digər cinayətlər üzrə ibtidai istintaqın aparılmasını, notariat fəaliyyətini, məhkəmə ekspertizalarının keçirilməsini, məhkəmələrin və digər orqanların qərarlarının icrasını və probasiya nəzarətini təmin edir. Bütün bunlar ədliyyə orqanlarının cəmiyyətdə rolu və əhəmiyyətini göstərməklə nazirliyin çoxşaxəli fəaliyyət sahələrinin arxasında genişhəcmli konkret işlərin dayandığını göstərir.Hazırda ədliyyə sistemi müasir İKT-lərin tətbiqi ilə inkişaf edir, ədliyyəyə əlçatanlığın təmini məqsədilə innovativ həllərdən geniş istifadə edilir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ədliyyə sistemində aparılan islahatlar çərçivəsində vətəndaş məmnunluğunun təminatına yönələn müxtəlif ədliyyə xidmətlərinin rəqəmsal platformalarda eyni vaxtda, vahid mənbədən və məsafədən göstərilməsi müasir innovativ xidmət - Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng (“ƏN TEZ”) xidmət platforması yaradılıb.Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı hərraca çıxarılan əmlakların satışı prosesində şəffaflığın, operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə elektron hərrac portalı istifadəyə veriləcək.Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ədliyyə islahatları çərçivəsində, eləcə də penitensiar xidmətin fəaliyyəti təkmilləşdirilir, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının etibarlı təmin olunması, saxlanma şəraitinin yaxşılaşdırılması, cəmiyyətə reinteqrasiyası məqsədilə infrastruktur müasirləşdirilir. Ötən dövrdə Bakıda yeni istintaq təcridxanası, yetkinlik yaşına çatmayanlar və qadınlar üçün müasir penitensiar müəssisələr istifadəyə verilib. Son illər ərzində ölkənin müxtəlif bölgələrində yeni, müasir tələblərə cavab verən penitensiar komplekslərin inşasına xüsusi diqqət yetirilir. Dövlətimizin başçısı həmin müəssisələrə şəxsən baş çəkərək yaradılan şəraitlə tanış olub. Eyni zamanda, Naxçıvanda və Şəkidə də belə komplekslər tikilib. Lənkəranda yeni inşa edilmiş və hər cür zəruri şərait yaradılmış müasir penitensiar kompleksi bu il istifadəyə verilib. Qərb bölgəmizdə - Gəncə şəhərində də inşası davam etdirilən böyük istintaq təcridxanası olmaqla oxşar penitensiar kompleks inşa olunmaqdadır. Bu tədbirlər çərçivəsində ötən il noyabrın 17-də Bakının Umbakı qəsəbəsində yeni inşa edilmiş qarışıq rejimli müasir penitensiar kompleksi istifadəyə verilərək geniş ictimaiyyətə təqdim olunub.Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə ədliyyə orqanları ordumuzla həmrəylik nümayiş etdirərək dəstək göstərib, ədliyyə işçiləri və hakimlər hərbi əməliyyatlarda fəal iştirak edib. Onlar Ermənistanın müharibə cinayətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində məqsədyönlü iş aparıblar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta