"Putin heç zaman Trampla ciddi münasibətlər qurmayacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov ABŞ-ın seçilmiş prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə Çinə qarşı birləşib, Ukraynanı qurban verməsi ehtimalını şərh edərkən deyib.
Əlimusa İbrahimovun fikrincə, Rusiyanın düşdüyü vəziyyət onun istənilən ölkə ilə müttəfiqliyinə münbit şərait yaradır.
"Yəni bu gün Kreml müharibənin öz istədiyi şərtlər altında bitməsi üçün istənilən dövlətlə danışıqlara getməyə hazır kimi görünür. Çünki müharibənin uzanması Kreml üçün yaxşı heç nə vəd etmir. Qərb və ABŞ isə Ukraynanı qurban versələr də belə, itirdikləri heç də qlobal ölçüdə olmayacaq".
Ekspertə görə Rusiyanın müharibədə məğlub olması isə onun dünyanın aparıcı dövlətləri xəritəsindən silinməsilə nəticələnəcək:
"Məhz, bu arqumentlərə görə Rusiya müharibəni bitirmək istəyir. Amma bu sonluq onun məğlub olması deyil, ən azından işğal etdiyi Ukrayna torpaqlarını əlində saxlamaq hesabına baş verməlidir".
Həmsöhbətimiz Putinin Çinə qarşı Trampla birləşəcəyi ehtimalına inanmır:
"Bütün hallarda Rusiyanın ABŞ və ya onun yeni prezidenti Trampla yaxınlaşmaya gedərək Çinə qarşı ittifaq yaratmaq hesabına müharibəni bitirməsi ehtimalı gözlənilən deyil. Çünki nəzərdə tutulan Tramp-Putin sövdələşməsi Çindən sonra Rusiyanın da sıradan çıxarılması ilə nəticələnə bilər. Bu hipotezi yaddan çıxarmayan Putin heç vaxt Trampla ciddi münasibətlərə girməyəcək. Bu baş verməyəcək".
Qeyd edək ki, ABŞ-ın yenidən Ağ Evə qayıtmağa hazırlaşan Tramp birinci prezidentlik dövründə Çinə qarşı kəskin siyasətilə seçilirdi. Gözlənilir ki, bu dəfəki hakimiyyəti dövründə də Tramp anoloji siyasəti davam etdirəcək. Belə ki, Çinin güclənməsi Vaşinqtonun maraqlarına cavab vermir. Bu müstəvidə Ukraynada müharibəni dayandıracağı vədini verən Trampın bu coğrafiyada Moskvaya bir sıra güzəştlərə getməklə, daha doğrusu Ukraynanı qurban verməklə, Putini Pekinə qarşı mübarizədə öz tərəfinə çəkməyə çalışa da bilər.
Rüfət Sultan